"Fransa Ermənistanın vəkili rolunda çıxış edir" - MÜNASİBƏT BİLDİRİLDİ
"Ümumiyyətlə, Fransanın Azərbaycana və türk dünyasına qısqanclığı, qeyri-obyektiv münasibəti, aqressivliyi uzun illərdir sezilir. Baxmayaraq ki, Azərbaycan və Türkiyə Fransa ilə münasibətdə həmişə maraqlı olub və onlar normal əlaqələr üçün çalışıblar. Hətta Minsk Qrupu yaradılanda da Azərbaycan buna etiraz etmədi. Biz düşünmüşük ki, Fransa Avropanın aparıcı dövlətlərindən biridir və məsələyə ədalət prizmasından yanaşacaqlar, Azərbaycanın Ermənistanla bağlı problemlərində müəyyən obyektiv münasibət nümayiş etdirəcəklər. Minsk qrupunun fəaliyyəti dövründə məsələnin belə olmadığı aydın oldu". Bu sözləri SİA-ya açıqlamasında "Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı" İctimai Birliyi sədri Əhməd Abbasbəyli deyib.
Onun sözlərinə görə, Emmanuel Makron hakimiyyətə gəldikdə bütün maskalar yırtıldı: "Makron birbaşa Ermənistan tərəfinə üstünlük verməsini sübut etdi. O, Türkiyə və Yunanıstan problemlərində də "yuyulmamış qaşıq kimi" özünü ortaya atdı.
İnsan Fransa kimi dövlətlərin erməni lobbisindən bu qədər asılı olmasına inanmaq istəmir. Fransa bu günləri Avropada liderliyi üzərinə götürmək istəyir. Bu missiyanı daşımaq üçün öz müstəqil mövqeyini açıq şəkildə ortaya qoymaq lazımdır. Fransa ədaləti kənara atır və korporativ, dini maraqlardan çıxış edərək Ermənistanın mövqeyini müdafiə edir".
Əhməd Abbasbəyli sözlərinə belə davam edib: "Bu məsələ Fransanın öz aləmində kiçik bir uğurudur. Amma beynəlxalq səviyyədə bu ölkənin nüfuzuna təsir edir.
Təsəvvür edin, nüfuzlu bir ölkənin prezidenti deyir ki, "Azərbaycan Qarabağı işğal edib". Bu həm ədalətsizlik, həm məlumatsızlıq, həm də beynəlxalq hüquq normalarının əleyhinə getmək deməkdir.
Azərbaycan Fransaya qarşı həddindən artıq güzəşt edib. Fransanı bu danışıq prosesindən kənarda qoymaq lazımdır. Fransa Ermənistanın vəkili rolunda çıxış edir. Bu mənada biz onu bitərəf, yaxud barışdırıcı dövlət kimi görmürük.
Biz Fransadan niyə çəkinməliyik?! Onlar hansı prosesdə bizim yanımızda olublar?! Fransa bizə nə verir, yaxud bizdən nə alır ki?! Bundan sonra tam rəsmi şəkildə mövqeyimizi bildirməliyik. Fransa hər hansı bir formada danışıqlar prosesində iştirak etmək istəyirsə, Azərbaycanın mövqeyini müdafiə edən digər bir tərəf də iştirak etməlidir".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB