"Azərbaycanın siyasi, hərbi qüdrəti qarşısında heç bir qüvvə duruş gətirə bilməz" - SİYASİ EKSPERT ŞƏRH ETDİ
“Son günlər Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanla sərhəd ərazilərində mütəmadi hərbi təxribatlar törətməsi vəziyyəti gərginləşdirmək və bununla hansısa siyasi üstünlük əldə etmək məqsədi daşıyır. Məlumdur ki, Ermənistanın hərbi siyasi rəbhərliyi bu təxribatları xarici dairələrə güvənərək törədir və böyük səhv edir”. Bu sözləri SİA-ya açıqlamasında Trend BİA-nın Baş direktor müavini, siyasi ekspert Sahil Kərimli deyib.
Onun sözlərinə görə, Azərbaycan ordusu düşmənin bütün təxribatlarının qarşısını qətiyyətlə alır və bundan sonra da belə olacaq: “Görünən odur ki, Ermənistan bundan əvvəlki dərslərdən ciddi nəticə çıxara bilməyib. Rəsmi İrəvan odla oynamaqda davam edir və özünü daha böyük faciələrə doğru sürükləyir. Çünki, Prezident İlham Əliyevin də dediyi kimi, Azərbaycanın səbri tükənməz deyil. Bu kimi təxribatların davam edəcəyi təqdirdə düşmən daha ağır zərbələr alacaq. Azərbaycan genişmiqyaslı əks həmlə tədbirlərinə başlayarsa, aydın məsələdir ki, havadarları ona kömək etməyə cəsarət göstərməyəcək. Azərbaycanın siyasi və hərbi qüdrəti qarşısında heç bir qüvvə duruş gətirə bilməz. Azərbaycan dövləti öz ərazi bütövlüyünü, toxunulmazlığını, suverenliyini qoruyur və ölkəmizin işi haqq işidir. Ermənistan 2020-ci il 10 noyabr bəyannaməsinin bütün şərtlərinə tam əməl etməyənə, Azərbaycanla münasibətləri normallaşdırıb sülh müqaviləsinə imza atmayana qədər qarşısında hər zaman ordumuzun gücünü görəcək. Ermənistan rəhbərliyi anlamalıdır ki, atəşkəsi pozmaqla hansısa üstünlük əldə edə bilməz, əskinə, bu təxribatlar onlara daha baha başa gələcək, yeni böyük itkilərlə üzləşəcəklər”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB