"Mentaliteti dəyişmək asandır" - SOSİOLOQ DANIŞDI

"Hər bir millətin özünəməxsus səs tembri, davranışı, psixoloji xüsusiyyətləri var və onları dəyişmək çətindir. Bunlar ölkənin milli kodudur. Amma mentalitet dayanıqlı vərdişdir". Bu sözləri SİA-ya açıqlamasında sosioloq Əhməd Qəşəmoğlu deyib.

Onun sözlərinə görə, mentaliteti dəyişmək mümkündür: "Bunun asan yolları, xüsusi texnologiyası var. Baxmalıyıq ki, bu mentalitet nəyə xidmət edir. Bu baxımdan mentaliteti iki qrupa ayırmaq lazımdır. Elə mentalitet cəhətlər var ki, onlar bizim tərəqqimizə, xalqın inkişafına mənfi təsir göstərir. Bəziləri isə inkişafa müsbət təsir edir. Bir şey ki millətin fiziki sağlamlığına ziyan vurur, mənəvi zənginləşməsinə, əməyə yaradıcı münasibətin formalaşmasına mane olur, onları dəyişmək lazımdır. Əksinə, bunların inkişafına kömək edən mentaliteti isə daha da təkmilləşdirməliyik".

Sosioloq sözlərinə davam edərək bildirib ki, ümumilikdə adət-ənənələrimizə soyuqluq məsələsinə gəldikdə, qeyd etməliyik ki, biz gənclərimizlə normal işləmirik: "Uşaqlar dünyaya gəldiyi andan 6 yaşına qədər onların təlim-tərbiyəsi ilə məşğul olmalıyıq. Eyni zamanda, məktəb vaxtı da uşaqlara diqqət ayırmalıyıq. Bu sahədə böyük boşluq var. Gənclər başlı-başına qalıb. Bizim ciddi elmi-tədqiqat mərkəzlərimiz olmalıdır, tövsiyələr hazırlanmalı və dövlətə təqdim olunmalıdır. Bu təminat isə bizdə yoxdur. Ona görə də məsələlərə baxış bucağında böyük bir anlaşılmazlıq və kortəbiilik yaranır".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə