Bu gün xalqımız böyük sevinc və qürurlu günlərini yaşayır. 8 noyabr 2020-ci il... 30 il əvvəl yaşanan vətən həsrətinə, nisgilinə 2020-ci il 8 noyabrda son qoyuldu Bu tarix Qarabağa qovuşduğumuz tarixdir! Müzəffər Ordumuz 44 gün ərzində döyüş meydanında gücünü göstərdi və qəhrəmanlıqla savaşaraq qələbə qazandığı gün. Ali Baş Komandanımız, Prezident İlham Əliyevin "Dəmir yumruq" əməliyyatı ilə xalqımızın, ordumuzun birliyinin, həmrəyliyinin şanlı tariximizə Zəfər günü kimi yazıldığı gündür.
Sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatı, bütün cəbhəboyu ağır artilleriyadan istifadə etməklə hücuma keçməsi və birbaşa mülki əhalini hədəfə alması nəticəsində Azərbaycan Ordusu vətən uğrunda ölüm-dirim savaşına qalxdı. Ordumuz bütün dünyanın suveren Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanıdığı Dağlıq Qarabağı və ətraf rayonları düşmən işğalından azad etmək üçün Vətən müharibəsinə başladı. Elə ilk gündən düşmənin ön müdafiə xəttinin yarılması, qısa zamanda bir neçə kənd və strateji əhəmiyyətli yüksəkliklərin işğaldan azad edilməsi xalqımızın qələbə ovqatını daha da artırdı. Bütün xalq öz rəhbəri ətrafında bir yumruq kimi sıx birləşdi. Minlərlə igid oğullarımız mənfur düşmənlə vuruşmaq üçün hərbi səfərbərlik şöbələrinə axışdı. Hər kəs bacardığı qədər orduya maddi və mənəvi dəstək göstərdi. Qələbəyə doğru inamla irəliləyən qorxmaz, cəsur əsgərlərimiz Ali Baş Komandan, Prezident İlham Əliyevin "Dəmir Yumruq" siyasəti ilə Azərbaycan torpaqlarını qarış-qarış, kənd-kənd işğaldan azad etdi. 44 gün ərzində 5 şəhər, 4 qəsəbə, 286 kənd, çoxsaylı strateji yüksəkliklər işğaldan azad olundu, Silahlı Qüvvələrimiz Cəbrayıl, Qubadlı, Zəngilan, Füzuli rayonlarını, Xocavəndin böyük hissəsini, Laçın rayonunun kəndlərini işğaldan azad etdi. Uzun illərdən sonra doğma torpaqlarımızda yenidən üçrəngli şanlı bayrağımız ucaldıldı. Və bu gün ikinci ilini qeyd etdiyimiz 8 noyabr Zəfər Günü ilə bağlı dövlət başçımızın sərəncamı Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyinin, “Qarabağ münaqişəsi” deyilən bir terminin tarixə qovuşduğunun, ərazi bütövlüyümüzün təmin olunduğunun, bir sözlə, Ali Baş Komandan, Prezident İlham Əliyevin "Dəmir yumruq" əməliyyatı ilə Müzzəfər Ordumuzun rəşadətli əsgər və zabitlərimizin qəhrəmanlığının bütün dünyaya göstəricisidir. Bu Qələbə 200 illik erməni təxribatlarına verilən ən layiqli cavabdır.
Son 200 ildə ermənilər tərəfindən azərbaycanlılara, türklərə qarşı çoxsaylı təxribatlar, terror aktları, cinayətlər həyata keçirilib. Uşaq, qadın demədən xalqımıza qarşı soyqırımı gerçəkləşdirilib. Xocalı və mart soyqırımları buna nümunədir. Lakin bu 200 ilin yekununda ordumuz Ali Baş Komandanın rəhbərliyi altında düşmənə elə bir zərbə vurdu ki, son 200 ilin qisasını düşməndən aldı. Ermənistan məcburiyyət qarşısında kapitulyasiyaya imza atmağa məcbur oldu. Buna görə də 8 noyabr Zəfər Günü böyük qürur və sevinc hissi ilə qeyd ediləcək.
Ölkə rəhbərimiz, Ali baş Komandanımız İlham Əliyev xalqa müraciətdə bu böyük Qələbəni xalqına bəyan etməkdən böyük fəxarət və qürur hissi duyduğunu deyib: "Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir! Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bütün şuşalıları ürəkdən təbrik edirəm. İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür! Bu qələbəni biz döyüş meydanında qazandıq, danışıqlar masası arxasında yox”.
Bir sözlə, Ali Baş Komandanımız cənab İlham Əliyevin qətiyyəti sayəsində 8 noyabr çoxəsrlik tariximizin, mili qürurumuzun təntənəsinə çevrilən Zəfər Günü yazıldı. Bir daha Zəfər Günün mübarək, Azərbaycan xalqı, bütün türk dünyası! Zəfər Günün mübarək, Azərbaycan! Qarabağ Azərbaycandır!
FUAD HEYDƏR,
YAP Səbail rayon təşkilatının təlimatçısı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB