Prezident İlham Əliyevin Qırğızıstana səfəri tarixi əhəmiyyət daşıyır

Prezident İlham Əliyevin Qırğızıstana səfəri tarixi əhəmiyyət daşıyır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğız Respublikasına səfəri iki qardaş dövlət və xalq arasında əlaqələrin inkişafı, münasibətlərin yeni müstəviyə keçməsi baxımından çox önəmlidir. İki ölkə arasında yaranan uğurlu dövlətçilik münasibətlərinin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. 1995-ci ilin avqustunda Ümummilli Lider Türkdilli Dövlət Başçılarının III Zirvə Görüşü və "Manas" eposunun 1000 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün ilk dəfə Qırğızıstana səfərindən sonra ildən-ilə inkişaf edən münasibətlər hazırda iki ölkə arasında strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.

Bu ilin aprel ayının 20-də Qırğızıstan Prezidenti Sadır Japarov ölkəmizdə rəsmi səfərdə olub. Azərbaycan Respublikası və Qırğız Respublikası arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb.

Prezident İlham Əliyev Qırğız Respublikasına dövlət səfəri çərçivəsində ikitərəfli danışıqlar aparıb, həmçinin Dövlətlərarası Şuranın I iclasında iştirak edib. Sonra Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərəsimi olub. Prezidentlər mətbuata bəyanatlarla çıxışlar ediblər. Qeyd edək ki, Azərbaycan Prezidentinin iştirakı ilə Qırğızıstan-Azərbaycan Dostluq Parkının, habelə Heydər Əliyev və Nizami Gəncəvi adına ümumtəhsil məktəbinin açılışı olub. Dostluq parkının açılışı zamanı Qırğız Respublikasının Prezidenti Sadır Japarov deyib ki, Qırğız Respublikası və Azərbaycan Respublikası arasında dövlətlərarası münasibətlər fəallaşıb, strateji tərəfdaşlığının tamamilə yeni mərhələsinə qədəm qoyub. Bu əsasən Azərbaycan Respublikasının Prezidenti hörmətli İlham Heydər oğlu Əliyevin şəxsi diqqət və dəstəyi sayəsində mümkün olub.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin bu səfəri Qırğızıstanla Azərbaycan arasında strateji tərəfdaşlığın məntiqi davamı kimi xüsusi əhəmiyyət verir. Hər iki dövlət arasında münasibətlərin yüksək səviyyədə dəstəklənməsi, mövcud və gələcək əməkdaşlıq üzrə bütün əlaqələri intensivləşdirmək əsas amildir və bu iki dövlət arasında ortaq tarix, köklər, mədəniyyət, ənənələr və milli xüsusiyyətlər var. Azərbaycan və Qırğızıstan mədəniyyət, təhsil, elm, turizm, idman sahələrində münasibətlərin inkişafı məsələlərinə böyük əhəmiyyət verir. Ölkə başçısının qeyd etdiyi kimi, artıq yarım ildir ki, Azərbaycan və Qırğızıstan rəsmi şəkildə strateji tərəfdaşlardır.

Qeyd edək ki, Prezident İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycan–Qırğızıstan münasibətləri daha yeni inkişaf mərhələsinə qədəm qoyub. İllərdir ki, hər iki respublika İƏT, İKT, BMT çərçivəsində əməkdaşlıq edirlər. Qırğızıstan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyini daim dəstəkləyir. Bir sözlə, diplomatik əlaqələr yarandığı gündən Qırğızıstan–Azərbaycan ikitərəfli əməkdaşlığı ənənəvi şəkildə, qarşılıqlı surətdə faydalı tərəfdaşlıq, dostluq əsasında qurulmuş və bütövlükdə siyasi, ticarət-iqtisadi, elmi-texniki, mədəni və digər sahələrdə uğurla inkişaf etmişdir.

Bütün bunlarla yanaşı, ən əsas məsələlərdən biri, iki qardaş ölkə arasında formalaşmış səmimi münasibətlərin günü-gündən inkişaf etməsidir. Qırğızıstan Qazaxıstanla yanaşı, KTMT-nin üzvü olmasına rəğmən Azərbaycan əleyhinə hansısa layihələrdə iştirak etmir. Ölkələrimiz beynəlxalq platformalarda siyasi baxımdan vahid mövqe sərgiləyir. Münasibətlərimizin bu səviyyəyə gəlib çatmasının əsas səbəbi 44 günlük Vətən müharibəsindəki tarixi qələbəmizdir. Torpaqlarımızın işğaldan azad olunması, dünya erməniliyi və onların himayədarları üzərində əldə etdiyimiz qələbə, qardaş xalqlarımızda özünəinam hissini artırıb, Azərbaycana münasibətini dəyişdirib.

Zaman da sürətlə dəyişir. Dünyanın yeni təhlükəsizlik arxitekturası qurulur. Qloballaşan dünyada isə ən inkişaf etmiş ölkə belə təkbaşına müstəqilliyini qorumaq iqtidarında deyil. Bu baxımdan, Türkdilli dövlətlərin inteqrasiyası, Avropa İttifaqı formatına uyğun təşkilatda birləşməsi, tarixi zərurət, zamanın tələbidir. Sevindirici haldır ki, son zamanlar Orta Asiya respublikaları arasında uzun illərdən bəri yığılıb qalmış problemlər həllini tapır. Qazaxlar, özbəklər, qırğızlar strateji inkişaf perspektivlərini Türk Birliyində görürlər.

Son iki ildə tarixi “Şuşa Bəyannaməsinin” imzalanmasından sonra Qazaxıstanla, Özbəkistanla, Qırğızıstanla imzalanmış strateji müttəfiqlik müqavilələrinin hər biri dövlətlərimizi daha da gücləndirir, xalqlarımızı birləşdirir. Prezidentin Qırğızıstana ilk dövlət səfərinin müsbət nəticələri özünü çox gözlətməyəcək, hər iki xalqa iqtisadi və siyasi dividentlər gətirəcək.

Azərbaycan-Qırğızıstan münasibətləri yüksələn xətlə inkişaf edir və xalqlarımız arasındakı körpülərin dayaqlarını möhkəmləndirir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğızıstan Respublikasına səfəri iki ölkə arasında münasibətlərin daha da inkişaf etdiriləcək, iki qardaş ölkə arasında əlaqələr bütün sahələr üzrə də genişlənəcəkdir.

Aliyə Orucova

YAP Pirallahı rayon təşkilatı Aparatının məsul əməkdaşı

Bütün xəbərlər Facebook səhifəmizdə