Nensi Pelosinin məqsədi seçkilərdə erməni səslərini qazanmaqdır ANALİTİK

Nensi Pelosinin məqsədi seçkilərdə erməni səslərini qazanmaqdır ANALİTİK

Pelosi və ətrafı dünyanın gözü qarşısında uzun illər Azərbaycanın ərazilərini işğal altında saxlayan, soyqırımları törədən, sakinləri öz ata-baba yurdundan didərgin salan, şəhərləri və kəndləri məhv edən, tarixi-mədəni və dini abidələri dağıdan, təhqir edən terrorçu bir dövlətin maraqlarını açıq qaydada, utanmadan-qızarmadan dəstəkləyir!

Məlum olduğu kimi, ABŞ Konqresi Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Ermənistana səfər etdi və onun səfər zamanı səsləndirdiyi bəyanatları bilavasitə Ermənistanın sülh prosesinə yaratdığı əngəllərə təkan verdi. Bu səfər həm də açıq-aşkar Azərbaycanın regiondakı fəaliyyətinə qarşı açıq-aşkar çıxması amilini də ortaya qoydu. Ümumiyyətlə, özünü “təcrübəli siyasətçi” kimi qələmə verən bu şəxsin eləcə də Nümayəndələr Palatasının rəsmisi olaraq reallıqdan uzaq, qərəz dolu açıqlamalar verməsi son dərəcə təəccüblüdür. Belə ki, Azərbaycanla Ermənistan arasında delimitasiya olunmamış şərti sərhəddə təcavüzkar dövlət tərəfindən törədilən hərbi təxribatı daim sülh çağırışları ilə çıxış edən Azərbaycanın üzərinə qoymaq, qeyri-obyektiv və birtərəfli mövqe sərgiləmək hələ də davam edən ikili standartların təzahürüdür.

Ortada BMT Təhlükəsizlik Şurasının qətnamələri var idi və bu qətnamələrə 30 il əməl olunmadı!

Başqa tərəfdən, fakt budur ki, artıq fəaliyyətinə ehtiyac qalmamış və ölü quruma çevrilmiş ATƏT-in Minsk qrupunun həmsədr ölkəsinin nümayəndəsi olaraq Pelosinin birtərəfli qaydada Ermənistanın təcavüzkar siyasətinə dəstəyi artıq bütün hədləri aşdığını göstərir. Məhz bu məqamda sual edilə bilər ki, Nensi Pelosi 30 il davam edən Ermənistanın işğalından xəbərsiz idi?! Çünki ortada BMT Təhlükəsizlik Şurasının qətnamələri var idi və bu qətnamələrə 30 il əməl olunmadı. Həmçinin sual oluna bilər ki, niyə ABŞ rəsmiləri, eləcə də Amerika demokratları, həmçinin Nensi Pelosinin özü bir dəfə də olsun səsini çıxarmadı, bir milyondan artıq azərbaycanlı məcburi köçkünün üzləşdiyi acınacaqlı vəziyyətlə bağlı bəyanat vermədi?!

Bütün bu kimi sualların cavabı bəllidir: Pelosi və ətrafı dünyanın gözü qarşısında uzun illər Azərbaycanın ərazilərini işğal altında saxlayan, soyqırımları törədən, sakinləri öz ata-baba yurdundan didərgin salan, şəhərləri və kəndləri məhv edən, tarixi-mədəni və dini abidələri dağıdan, təhqir edən terrorçu bir dövlətin maraqlarını açıq qaydada, utanmadan-qızarmadan dəstəkləyir!

Ermənistan öz dəyişməz xain maraqlarına uyğun olaraq prosesi ləngitməyə çalışır

Lakin baş verən hər şeyə rəğmən, bu gün bütün dünya agahdır və görür ki, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə abadlıq-quruculuq işləri aparır, uzun illər hüquqları pozulmuş sakinlərin həmin ərazilərə qayıtması üçün əlindən gəlini edir. Ancaq buna baxmayaraq, revanşist və işğalçılıq xisləti sönməyən Ermənistan öz dəyişməz xain maraqlarına uyğun olaraq prosesi ləngitməyə çalışır. Biz elə də uzağa getməyərək, 44 günlük Vətən müharibəsindən sonra Ermənistanda istehsal olunan minaların basdırılmasını, terror aktlarını, silahlı təxribatları xatırlaya bilərik. Maraqlıdır ki, bu cür reallıqlar ortada ola-ola Ermənistanı sülhə dəvət edən, münasibətlərin normallaşmasına çalışan, regionda davamlı sabitliyin və təhlükəsizliyin təmini üçün səylər göstərən bir dövlətin üstünə böhtan atmaq, ünvanına xoşagəlməz ittihamlar səsləndirmək ən azı ədalətsizlikdir.

Demokratlar bu dəfə də Amerikada yaşayan erməni seçicilərinin səs çoxluğunu qazanmaq üçün dəridən-qabıqdan çıxırlar

Əslində isə, Pelosinin ermənipərəstlik mövqeyindən çıxış etməsi arxasında dayanan əsas bir məqam da vardır – bu, Konqresin Nümayəndələr Palatasına keçiriləcək seçkilərlə bağlıdır. Məlumdur ki, noyabrın axırlarında ABŞ Konqresinə aralıq seçkiləri keçiriləcək və demokratlar bu dəfə də Amerikada yaşayan erməni seçicilərinin səs çoxluğunu qazanmaq üçün dəridən-qabıqdan çıxırlar.

Bütövlükdə isə, erməni lobbisini öz tərəfinə çəkmək üçün iki ölkə arasında münasibətlərin düzəlməsinə mane olacaq, Ermənistanda revanşist dairələrin əl-qolunu açacaq, sülh və təhlükəsizliyi təhdid edəcək belə bir qeyri-obyektiv bəyanatın səsləndirməsi faktı Nensi Pelosinin şəxsi nüfuzuna və siyasi imicinə xələl gətirəcəyi sözsüzdür!

Rəfiqə HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə