"Bu, iki ölkə arasında əsl dostluğun nümunəsidir..."

Belarus Prezidentinin Füzuliyə və Şuşaya səfəri iki ölkə arasında əsl dostluğun nümunəsidir

Belarus Prezidenti Aleksandr Lukaşenkonun ölkəmizə dövlət səfəri iki ölkə arasında müxtəlif sahələri əhatə edən münasibətlərin inkişafı baxımından mühüm əhəmiyyətə malikdir. Səfər çərçivəsində keçirilən görüşlər zamanı səsləndirilən fikirlər, aparılan müzakirələr tərəflər arasında strateji tərəfdaşlığa və qarşılıqlı etimada əsaslanan münasibətlərin uğurla inkişaf etdiyini təsdiqləyir.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, bu fikirləri açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

O bildirib ki, Belarus Prezidentinin dövlət səfəri əlaqələrimizin inkişafına böyük təkan verəcək. Azərbaycan ilə Belarusun strateji tərəfdaş və dost ölkələr olduğunu vurğulayan S.Fətəliyeva ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlığın böyük potensialı olduğunu qeyd edib.

Deputatın sözlərinə görə, Azərbaycan-Belarus əlaqələrinin dinamikasına nəzər saldıqda aydın olur ki, müxtəlif sahələri əhatə edən bu münasibətlər qarşılıqlı faydalı əməkdaşlığa əsaslanır, uğurla inkişaf edir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan və Belarus arasında müzakirə olunan məsələlərin hamısı kifayət qədər konkret xarakter daşıyır. Ölkələrimiz arasında maşınqayırma da daxil olmaqla, sənaye kooperasiyası, birgə istehsal, həmçinin hərbi-sənaye kompleksi, kənd təsərrüfatı, nəqliyyat sahələri üzrə əlaqələrin inkişafı perspektivlərinin müzakirə olunması münasibətlərin sonrakı mərhələsi üçün mühüm əhəmiyyət daşıyır.

Belarusun Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəklədiyini vurğulayan S.Fətəliyeva deyib: “Prezidentlərin görüşündə postmünaqişə dövründə Cənubi Qafqaz regionunda vəziyyət də müzakirə olundu. Dövlətimizin başçısı Belarus şirkətlərini Qarabağ və Şərqi Zəngəzur bölgələrinin bərpasında fəal iştiraka dəvət etdi. Çünki Prezident İlham Əliyevin də vurğuladığı kimi, Belarusun çox yaxşı şəhərsalma təcrübəsi, müasir texnologiyaları, aqroşəhərciklərin tikintisi təcrübəsi vardır. A.Lukaşenko da öz növbəsində Belarus şirkətlərinin işğaldan azad edilmiş ərazilərin bərpasında yaxından iştirak etməyə hazır olduğunu bildirib. O, Azərbaycan ilə Belarus xalqları arasında dərin hörmət və sıx münasibətlərin olduğunu vurğulayıb”.

Sevinc Fətəliyeva qeyd edib ki, Belarus Prezidentinin işğaldan azad edilmiş Füzuliyə və Şuşaya səfəri xüsusi vurğulanmalıdır: “Aleksandr Lukaşenkonun Füzuli və Şuşa şəhərlərinə səfəri iki ölkə arasında əsl dostluğun nümunəsidir. Azad olunmuş ərazilərin bərpasında Belarusun da iştirak etmək istəyi məmnunluq doğurur. Eyni zamanda, səfər çərçivəsində tərəflər arasında bir sıra sazişlərin imzalanması qarşılıqlı münasibətləri daha da gücləndirəcək”.

Bütün xəbərlər Facebook səhifəmizdə