Türkiyə Prezidentinin Zəngilana bu dəfəki səfəri də qardaşlığın ifadəsidir – KOMİTƏ SƏDRİ ŞƏRH ETDİ

Türkiyə Prezidentinin Zəngilana bu dəfəki səfəri də qardaşlığın ifadəsidir – KOMİTƏ SƏDRİ ŞƏRH ETDİ

Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimində iştirak etmələri qürurdoğrucu haldır və Türkiyənin həmişə Azərbaycanın yanında olduğunun parlaq ifadəsidir. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.

Komitə sədri vurğulayıb ki, bu iki qardaş ölkə daim bir-birinin yanındadır, bu birliyi heç bir qüvvə sarsılda bilməz və Türkiyə Prezidentinin Zəngilana bu dəfəki səfəri də bunu bir daha təsdiq edir.

“Bu səfər Azərbaycan dövlətinə, xalqına, cənab Prezident İlham Əliyevə göstərilən böyük qayğıdan, uğurlarımıza bəslənilən hörmətdən, Azərbaycanın böyük gələcəyinə inamdan qaynaqlanır. Bütün dünya işğaldan azad olunmuş ərazilərimizdə görülən möhtəşəm tikinti - abadlıq bərpa işlərinə və bu işlərin planlı şəkildə tez bir zamanda görülməsinə şahiddir. Zəngilan rayonu bu baxımdan xarakterikdir. Məhz birinci pilot layihə bu rayonda icra edildi. Ağalıda 200 evdən ibarət kənd salındı. Əlavə 150 evin inşa edilməsi nəzərdə tutulur. Artıq kəndin sakinləri doğma torpaqlarında məskunlaşmağa başlamışlar.

Şərqi Zəngəzur iqtisadi rayonunda Zəngilanın yeri və rolu əhəmiyyətlidir. Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası strateji əhəmiyyətə malik olmaqla regionda sərnişin və yükdaşımalarının faydalılığını artıracaqdır. Təməli qoyulan Zəngəzur- Horadiz avtomobil yolu da rayonun iqtisadi inkişafında əsaslı rol oynayacaqdır. Azərbaycan Prezidenti cənab İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Zəngilana səfəri və eləcə də ərazidə beynəlxalq hava limanının açılışı bilavasitə bu rayonun gələcək inkişafına hesablanıbdır. Dövlətimizin rəhbərinin söylədiyi kimi, işğaldan azad olunan ərazilər cənnətə çevriləcəkdir və bu real işlərdə öz əksini tapır. Həyata keçirilən mühüm layihələr, tədbirlər hər bir vətəndaşı sevindirir və gələcək böyük uğurlarımızdan xəbər verir”, deyə Tahir Rzayev bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə