Mollakratiya təhlükəsi: “müsəlman” əbasından erməni “xristianlığına” məhəbbət ANALİTİK+ÖZƏL
Bu kirli xislətə xidmət edən “5-ci kolon” üzvləri törətdikləri xəyanətlərinə görə aşkarlanaraq layiq olduqları cəzalarını almalıdırlar!
Son vaxtlar - xüsusilə Azərbaycan dövlətinin demək olar ki, bütün beynəlxalq cinahlarda yürütdüyü müstəqil siyasəti və diplomatik uğurları bir sıra bəlli siyasi dairələri və mərkəzləri təlaşlandırmaqdadır. Məhz bu xüsusda, Qərbin davranışlarındakı ermənipərəstlik xüsusiyyətləri, daha dəqiq desək, ayrı-ayrı dövlət başçılarının, onlara bağlı olan idarəçilik institutlarının paralelliyində müsəlman ölkəsi İranın da yer alması bir çoxlarını təəccübləndirməkdədir. Hansı ki, artıq burada da təəccüblü heç nə yoxdur. Bu həmin müsəlman İrandır ki, “İslam Respublikası” adı altında fəaliyyət göstərən mollakratiya rejimi ilə uzun illər Ermənistanın müsəlman Azərbaycana qarşı apardığı işğalçılıq və təcavüzkar siyasətinə istər açıq, istərsə də qapalı tərzlərdə dəstəyini ifadə edib. Daha dəqiq desək, Tehrandakı “əbalılar” bu günün özündə də ermənilərin monofizit “xristianlıqlarına” hədsiz məhəbbətlərini izhar edirlər. Bütün bunlar öz yerində və bu mövzuya daha sonra yenidən geri dönəcəyik.
.jpg)
44 günlük Vətən müharibəsindən sonra qalib Azərbaycan dövləti düşmən işğalından azad edilmiş torpaqlarımızda və bütövlükdə regionda yeni çağırışlarını bəyan etdi və onların hər birinin təməlində inkişaf, tərəqqi, çiçəklənmə, ən əsası isə sülh mesajları dayanır.
Məsələn, bu gün Şərqi Zəngəzurda aparılan nəhəng miqyaslı meqalayihələr tam sürətlə davam etdirilir və bu xüsusda dayanan daha bir faktor var. Ermənistanın kapitulyasiyasını təsdiq edən və 10 noyabr 2020-ci ildə imzalanmış n üçtərəfli bəyanat! Həmin bəyanatda əks olunan bəndlərdən biri də budur: nəqliyyat kommunikasiyalarının açılması, Azərbaycanın Qərb regionlarının Naxçıvanla birləşdirilməsinə hesablanmış Zəngəzur dəhlizinin blokadadan çıxarılması. Və hansısa “səbəbdənsə” Ermənistan üzərinə düşən öhdəliyini hələ də (!) yerinə yetirmir, üstəlik özünə “müsəlman” deyən İran dövlətinin ağayi-siyasiləri ilişib-qalmış qrammofon valı kimi “Tehran regionda sərhədlərin dəyişdirilməsinə imkan verməyəcək, bu bizim üçün qırmızı xətdir” tipli bəyanatlarını təkrarlayırlar. Üstəlik, zaman-zaman Azərbaycanla sərhədlərdə müxtəlif tipli çoxminli hərbi təlimlər keçirməklə guya “əzələ nümayişi” sərgiləyirlər (?!)
Nə əvvəlki, nə də indiki təlimlər Tehranın hərbi qabiliyyətinin heç də yüksək olmadığını da sübut edir
Artıq bu faktın özü də belə qənaətə gəlməyə kifayət qədər əsas verir ki, İranın Azərbaycanla sərhəddə keçirdiyi təlimlər anti-Azərbaycan xarakterlidir və molla rejiminin təhdid dili ilə danışmaq cəhdidir. Amma nə əvvəlki, nə də indiki təlimlər Tehranın hərbi qabiliyyətinin heç də yüksək olmadığını da sübut edir. Daha doğrusu, sözügedən təlimlər faktiki olaraq göstərdi ki, İran ordusu qeyri-peşəkar olması ilə yanaşı, həm də müasir dövrün hərbi standartlarından çox geridə qalıb. İranın bir sıra uğursuz xarici siyasəti nəticəsində ona qarşı uzun illər tətbiq olunmuş sanksiyalar da əlbəttə ki, belə yerdə öz sözünü deyir.
Bir sıra hərbi ekspertlərin apardıqları analizlərdən də belə nəticə hasil etmək mümkündür ki, İran ordusu texnoloji baxımdan 1970-ci illər səviyyəsindən o tərəfə keçmir. Təkcə təlimlərin əks olunduğu kadrlara diqqət yetirdiyimiz zaman məlum olur ki, İranın ağır texnikası köhnə tanklardan, artilleriya qurğularından və s. texnikalarından ibarətdir. Məhz bu səbəbdəndir ki, təlimlər zamanı çoxsaylı qəzalar yaşanır, hədəflər isə doğru müəyyən edilmir. Misal üçün, təlimlər zamanı zamanı hədəflərin düzgün müəyyənləşdirilməməsi, öz texnikasının hədəf götürülməsi və dağıdılması halları baş verdi.
Daha bir diqqət çəkən məqamı qeyd edək. Bu gün İranın ciddi cəhdlə təriflədiyi dronları Ukraynanın havadan müdafiə qüvvələri tərəfindən asanlıqla məhv edilir. Bununla yanaşı, bu gün İran Ukrayna şəhərlərinin, mülki əhalisinin hədəf götürülməsində birbaşa iştirak edir. Riyakarcasına inkar etməsinə baxmayaraq, molla rejimi dronlarını, mütəxəssislərini Ukraynaya qarşı hərbi əməliyyatlarda iştiraka cəlb edib. Əslində bu faktın özü kifayət qədər ciddi hərbi cinayətdir!
İlham Əliyev: “Türkiyə-Azərbaycan birliyi bölgədə çox önəmli bir amildir. Bu, sülh, sabitlik amilidir. Ancaq, eyni zamanda, əgər kimsə yenə də bizə qarşı ədalətsiz hərəkət etmək istəsə, əlbəttə ki, bu amili ciddi nəzərə almalıdır”
Və əgər Tehranın mollakratiya rejimi düşünürsə ki, Azərbaycanla sərhədlərdə hərbi təlimlər keçirir və s. bu qətiyyən Azərbaycanı qəti narahat etmir. Yeri gəlmişkən, Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla işğaldan azad olunmuş Cəbrayılda mətbuata birgə bəyanatında vurğulayıb: “Türkiyə-Azərbaycan birliyi bölgədə çox önəmli bir amildir. Bu, sülh, sabitlik amilidir. Ancaq, eyni zamanda, əgər kimsə yenə də bizə qarşı ədalətsiz hərəkət etmək istəsə, əlbəttə ki, bu amili ciddi nəzərə almalıdır”.

Rəcəb Tayyib Ərdoğan: “Naxçıvanı Azərbaycanın qərb rayonları ilə birləşdirəcək Zəngəzur dəhlizi ilə bağlı bəzi dairələrdəki qorxu və narahatlıq mənə görə reallıqdan uzaqdır
Təkcə bu qətiyyətli bəyanatdan nəticə çıxarmalı olan İran həmin mesajların təhlilini aparmalı və doğru istiqamətdə addımlarını atmalıdır. Məsələm, İran anlamalıdır ki, Azərbaycanın atdığı addımlar, o cümlədən də Zəngəzur dəhlizinin reallaşdırılması heç kimə qarşı yönəlməyib, əksinə, bölgənin inkişafına əsaslı töhfə vermək məqsədi güdür. Bunu Türkiyə Prezidenti cənab Ərdoğanın da sözügedən mətbuat konfransındakı bəyanatından sezmək çətin deyil: “Naxçıvanı Azərbaycanın qərb rayonları ilə birləşdirəcək Zəngəzur dəhlizi ilə bağlı bəzi dairələrdəki qorxu və narahatlıq mənə görə reallıqdan uzaqdır… Bu yol bölgənin sülh, əmin-amanlıq və sabitliyinə töhfə verəcəyi kimi, Xəzərdən keçməklə Şərq-Qərb, Orta Dəhliz marşrutları üzərində yerləşən bütün ölkələr üçün ticarət və sərmayə imkanları təqdim edəcək”.
Tehran rejimi bütün dövrlərdə Ermənistanın yanında olduğunu, onun maraqlarını müdafiə etdiyini öz əməlləri ilə təsdiq edib
İran isə heç bir nəticə hasil etmir və təəssüf ki, öz köhnə ənənəsinə sadiq qalaraq ermənipərəst və anti-Azərbaycan siyasətini davam etdirir. Misal üçün, o da təsadüfi deyil ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri zamanı İranın xarici işlər naziri Əmir Abdullahian da dərhal İəvana səfər etdi və bu reallıq da sübut edir ki, Tehran rejimi bütün dövrlərdə Ermənistanın yanında olduğunu, onun maraqlarını müdafiə etdiyini öz əməlləri ilə təsdiq edib. Azərbaycan torpaqları işğal altında olduğu dövrdə İran Ermənistanla siyasi, iqtisadi-ticarət, humanitar əlaqələrini inkşaf etdirib, birgə layihələr həyata keçirilib. O cümlədən, işğal altında olan ərazilərimizin talanması zamanı oradan aparılan müxtəlif tikinti materialları yalnız Ermənistana deyil, həm də İrana daşınıb və satılıb. İran rəhbərləri müntəzəm qaydada Ermənistanın Koçaryan və Sarkisyan kimi əlləri Azərbaycan xalqının qanına batmış cəllad rəhbərlərinə qucaq açıb, İran-Ermənistan dostluğu və qardaşlığı haqqında necə deyərlər, bəh-bəhlə bəyanatlar veriblər.
.jpg)
Beləliklə, 30 illik işğal dövründə İran həmin ərazilərdə Azərbaycan xalqına məxsus milli mədəni irsin dağıdılmasına, məscidlərin uçurulması və təhqir olunmasına göz yumub, İrəvanda, Şuşada məscidləri bərpa etməklə Ermənistanın "humanist" simasını qoruyub saxlamağa çalışıb, qondarma şəkildə tarixi Azərbaycan tikililərini, xüsusilə Gövhər Ağa məscidini “təmir” etdirməklə ermənilərlə paralel olaraq adını “fars tarixinin arxitekturası” kimi adlandırıb.
Müsəlmanların qanını axıdan bir dövlətə dəstək verən İranın islami dəyərlərin müdafiəsi haqqında danışmağa heç bir haqqı yoxdur!
İranın qeyri-müsəlman xarakterli xain rəftarı bununla da başa çatmayıb. Faktlardan biri də budur ki, 44 günlük Vətən müharibəsi dövründə İran rəhbərliyi ən sonuncular sırasında, artıq müharibənin taleyinin həll edildiyinı və Azərbaycanın şəksiz qələbə qazandığına əmin olduqdan sonra ölkəmizə dəstək ifadə edən bəyanat verib. Amma müharibənin gedişində Ermənistana silah göndərilməsindən tutmuş Azərbaycanın təhdid olunmasına kimi ölkəmizə qarşı hər cür vasitələrdən istifadə edib. Nəticədə Azərbaycanın torpaqları işğal altında olan dövrdə yalnız növbətçi bəyanatlarla kifayətlənən İran rəsmiləri indi Ermənistanın ərazi bütövlüyünün "qırmızı xətt" olması ilə bağlı ardıcıl bəyanatlar verir, Azərbaycana qarşı hədələr səsləndirir, hərbi təlimlər keçirir, bütün mümkün vasitələrlə Ermənistanı müdafiə edirlər. Belə olan halda isə müsəlmanların qanını axıdan bir dövlətə dəstək verən İranın islami dəyərlərin müdafiəsi haqqında danışmağa heç bir haqqı yoxdur!
İranda azərbaycanlıların və ermənilərin hüquq və azadlıqlarına olan münasibətdə rəsmi Tehranın ikiüzlü siyasət yürütdüyünü aydın göstərir. İran hakimiyyəti azərbaycanlıları bütün hüquqlardan məhrum edib, ana dilində təhsil almaq, yazmaq hüququnu belə əlindən alıb. İranda azərbaycanlıların hər hansı birlik, təşkilat yaratması hakimiyyətə və dövlətə qarşı təhdid kimi dəyərləndirilir və bundan irəli gələn sərt addımlar atılır. Ermənilər isə İranda bütün imkanlardan istifadə edirlər, öz dillərində mediaları fəaliyyət göstərir, ana dilində təhsil alırlar və s...
Cənubi Azərbaycandakı 35 milyon soydaşımızın öz hüquqlarını tələb etmək, müstəqil olmaq və Cənubi Azərbaycanda öz dövlətlərini qurmaqla öz taleyini müəyyənləşdirməyə isə tam haqları çatır!
Artıq bir aydan çoxdur ki, İranda cərəyan edən hadisələr, kütləvi etirazlar, iğtişaşlar insanların molla rejiminin tətbiq etdiyi üsul-idarə ilə artıq barışmadığını göstərir. İran cəmiyyəti artlq din amilindən istifadə etməklə bütün hüquq və azadlıqlarının məhdudlaşdırılmasını, orta əsr təfəkkürünü, teokratik idarəçiliyi, anti-insani davranışı qəbul etmirlər. Bu baxımdan da küçələrə çıxaraq demokratik dəyərləri, azadlıqlarını tələb edirlər. Belə ki, Cənubi Azərbaycandakı 35 milyon soydaşımızın öz hüquqlarını tələb etmək, müstəqil olmaq və Cənubi Azərbaycanda öz dövlətlərini qurmaqla öz taleyini müəyyənləşdirməyə isə tam haqları çatır. Molla rejimi, fars şovinizminin qəddarlığından bezən soydaşlarımız ayağa qalxmalı və İslami dəyərlərdən, ədalət, insaniyyət anlayışından uzaq olan molla rejiminin başında duranlara layiq olduqları yeri göstərməlidirlər. Bu İranın ərazi bütövlüyünün pozulması demək deyil. Çünki bu dövləti də məhz biz – Səfəvilər, Nadir şah, Qacarlar və s. qurub. Bu, tarixi ədalətin bərpasıdır!
"5-ci kolon" fəalları başa düşməlidir ki, onlardan öz xalqına və dövlətinə, ölkəmizin milli maraqlarına qarşı istifadə olunur
Beləliklə, İran hakimiyyətinin milli sərvətləri ayrı-ayrı ölkələrdə təsir güclərinin yaradılmasına və saxlanmasına, stabilliyin pozulmasına yönəltməsi İranın dünyada terroru dəstəkləyən ölkə imicinin formalaşmasını şərtləndirən əsas amillərdir. Azərbaycan ictimaiyyəti İranın Ermənistanın ölkəmizə qarşı terror siyasətinə verdiyi dəstək nümunəsində bunun şahidi olub.
Eləcə də bu gün İranın təsiri altında olan, bu ölkənin müxtəlif mənbələrindən maliyyə alan iranmeylli "5-ci kolon" fəalları başa düşməlidir ki, onlardan öz xalqına və dövlətinə, ölkəmizin milli maraqlarına qarşı istifadə olunur. İran mollaları belələrinin beyinlərini yumaqla, maliyyələşdirməklə Azərbaycan daxilində öz dayaq nöqtələrini formalaşdırır, təxribatlar üçün plasdarm hazırlayırlar. Söz yox ki, bu şəbəkə də ifşa olunmalıdır, onların satqın və xain fəalları Azərbaycan cəmiyyətinə təqdim edilməli və ən sərt şəkildə qınaq obyektinə çevrilməlidirlər!
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB