Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın Ukraynanın bəzi hissələrinin ilhaqını etibarsız elan edən fərman imzalayıb. SİA xəbər verir ki, Zelenski Rusiya prezidenti Putinin 2014-cü ildən bəri Krım başda olmaqla Donetsk, Luqansk, Xerson və Zaporojya vilayətlərini ilhaq etmək qərarının etibarsız olduğu barədə fərman imzalayıb. Ukrayna Rəyasət Heyətinin internet saytında yer alan açıqlamada aşağıdakı ifadələrdən istifadə edilib: “Rusiya Federasiyası Prezidentinin 17 mart 2014-cü il tarixli 147 nömrəli, 21 fevral 2022-ci il tarixli 71 nömrəli, 21 fevral 2022-ci il tarixli 72 nömrəli, 29 sentyabr 2022-ci il tarixli 685 nömrəli, 29 sentyabr 2022-ci il tarixli 686 nömrəli Fərmanı. Qəbul edilsin ki, bu fərmanların icrası əsasında və ya icrası ilə əlaqədar qəbul edilmiş, verilmiş və ya bağlanmış digər qərarlar, əqdlər və müqavilələr etibarsızdır, yəni hüquqi nəticələri yoxdur".

Zelenski bu gün Ukrayna Milli Təhlükəsizlik Şurasının hazırladığı fərmanı da imzalayıb ki, Rusiya prezidenti Putinlə Rusiya və Ukrayna arasında davam edən müharibə ilə bağlı danışıqlar aparmaq mümkün deyil.

Rusiya Krımdan sonra Donetsk, Luqansk, Xerson və Zaporojya vilayətlərini ilhaq edib və Ukraynanın təxminən 15 faizini öz ərazisinə qatıb.

Qeyd edək ki, sentyabrın 30-da paytaxt Moskvada keçirilən mərasimdə Rusiya prezidenti Vladimir Putin və qondarma rusiyayönlü administrasiyaların rəhbərləri Ukraynanın Donetsk, Luqansk, Xerson və Zaporojya vilayətlərinin Rusiyaya birləşdirilməsi ilə bağlı müqavilələr imzalayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə