Türk dövlətlərinin birliyi dövrün tələbidir – KOMİTƏ SƏDRİ ŞƏRH ETDİ

Türk dövlətlərinin birliyi dövrün tələbidir – KOMİTƏ SƏDRİ ŞƏRH ETDİ

Azərbaycan Respublikasının Orta Asiyanın türk dövlətləri ilə əlaqələri ildən-ilə genişlənir və möhkəmlənir. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.

Komitə sədri vurğulayıb ki, Qazaxıstan, Özbəkistan və Türkmənistanla münasibətlərin yaxşılaşdırılması milli-mənəvi maraqlarla bərabər, həm də bu ölkələrin birliyinin möhkəmlənməsinə xidmət edir.

“Bütün türk dövlətləri ilə əməkdaşlığın inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətinin əsas istiqamətləri olmaqla, artıq real işlərdə öz səmərəsini göstərməkdədir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Qırğızıstana səfəri də bu baxımdan xarakterikdir və hər iki ölkənin gələcəyi, birliyi, əməkdaşlığı üçün çox əhəmiyyətlidir. Səfər zamanı ikitərəfli danışıqlar aparılıb, Dövlətlərarası Şuranın iclası keçirilib, bir çox sənədlər imzalanıbdır. Qırğızıstan-Azərbaycan Dostluq Parkının, Heydər Əliyev və Nizami Gəncəvi adına ümumtəhsil məktəbinin açılışı, “Ata-Beyit” Milli Tarixi-Memorial Kompleksinin ziyarət edilməsi, mətbuata verilən bəyanatlar və səsləndirilən fikirlər hər iki dövlətin xoş məramından, dostluq münasibətlərindən qaynaqlanır.

Qırğız Respublikasının Prezidenti Sadır Japarov münasibətlərin yaradılmasında Prezidentimizin şəxsi diqqətinə böyük qiymət verərək bildirmişdir: “Hörmətli İlham Heydər oğlu, Sizin ölkənin milli maraqlarının təmin edilməsinə və mənafeyinə, onun dünya ictimaiyyəti arasında beynəlxalq nüfuzunun möhkəmləndirilməsinə istiqamətlənmiş geniş qurucu fəaliyyətinizi xüsusilə qeyd etmək istəyirəm. Sizin şəxsi diqqətiniz və Qırğızıstanla bütün istiqamətlərdə əməkdaşlığı dərinləşdirmək istəyiniz bizim ölkədə hörmət və dəstəklə qarşılanır”.

Türkdilli dövlətlərin birliyinin və əməkdaşlığını təmin edilməsi dünyanın ədalət prinsipləri ilə idarə olunmasına, bəşəri dəyərlərin həyata keçirilməsinə bir zəmanətdir. Qırğızıstana səfər bunu aydın göstərdi və Prezidentimiz qeyd etdi: “Bu gün mən qırğız torpağında bir daha görürəm ki, bu qardaşlıq sözdə deyil, əməldədir”. Prezidentimizin söylədikləri həyata keçirilən tədbirlərdə öz əksini tapır və əməli işlər sözsüz ki, gələcəkdə də öz bəhrələrini verəcəkdir”, deyə Tahir Rzayev bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə