Soyuq havalar insan psixologiyasına nə təsir edir? - PSİXOLOQ ŞƏRH ETDİ

"Çox vaxt mövsümi dəyişikliklərlə əlaqədar insanlar həm psixoloji, həm də fiziki cəhətdən özlərini narahat hiss etdiklərini bildirirlər. Xüsusilə qış aylarında insanların həyatının hər sahəsində neqativlərin artdığını müşahidə edirik. İstər iş həyatı olsun, istər şəxsi, istərsə də sosial həyatı olsun, soyuq havalarda insanlar mənfi təsirlənir". Bu sözləri SİA-ya açıqlamasında Psixoloq Fəridə Şərifova bildirib.

Psixoloq qeyd edib ki, məsələn,hamımızın rastlaşdığı adi bir nüans, artıq insanlar üçün səhər şirin yuxudan durmaq, isti yataqdan çıxmaq çətinləşib. Belə olanda insanlar işə və ya gedəcəkləri yerlərə gecikməyə başlayırlar və buda öz növbəsində həyəcan, aqressiya hallarının artmasına gətirib çıxarır. Mövsümi keçidlərdə yuxu rejiminin pozulması ilə əlaqədar olaraq diqqət dağınıqlığı da çox görülməyə başlayır.

Əksər insanlar hava tutqun və buludlu olanda özlərini pis hiss etdiklərini, açıq və günəşli olduqda isə daha yaxşı hiss etdiklərini söyləyirlər. ABŞ-da bununla bağlı araşdırma aparılıb və sübut olunub ki, gün işığı bizim əhvalımıza əsaslı şəkildə təsir göstərir. Yəni, əsas məsələ hava şəraitindən daha çox yetəri qədər günəş işiğı alıb almamağımızdadır. Çünki araşdırmalar gün işığının insan orqanizmində serotoninin artmasında təsirli olduğunu vurğulayır. Serotonin əhval-ruhiyyəyə təsir edən vacib bir bioloji fəal maddədir, onu xoşbəxtlik hormonu da adlandırmaq olar. Serotonin kifayət qədər ifraz olunursa, bu, insanın əhval-ruhiyyəsinə müsbət təsir göstərir; daha sağlam yuxuya, sağlam bir zehnə və diqqətin güclənməsinə kömək edir. Bu hormonun yoxluğu davamlı yorğunluq, pessimist düşüncələr, yuxu problemləri, güclü narahatlıq, həm kişilərdə, həm də qadınlarda cinsi istəyin azalması və insanın özünü daim bədbəxt hiss etməsinə səbəb olur.
Qapalı havanın bizi pis hiss etdirməsinin səbəblərindən biri də belə havalarda sosial fəaliyyətlərin məhdudlaşmasıdır. İnsanlar soyuq, yağışlı havalarda daha çox evdə qalmağa meyl edir və ya işdən kənar, hansısa sosial məşğuliyyətlərə qarşı istəksiz olur. Bu da insanda təkliyə, motivasiya düşkünlüyünə yol açır. Bu baxımdan gün işığı çox vacib bir mənbədir.
Və bildiyimiz kimi, qışda günlər qısa olur. Günəş gec çıxıb tez batdığından günorta vaxtı qısalır və insanın kifayət qədər gün işığı almamasına səbəb olur. Buna görə də qışda depressiyalara daha çox rast gəlinir. Qapalı yerdə çox qalmaq, eyni zamanda azalan serotonin ehtiyacı beynin qidalanma funksiyalarına da təsir etdiyi üçün insan daha çox yeyir, yüksək kalorili qidalara üstünlük verir ,bu da ciddi çəki problemlərinə səbəb olur. Qış aylarında yorğunluq, oynaq ağrıları, baş ağrıları və yuxu problemləri daha tez-tez baş verir.
Ona görə də mütəxəssislərin tövsiyəsi odur ki, soyuq qış günlərində və ya yağışlı və buludlu havaların hökm sürdüyü payız fəslində gördüyünüz günəşi dərhal qucaqlayın,ondan faydalanın. Sosial münasibətlərə, qidalanma və yuxu rejiminə diqqət edin. İnanın, hətta 20 dəqiqəlik məşq də özümüzü yaxşı hiss etməyə kömək edəcək.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə