"Yeni Azərbaycan Partiyası: 30 İL DÖVLƏTÇİLİK UĞRUNDA" - DƏYİRMİ MASA

"Yeni Azərbaycan Partiyası: 30 İL DÖVLƏTÇİLİK UĞRUNDA" - DƏYİRMİ MASA

(əvvəli ötən sayımızda)

"Səs" qəzetinin redaksiyasında YAP-ın yaradılmasının 30 illik yubileyinə həsr edilmiş dəyirmi masa keçirilib

"Səs" qəzetinin redaksiyasında Yeni Azərbaycan Partiyasının yaradılmasının 30-cu ildönümünə həsr edilmiş "Yeni Azərbaycan Partiyası: 30 İL DÖVLƏTÇİLİK UĞRUNDA" mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Azər Badamov, Milli Məclisin deputatı, YAP Nəzarət Təftiş Komissiyasının üzvü Elman Nəsirov, YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, YAP fəalı, memar Sədrəddin Əkbərli, YAP Suraxanı rayon təşkilatının fəal gənci Fərəh Məcidzadə iştirak ediblər.

Dəyirmi masanı giriş sözü ilə açan "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev "Səs" qəzetinin redaksiyasında ölkəmizin ictimai-siyasi, mədəni həyatında baş verən hadisələrlə bağlı ənənəvi olaraq, dəyirmi masaların təşkil olunduğunu bildirib. Növbəti dəyirmi masanın Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyinə həsr olunduğunu və yubiley münasibətilə silsilə olaraq redaksiyamızda dəyirmi masaların keçirildiyini iştirakçıların diqqətinə çatdırıb.

B.Quliyev YAP-ın keçdiyi şərəfli tarixi yola nəzər salaraq, YAP-ın xalqın və dövlətimizin taleyində mühüm rol oynadığını və Azərbaycanın güclü dövlət kimi təşəkkül tapmasında böyük xidmətlər göstərdiyini bildirib: "Yeni Azərbaycan Partiyası ölkənin həyatında müstəsna rol oynayan, Ulu Öndər Heydər Əliyevin ideyalarından güc alan siyasi partiya olaraq dövlətçiliyimizin möhkəmlənməsində, cəmiyyətin ümumi mənafelərinin təmin edilməsində mühüm rol oynayıb. Xalqın düzgün seçimi yeni və qüdrətli Azərbaycanın yaranması ilə nəticələndi. Ona görə ki, YAP üzərinə düşən missiyanı uğurla həyata keçirdi və bu gün də bu inkişaf göz önündədir. Bu gün artıq YAP-ın yaranma tarixindən 30 il ötür. Azərbaycanda gedən bütün inkişaf, məhz Ulu Öndər Heydər Əliyevin qoyduğu siyasətlə bağlıdır. Sözlə əməl birliyi, partiya üzvlərinin Ulu Öndər Heydər Əliyev ideyalarına və Onun layiqli davamçısı olan Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri Cənab İlham Əliyevə sədaqəti YAP-ın ölkədə nüfuzunu daha da artırmış, ümumilikdə, bölgənin aparıcı təşkilatı kimi mövqeyini möhkəmləndirmişdir".

"Bugünkü müasir, müstəqil Azərbaycan dövləti yüksəliş və tərəqqi mərhələsinə asanlıqla çatmayıb", - deyən B.Quliyev bildirib ki, müstəqilliyin ilk illərinin ictimai-siyasi proseslərinə, ümumi mənzərəsinə nəzər saldıqda görürük ki, Azərbaycan xalqı və dövləti üçün taleyüklü məsələlərin həlli, məhz lider amili, onun qətiyyəti və uğurlu siyasəti, xalq-lider birliyi sayəsində mümkün olmuşdur. Bu gün tarixi bir dövrə nəzər salaraq, müzakirələrimizdə dövrün reallıqları fonunda müstəsna tarixi-siyasi əhəmiyyətə malik olan və müstəqil dövlətçiliyimizin dönüş nöqtələrindən biri hesab edilən hadisələrdən olan Yeni Azərbaycan Partiyasının yaradılması və inkişaf yolu ilə bağlı fikirlərimizi ifadə edək.

BƏHRUZ QULİYEV:

- Ulu Öndər Heydər Əliyev ideyalarına sadiq olan və bu ideyalar əsasında fəaliyyət göstərən Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin Sədrliyi ilə böyük inkişaf yolu keçib. Bu gün biz Yeni Azərbaycan Partiyasının 30 illik yubileyini Zəfər tarixini yazmış qalib xalq kimi qeyd edirik.

"GÜN GƏLƏCƏK AZƏRBAYCAN DÜNYAYA GÜNƏŞ KİMİ BOYLANACAQ"
ELMAN NƏSİROV:

- Belə bir deyim var: "Böyük şəxsiyyətlərin ömrü yaşanan xalqın ömrü qədərdir." Azərbaycan xalqı var olduqca Azərbaycanın Qurucusu və Memarı, Ulu Öndərin adı, əməlləri də yaşayacaqdır. Azərbaycanda gedən bütün inkişaf məhz Ulu Öndər Heydər Əliyevin qoyduğu siyasətlə bağlıdır. Bu gün də bu siyasət çox böyük uğurla Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən davam etdirilir. Vaxtı ilə Heydər Əliyevin dediyi, "Gün gələcək Azərbaycan dünyaya günəş kimi boylanacaq" fikri bu gün təsdiqini tapıb. Biz bu gün həmin zamanı yaşayırıq. 44 gün davam edən Vətən müharibəsində Azərbaycan Ordusu işğal altında olan ərazilərimizi düşməndən azad edərək tariximizə Qələbə yazdı. Bu gün Azərbaycan torpaqlarında üçrəngli bayrağımız dalğalanır. Azərbaycan ordusunun əzmi, qətiyyəti, peşəkarlığı, vətənpərvərliyi təcavüzkar erməniləri torpaqlarımızdan təmizlədi. Noyabrın 10-da Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş nazirinin birgə imzaladığı bəyanatla, 10 noyabr 2020-ci il tarixində Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması elan olundu.

Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Qarabağın incisi olan Şuşanın işğaldan azad olunması müjdəsini Şəhidlər xiyabanından xalqa çatdırarkən "Mən bu gün, eyni zamanda, Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!" fikirləri ilə bir daha müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin ona olan etimadını, inamını bütün istiqamətlərdə doğrultduğunu, ən əsası Qarabağ probleminin həlli ilə bağlı vəsiyyətini yerinə yetirməsindən fə qürurlandığını ifadə etdi: "Bu gün biz bir daha bütün dünyaya sübut edirik ki, biz böyük xalqıq, biz məğrur xalqıq! Biz yenilməz xalqıq!"
Bu gün Azərbaycan sürətlə inkişaf edən ölkəyə çevrilib. Azərbaycan dünyanın inkişaf etmiş ölkələri sırasında birgə addımlamağı əsas hədəf kimi qarşıya qoyub. Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan siyasi və iqtisadi müstəqilliyini möhkəmləndirib, dövlətçiliyini inkişaf etdirib, demokratik dəyərlərə yiyələnib. Azərbaycan bütün dünyaya nümunə ola biləcək yeni geoiqtisadi güc mərkəzi modelini yaradıb.
Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir.

AZƏRBAYCANDA YARADILAN REALLIQLAR YENİ PERSPEKTİVLƏR VƏD EDİR

AZƏR BADAMOV:

- Müasir yanaşmalar və milli iqtisadi prioritetlər əsasında mükəmməl islahatlar konsepsiyasının reallaşdırılması nəticəsində Azərbaycan son illərdə yüksək inkişaf templərinə görə dünyanın lider dövlətləri sırasındadır. Əgər Azərbaycanın müstəqilliyinin ilk illərində baş verən hadisələrin qarşısı alınmasaydı və Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı olmasa idi, əlbəttə ki, bu günün Azərbaycan reallıqlarından belə söhbət açıla bilməzdi. 44 günlük Vətən müharibəsinə Zəfər qazandıqdan sonra yeni reallıqlar yaranmışdır.
Yeniləşən cəmiyyət, müasir dövrün çağırışları, ictimai münasibətlərin inkişafı yeni reallıqlar yaradıb. Təbii ki, real mənzərənin yaranması öz növbəsində YAP-ın hakim partiya kimi qarşısında yeni tələblər və vəzifələr qoyur. 2020-ci ildə İkinci Qarabağ müharibəsində əldə olunmuş Qələbədən sonra yaranmış yeni reallıq siyasi islahatların dərinləşməsi üçün zəmin yaratmış oldu. Yaranmış yeni reallıqlar hakim partiyada islahatların aparılması və yeni fəaliyyət prioritetlərinin müəyyən olunmasının zəruriliyini müəyyən etmişdir. Tarixi Zəfərdən sonra istər ölkədə, istərsə də beynəlxalq müstəvidə yaranmış yeni reallıqlar fonunda YAP-ın VII qurultayı partiyanın və ölkəmizin inkişafında yeni mərhələnin başlanğıcını qoydu.
Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm qələbə qazandı və tarixi ədalət bərpa olundu. Azərbaycanda yeni reallıqlar yaradıldı və bu reallıqlar həm ölkəmiz, həm də bütövlükdə region üçün yeni perspektivlər vəd edir, o cümlədən yeni çağırışlar yaradır. Prezident İlham Əliyevin rəhbərliyi ilə müxtəlif sahələri əhatə edən sistemli, genişmiqyaslı və kompleks islahatlar reallaşdırılıb. Eyni zamanda, Azərbaycanın gələcək inkişafı üçün yeni hədəflər və strateji prioritetlər müəyyənləşdirilib, bu istiqamətdə addımlar atılıb, ciddi nailiyyətlər əldə olunub.

QAFAR ƏLİYEV:

- Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin Sədri olduğu YAP-ın nüfuzu getdikcə artmaqdadır. Bu gün YAP xalqımızın milli maraqlarını ifadə edən vahid və avanqard siyasi qüvvəyə çevrilib. Xalqın partiyaya inamı, məhəbbəti yüksəlir və vətənini, xalqını sevən hər kəs Cənab İlham Əliyev ətrafında sıx birləşir. Ulu Öndərin siyasətini davam etdirən Cənab İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində bu gün müasir Azərbaycanda nəhəng enerji layihələri, ölkənin hər yerində abadlaşma, müasirləşmə, ölkənin dünyada tanınması və milli maraqlara xidmət edən çoxsaylı tədbirlər keçirilir. İnkişaf və tərəqqi yolunu tutaraq, bütün fəaliyyət prinsiplərini dövlətə və xalqa xidmət üzərində quran YAP ölkənin ictimai-siyasi proseslərində yaxından iştirak edərək, xalqımızın inam gətirdiyi lider partiyadır.Cəmiyyətdə yeniliyin və müasirliyin tərəfdarı, təşəbbüskarı kimi çıxış edən YAP müasir dövrdə beynəlxalq arenada tanınan və qəbul edilən nüfuzlu partiyalar sırasında böyük nüfuz sahibidir. Sözsüz ki, partiyanın yüksək nüfuzu bilavasitə onun yaradıcısı Ulu Öndər Heydər Əliyevin uzaqgörən, müdrik siyasəti ilə bağlıdır. Azərbaycan xalqının maraqlarına cavab verən və mütərəqqi xarakter daşıyan müasir dəyərlərdən bəhrələnmək YAP-ın fəaliyyətinin əsaslarından biridir. YAP möhtəşəm zirvələrə yol açan, "dünənin, bu günün və sabahın partiyasıdır".
Ümummilli Lider, Yeni Azərbaycan Partiyasının banisi Ulu Öndər Heydər Əliyevin qurduğu, yaratdığı müstəqil Azərbaycan böyük inkişaf yolundadır. Buna dövlətimizin gücü və potensialı var. Azərbaycanın bugünki və gələcək nəsillərinin Ulu Öndər Heydər Əliyevin şərəfli adı, ölməz ruhu qarşısında müqəddəs borcu Onun şah əsəri olan müstəqil Azərbaycan dövlətinin daha da çiçəklənməsi və qüdrətlənməsi, xalqımızın rifahı naminə fədakarlıqla çalışmaq və milli birliyimizə sədaqətlə xidmət göstərməkdir.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə