"Qəzetlərin dili monitorinq aynasında" adlı tədbir keçirilib - YENİLƏNİB - FOTOLAR
Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzində "Qəzetlərin dili monitorinq aynasında" adlı tədbir keçirilib. SİA xəbər verir ki, 7 qəzetdə aparılmış monitorinqin nəticələrinin ictimaiyyətə açıqlanması məqsədilə keçirilən tədbirdə Monitorinq Mərkəzinin Müşahidə Şurasının sədri akademik Möhsün Nağısoylu, AMEA Nəsimi adına Dilçilik İnstitutunun baş direktoru professor Nadir Məmmədli, İnstitutun şöbə müdiri dosent Kifayət İmanquliyeva, aparıcı elmi işçisi Sevinc Məmmədova, həmçinin dilçi alimlər, qəzet redaktorları və media nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Monitorinq Mərkəzinin direktoru, professor Sevinc Əliyeva azad söz və mətbuatı demokratik cəmiyyətin və dövlətin göstəricisi kimi səciyyələndirərək təqribən 150 il əvvəl əsası qoyulmuş milli mətbuatımızı özünüdərk və milli oyanışın ifadəsi adlandırıb. Professor S.Əliyeva bildirib ki, bu gün Azərbaycanda yüzlərlə mətbu orqan qəzet və jurnal fəaliyyət göstərir, klassik mətbuat nümunəsi olan qəzetlər funksionallığını dəyişərək xəbər çatdırmaqla yanaşı, təhlil, araşdırma, əyləncə xarakterli yeni məzmun və formaya sahib yazılar da təqdim edir. Cəmiyyətdə baş verənləri gecikdirmədən, operativ şəkildə ictimaiyyətə çatdıran qəzetlər əksər halda yeni yaranan anlayışlarla bağlı söz və ifadələrin də mənbəyi kimi çıxış edir. Məhz bu baxımdan müxtəlif insanların tribunası olaraq fərqli mövqe və maraqları əks etdirmək missiyasını üzərinə götürən qəzetlər dilin daşıyıcısı kimi ədəbi dil normalarının qorunmasına mütləq riayət etməlidir. Natiq qeyd edib ki, gündəlik çap mediası olan qəzetlərdə doğma dilimizin tətbiq səviyyəsinin müəyyən edilməsi məqsədilə aparılmış monitorinqin nəticələri "Qəzetlərin dili monitorinq aynasında" adlı hesabatda öz əksini tapmışdır. Fikrini hesabatda əks olunan nümunələrə istinadən ümumiləşdirən natiq bildirmişdir ki, Azərbaycan dilinin tətbiqi ilə bağlı real vəziyyəti əks etdirən dil faktları və statistik göstəricilər çap mediasında ciddi nöqsanların olduğunu deməyə imkan verir.
"Qəzetlərin dili monitorinq aynasında" adlı məruzə ilə çıxış edən Mərkəzin baş mütəxəssisi Mətanət Xudiyeva monitorinq nəticəsində qeydə alınmış 2500 dil faktından 1769-nun hesabata daxil edildiyini, 744 orfoqrafik, 170 leksik. 334 qrammatik. 521 üslub və ifadə səhvinin müəyyənləşdirildiyini nəzərə çatdırmışdır. Aşkar edilmiş nöqsanları təhlil edən M.Xudiyeva səhvlərin daha çox müsahiblərin nitqlərinin redaktə olunmadan verilməsi, qeyri-müəyyən başlıqlar, abreviaturların, vəzifə və rütbə adlarının yazılışında orfoqrafik normanın pozulması, mürəkkəb adların yazılışında çoxvariantlılıq, durğu işarələrinin düzgün tətbiq edilməməsi və s. şəkildə müşahidə olunduğunu vurğulamışdır.
Aşkar edilən faktların əyani şəkildə təqdimatı ilə davam edən müzakirədə fəal iştirak edən qonaqlar mətbuatda gedən proseslərlə bağlı fikir və qənaətlərini bölüşmüşlər. Müzakirədə bildirilmişdir ki, kütləvi informasiya vasitələrinin dili Azərbaycan dilinin mövcud praktik vəziyyətini və inkişaf sürətini müəyyənləşdirir.
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB