Rusiya lideri Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçüncü üçtərəfli görüş keçirəcəyi gözlənilir. Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov, eləcə də Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova artıq anons versələr də, görüşün dəqiq vaxtı və yeri hələ bəlli deyil. Amma bir çox mənbələrin, xüsusən də “Vedomosti” qəzetinin diplomatik mənbələrinin iddialarına görə, üçtərəfli görüş oktyabr ayının son həftəsi Soçidə baş tuta bilər və bu görüşdən gözləntilər daha böyükdür.
Diqqətə çatdıraq ki, oktyabrın 14-də MDB dövlət başçılarının görüşündə Vladimir Putin üçüncü üçtərəfli görüş barədə öz dəvətini artıq edib. “Moskva həmişə hər hansı münaqişələrin, o cümlədən Qarabağ və onun ətrafındakı məsələlərin həllinə səmimiyyətlə çalışıb. Mən Azərbaycan Prezidentini və Ermənistanın baş nazirini Rusiyada istənilən vaxt, istənilən yerdə, Soçidə, Sankt-Peterburqda, Moskvada tarixi razılaşdırmaya dəvət etməkdən məmnunam və biz müzakirə edib qərar verəcəyik", deyən Rusiya lideri gözlənilən görüşdən gözləntilərin daha böyük olacağına əminliyini ifadə edib.
Xatırladaq ki, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli formatda görüşü artıq bir neçə dəfə keçirilib və rəsmi Moskva Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması üzrə dövlətlərarası komissiyalarda həm vasitəçi, həm də məsləhətçi qismində fəal iştirak edir. Düzdür, Azərbaycan Prezidenti cənab İlham Əliyevlə, Ermənistanın baş naziri Nikol Paşinan Aİ məkanlarında olmaqla, dörd dəfə Avropa Şurasının rəhbəri Şarl Mişelin iştirakı ilə Brüsseldə və bir dəfə Fransa prezidenti Emmanuel Makron və Şarl Mişelin birgə təşkilatçılığı ilə Praqada görüşüblər. Məsələ burasındadır ki, görüşdən sonra Emmanuel Makronun sayıqlamalarını nəzərə alsaq, cəsarətlə deyə bilərik ki, sonuncu dəfə, bir il əvvəl, 2021-ci il noyabrın 26-da Soçidə keçirilən üçtərəfli görüşdən sonra baş tutan Avropa görüşlərinin ardınca yenə də üçtərəfli görüşə görünür, hansısa rakursda ehtiyac duyulub. Bir sözlə, Putin-Əliyev-Paşinyan görüşlərinin daha məhsuldar üçüncü raundunun vaxtı yetişib və bu görüşdən gözləntilər də kifayət qədərdir.
Fransa prezidenti Makronun Praqa görüşünün ardınca sərsəm fikirlər səsləndirməsi təsdiq etdi ki, Rusiyada və Avropada keçirilən Ermənistan-Azərbaycan danışıqları mahiyyət etibarı ilə tamamilə fərqlidir. Əgər Fransa prezidenti kimi bir avropalı siyasətçi, diplomat görüş ardınca uyğunsuz, həqiqətdən uzaq fikirlər səsləndirirsə, özü də ermənipərəstliyini açıq şəkildə ortaya qoyaraq ədalətsiz mövqe nümayiş etdirirsə, ikili standartlar sərgiləyirsə, deməli, həqiqətən də Rusiya məkanındakı görüşlərin mahiyyəti də fərli görünür və gözləntilər də daha böyükdür. Üstəlik, müharibədən sonra Moskva İrəvanla Bakı arasında münasibətlərin normallaşdırılmasında mərkəzi vasitəçi kimi çıxış edir və Cənubi Qafqazın tezliklə sabitləşməsində maraqlı görünür. Nikol Paşinyan Qarabağ müharibəsində Ermənistanın təslim olmasına məhz Vladimir Putinin iştirakı ilə imza atması, Rusiyanın münaqişə bitdikdən sonra bütün Ermənistan-Azərbaycan proseslərini tənzimləyən üç sazişin iştirakçısı olması və regionda nəqliyyat kommunikasiyalarının açılması komissiyasında tamhüquqlu tərəf kimi fəaliyyət göstərməsi bu ölkənin Cənubi Qafqazın tezliklə sabitləşməsində maraqlı olduğunu isbatlayır. Deməli, Rusiya Ermənistanın düşmənçiliyi arxada qoymasını və bundan sonra Cənubi Qafqazda sülh şəraitinin yaranmasına çalışır və görünür ki, Azərbaycanla Ermənistan arasında sülh rəsmi Moskvanın maraqlarına uyğundur. Elə buna görə də növbəti, üçüncü üçtərəfli görüşdən böyük gözləntilər var.
Təbii ki, Qərbin Cənubi Qafqazda gözlədiyi fürsət məqamları, maraqları var və bu gün Avropa İttifaqının enerji resurslarına ciddi ehtiyacı olması fonunda Azərbaycan kimi böyük qaz təchizatçısı olan regiona qayıtmağa can atması anlaşılandır. Bakı ilə sülh müqaviləsinin tezliklə imzalanması üçün Aİ-nin Ermənistan rəhbərliyinə sülh müqaviləsi bağlaması üçün göstərdiyi təzyiq də bu səbəbdəndir. Yəni, Azərbaycanın faydalı tərəfdaş, tərəf olması Avropanın sülh prosesinə tövhə vermək istəyini doğurur. Elə Praqa görüşünün ardınca Makronun, Azərbaycan qazını almaq barədə danışığının olmamasını bəyan etməsi də deyilənləri sübut edir və görünür, Fransa prezidenti hardansa qaz alacağına ümidlənib və Praqada erməni istəyini ortaya qoyacaq səsini çıxara bilməyən avropalı diplomat bu ümidlərin fonunda da görüş sonrası ürəklənib, sayıqlamağa, ikiüzlülük etməyə, həqiqətləri təhrif edərək ermənipərəstliyini ortaya qoymağa cəsarət edib. Bütün bunlardan bəlli olur ki, Avropa özünü Azərbaycan hakimiyyətinə fəal və faydalı vasitəçi kimi göstərməyə çalışır ki, qovulduğu regiona “qayıda” bilsin. Üstəlik, müharibənin başa çatması, Cənubi Qafqazın sferadan çıxmaması deməkdir və bu fonda Vaşinqton, Brüssel və Moskva arasında geosiyasi mübarizədə Qərb hər vasitəyə, xüsusilə sülh təminatçısı kimi özünü göstərmək variantına da əl atır.
Məsələ burasındadır ki, cənab Prezident İlham Əliyevlə baş nazir Nikol Paşinyan arasında Avropa platformalarında aparılan 5 raund danışıqların yeganə praktiki nəticəsi Ermənistanda Aİ-nin Monitorinq Missiyasının Azərbaycanla sərhəddə yerləşdirilməsi sayılır və xatırladaq ki, indiyədək sadəcə olaraq Gürcüstandan gətirilən 40 nəfər sərhəddə yerləşdirilib, amma bunun ilk addım olduğunu nəzərə alsaq deyə bilərik ki, bu rəqəm arta da bilər və Qərbin Cənubi Qafqaza müdaxiləsinə razı olmayan Rusiyanı da narahat edən məhz budur. “Qərbin Ukraynada işlənib hazırlanmış qarşıdurma sxemlərini açıq şəkildə ötürməyə çalışdığı Zaqafqaziyada güclənən həyəcanverici tendensiyalardan narahat olmaya bilmərik” deyə Mariya Zaxarovanın vurğulaması da deyilənləri təsdiq edir. Təsdiq edir ki, Rusiya Qərbin Ermənistandakı fəaliyyətinin bütövlükdə region, eləcə də özü üçün təhlükə yaradacağından da ehtiyatlanır. Deməli, sülh şəraitinin yaranmasında, sülh müqaviləsinin imzalanmasında rəsmi Moskva, ən azında özünə görə maraqlıdır və növbəti görüşdə də buna ciddi şəkildə çalışacağı gözlənilir.
Gözləntilər həqiqətən çox böyükdür və Rusiya Xarici İşlər Nazirliyinin elan etdiyi kimi, üçüncü görüşün anonsu eyni zamanda danışıqların gündəliyi barədə də müəyyən məqamlardan xəbər verir. Bəlli olur ki, görüşdə Ermənistan-Azərbaycan nizamlanmasının ən ciddi və aktual məsələləri, o cümlədən regiondankənar qüvvələr tərəfindən müharibədən sonrakı proseslərin yumşaldılmasının qarşısının alınması müzakirə olunacaq. İstər rəsmi Moskva, istərsə də Bakı çox gözəl görür ki, İrəvan 2020-ci il 9 noyabr tarixli üçtərəfli Bəyanat üzrə öhdəliklərinin yerinə yetirilməsini ləngitmək üçün hər nəyə oldu hazırdır və bunun üçün Aİ-nin simasında özünə köməkçi də tapdığını zənn edir. Lakin görünən odur ki, Azərbaycan kimi məhz Rusiya da buna sadəcə olaraq kənardan baxmaq niyyətində deyil. Ona görə də görüş təşkil olunur və Nikol Paşinyana xatırlatmalar edilməsinə, lazım gəldikdə, öhdəliklərini erinə yetirməsinə vadar edilməsinə ehtiyac duyulur. Deməli, bütün sadalananlara istinad edərək deyə bilərik ki, Rusiya-Azərbaycan-Ermənistan arasında üçüncü üçtərəfli görüş Cənubi Qafqazın müharibədən sonrakı tarixində əsas hadisələrdən birinə çevrilə biləcək və bu baxımdan həmin görüşə olan gözləntilər də boyükdür və nikbin proqnozlar vəd edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB