Aqrar sahədə rəqəmsal transformasiya trendləri

Aqrar sektorunun rəqəmsallaşdırılması genetika və seleksiyadan tutmuş hazır məhsulların paylanmasına qədər bütün dəyər zəncirini əhatə edir. Rəqəmsal kənd təsərrüfatı - maşın görmə, əşyaların interneti, böyük
verilənlərin təhlili və süni intellekt, bulud hesablamaları, avtomatlaşdırma və robototexnika, yerin səthinin uzaqdan zondlanması kimi texnologiyalara əsaslanır. Onların hamısı uzun müddətdir ki, aqrar-sənaye kompleksində, o cümlədən bəzi elementləri Azərbaycanda da istifadə olunur.

Müasir rəqəmsal həllərin çoxlu sayda olmasına baxmayaraq istifadəsindən əhəmiyyətli effektlərin əldə edilməsi onların yalnız inteqrasiya olunmuş tətbiqi ilə mümkündür. Aqrar-sənaye kompleksində rəqəmsal
texnologiyalardan istifadə məhsuldarlığı artırmağa, sərf olunan əməyi və resurs xərclərini optimallaşdırmağa, kənd təsərrüfatı məhsullarının istehsalının və satışının həcmini daha dəqiq proqnozlaşdırmağa, əlavə məhsuldarlığın yaradılmasının bütün mərhələlərində aqrar-sənaye kompleksində planlaşdırmanı təkmilləşdirməyə, istehsalda vəziyyətə nəzarət etmək və keyfiyyət idarəetmə sistemlərinin potensialını tam şəkildə həyata keçirmək imkanını yaradır.

Bitkiçilikdə PUA və peyklərdən sensorlar və multispektral təsvirlərdən istifadə etməklə ekologiya və ətraf mühitin vəziyyəti, torpaq, məhsulun böyüməsi və bitki örtüyü indeksi haqqında məlumatlar toplanır. Bu məlumatların təhlili bir sıra problemləri, misal üçün optimal əkin tarixlərinin müəyyən edilməsi, bitki xəstəliklərinin erkən diaqnostikası, gübrələmə və pestisidlər normalarının müəyyən edilməsi, suvarmanın idarə edilməsi və sair məsələləri həll etməyə imkan yaradır.

Trendlər arasında əşyaların interneti və məlumatların təhlili ilə birlikdə ağıllı istixanalar və ağıllı fermalar yaratmağa imkan verən robototexnikanın tətbiqi də xüsusi qeyd edilməlidir. Kənd təsərrüfatı təyinatlı torpaqların emalı və becərilməsində pilotsuz nəqliyyat vasitələrinin tətbiqi də geniş vüsət alır. Rəqəmsal kənd təsərrüfatı texnologiyalarının inkişafı üçün ən mühüm stimullardan biri kənd təsərrüfatının biolojiləşdirilməsi tendensiyası olmuşdur.

Bunun fonunda dəqiq əkinçilik, torpaqlarda pestisid yükünün azaldılması, biomüxtəlifliyin qorunması və digər həllər aktuallaşmaqdadır. Bu tendensiya iri aqlomerasiyalarda sağlam qidaya tələbatın formalaşması ilə yanaşı, kənd təsərrüfatının inkişafına təkan verməklə avtomatlaşdırılmış şaquli təsərrüfatlardan istifadə etməklə “şəhər kənd təsərrüfatı” konsepsiyasını formalaşdırır. Avropa İttifaqı ölkələrinin aqrar-sənaye kompleksinin inkişafı planları 2030-cu ilə qədər pestisidlərin tətbiqinin 50%, gübrələrin tətbiqinin 20%, o cümlədən rəqəmsal kənd təsərrüfatı texnologiyalarının tətbiqi hesabına azaldılmasını nəzərdə tutur.

Qlobal ərzaq bazarlarının inkişafında mühüm trend rəqəmsal texnologiyalardan istifadə etməklə yüksək marjalı məhsulların istehsalının artırılmasıdır. Bu sahədə əsas tendensiyalar arasında ağıllı təchizat
zəncirlərinin qurulması, fərdiləşdirilmiş qidalanma istehsalının artımı, alternativ xammal və məhsullar (bitki və süni zülallar, bioyanacaq və s.) bazarlarının inkişafını qeyd etmək lazımdır.

Kənd təsərrüfatı biznesinin gənclər arasında artan populyarlığı və aqrar sektora (bizneslə məşğul olmaq istəyənlər üçün, misal üçün, baytarlıq, aqronomluq və digər ixtisaslar üzrə) qeyri-profil investorların cəlb edilməsi “Farming-as-a-Service (FaaS)” – konsaltinq və aqrar sahədə tam autsorsinq konsepsiyasının yaranması üçün stimul oldu. Mobil proqramlar əsasında tövsiyyə sistemləri və virtual köməkçilər fermerlər arasında geniş yayılmaqdadır.

Rəqəmsal texnologiyalar kənd təsərrüfatı biznesinin ən vacib problemlərindən birini - məhsullar üçün effektiv marketinq kanallarının formalaşdırılmasını həll etməkdə də köməklik edir. Bütün dünyada bazarların inkişafı ərzaq və kənd təsərrüfatı məhsullarının (həm B2B, həm də B2C) onlayn ticarətinin həcminin kəskin artmasına səbəb olmuşdur. Bununla belə, aqrar-sənaye kompleksində rəqəmsal texnologiyaların tətbiqi bir sıra amillərə görə o qədər də əlçatan ola bilmir. Çətinliklər əsasən kiçik biznes üçün rəqəmsal həllərin bahalı olması və bəzən onların alt sektorlarının konkret rəqəmsal tapşırıqlarına uyğunlaşdırılmamasıdır. Eyni zamanda problemlər arasında kənd təsərrüfatı və ixtisaslı kadrların kəskin çatışmazlığı da qeyd edilməlidir.

Azərbaycan aqrar-sənaye kompleksinin bir sıra seqmentləri üzrə regional bazarlarda lider mövqe tutur: tərəvəzçilik, bağçılıq məhsulları və sair. Yerli kənd təsərrüfatı istehsalçıları həm daxili istehlak üçün, həm də
ixracyönümlü sahələrdə məhsulların əlavə dəyərini artırmağa çalışırlar. Bu vəziyyət bütün istehsal zəncirində qabaqcıl rəqəmsal texnologiyaların tətbiqi əsasında istehsal proseslərinin yenidən qurulmasını tələb edir. Yerli kənd təsərrüfatı sənayesinin rəqəmsal transformasiyası biznesdən təkcə yeni texnoloji və idarəetmə həllərini fəal şəkildə tətbiq etməyi deyil, həm də hökumət platformalarını inkişaf etdirməyi və kənd təsərrüfatı istehsalçılarının rəqəmsal səriştələrini genişləndirməyi tələb edəcək.

Dr. Emin Əliyev

Bütün xəbərlər Facebook səhifəmizdə