Kirayə qaldıqları evi sahibindən xəbərsiz necə satıblar? - VƏKİL AÇIQLADI
“Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən, Etibarnamə - bir şəxsin üçüncü şəxslər qarşısında digər şəxsə verdiyi vəkalət sənədidir”. Bu sözləri SİA-ya açıqlamasında vəkil Turan Abdullazadə deyib.

Turan Abdullazadə sözlərinə belə davam edib: “Etibarnamə istənilən müddətə verilə bilər. Əgər etibarnamə sənədində müddət göstərilməyibsə, onda etibarnamə, etibarnamənin təsdiq edildiyi vaxtdan etibarən 1 il müddətində yararlıdır. Təsdiq edilmə tarixi göstərilməyən etibarnamə əhəmiyyətsizdir. Yəni adından da göründüyü kimi etibarnamə mülkiyyəti təsdiq edən sənəd deyil, vəkalət sənədidir. Bu nə anlama gəlir? Bu o anlama gəlir ki, etibarnamə verilən şəxs hətta etibarnamə verən şəxsin mənzilini satsa belə həmin mənzilin satışından əldə olunmuş pulu evin keçmiş mülkiyyətçisinə və ona etibarnamə verən şəxsə gətirib verməlidir. Əgər bunu etmirsə, buna dələduzluq əməli kimi qiymət də vermək olar. Çünki başqasının etibarından sui-istifadə etməklə qanunsuz yolla əmlak və ya əmlak hüquqları əldə olunur. Vətəndaşlar bu məsələdə olduqca diqqətli olmalıdırlar. Etibarnamə verdikləri şəxsin həqiqətən də etibarlı və vicdanlı adam olmasına diqqət yetirməlidirlər. Bəli etibarnamə əsasında mənzil satıla və ya alına bilər. Ancaq etibarnamə alıb tapşırıq əsasında iş görən adam etibarnamə ilə özü üçün mənfəət, gəlir əldə edə bilməz. Bu artıq açıq-aşkar dələduzluqdur.
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinə əsasən, Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə— külli miqdarda ziyan vurmaqla törədildikdə - beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB