Zəhərli göbələyi necə tanımaq olar? - AİB SƏDRİ AÇIQLADI

“Göbələk riskli qida hesab olunur. Torpaq bütün sərvətlərin mənbəyi olduğu kimi, eyni zamanda, ən təhlükəli bakteriyaların mənbəyidir”. Bu fikirləri SİA-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib.

AİB sədri qeyd edib ki, göbələyin üç mindən çox növü var: “Dünyanın müxtəlif yerlərində minlərlə göbələk bitir. Son iyirmi ilə yaxındır ki, Azərbaycanda göbələk sənaye üsulu ilə istehsal olunur. Lakin bununla belə təbii şəraitdə yetişən göbələklər də bazarda satışa çıxarıldığının şahidi oluruq. Nisbətən təbii şəraitdə yetişən göbələk daha risklidir. Göbələk təkcə onun növünə görə deyil, eləcə də saxlanılma şəraitinə görə də təhlükəli və zəhərli ola bilər. Zəhərlənmə halları əsasən göbələklə bağlı olur. Bizim də qidalandığımız göbələklər riskli ola bilər və bunun nəticəsində də zəhərlənmə baş verər. Sənaye üsulu ilə hazırlanan göbələklərin riski az olur. Mən şəxsən göbələk qidası nə qədər zərərsiz və təmiz olsa da, bu kimi yeməklərdən uzaq qalıram. Azərbaycanda meşə göbələklərinə üstünlük verilir. Hətta bununla bağlı paylaşımlar belə olunur, bunun nəticəsində də insanlar meşələrə göbələk yığımına belə gedirlər. Meşədə yetişən göbələklər isə riskli növ hesab olunur. Xalq arasında sənaye üsulu ilə hazırlanan göbələyə isə “paşa” göbələyi deyilir. Meşə göbələyini isə tanımaq çox çətindir. Ona görə də vətəndaşlarımıza müraciət edərək bildirmək istərdim ki, tanımadıqları göbələkləri yığaraq, istehsal etməyə cəhd göstərməsinlər”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə