Bəhrəm Bağırzadə: “Hərdən düşünürəm ki, kaş 16-17 yaşımdan ibadətə başlayaydım”

Bəhrəm Bağırzadə: “Hərdən düşünürəm ki, kaş 16-17 yaşımdan ibadətə başlayaydım”

"Planeta Parni iz Baku" KVN teatrının aktoru olan Bəhrəm Bağırzadə gümrahlığının sirrini açıqlayıb. SİA-ya danışan aktyorun sözlərinə görə, buna səbəb onun dinə yaxın olmasıdır: "Belə gümrah olmağımın səbəbini Allaha sığınmağımda - ibadətə gəlməyimdə görürəm. 12 il bundan qabaq ibadətə başlamışam. 2001-ci ildə isə Həcc ziyarətində olmuşam. Allah hamıya nəsib etsin. Atam, anam imanlı insanlar olsalar da ibadət etməyiblər. Amma onların babaları ibadət əhli olublar. Hətta nənəmin atası Şamaxı məscidinin əfəndisi kimi fəaliyyət göstərib".

Bəhrəmin sözlərinə görə, namaza ilk başlayan vaxtlarda onun üçün bir az çətin olub: "Sözün düzü, ilk illər mənim üçün bir qədər çətin oldu. Amma bunu büruzə vermədim. Hətta haqqımda müxtəlif söhbətlər də uydurdular. Belə ki, bəziləri namaz əhli olmağımı dəblə ayaqlaşmağım kimi yozmağa çalışdılar. Amma sonradan gördülər ki, Allaha sığınmaq artıq Bəhramın həyat tərzinə, həyat çərçivəsinə çevrilib. Beləcə, söz-söhbətlər də getdikcə aradan qalxdı. Düz 12 ildir ki, lüzumsuz işlərə baş qoşmuram. Siqaretdən, içkidən uzağam. Əgər baş qoşsaydım, başqa yolun yolçusu olardım. Bir sözlə, Allah-Təalanın Quranda buyurduğu qanunlara ciddi riayət etməyə çalışıram. Buna görə mən Yaradana borcluyam. Bir də ən əsası bu ibadətdən elə rahatlıq tapdım ki... Hərdən düşünürəm ki, kaş 16-17 yaşımdan ibadətə başlayaydım. Əgər başlasaydım, daha çox uğurlara imza ata bilərdim. Vaxtımı boş şeylərə sərf etməzdim".

Bütün xəbərlər Facebook səhifəmizdə