Sentyabrın 15-də respublikada "Bilik günü" qeyd olunur. Bu bütün ümumtəhsil məktəblərində yeni dərs ilinin başlanğıcıdır. Təbii ki, bu günü daha çox səbirsizliklə gözləyənlər bu il birinci sinfə gedəcək şagirdlər və I kursa qəbul olan tələbələrdir. Hər il ölkəmizdə Bilik günü böyük təntənə ilə qeyd olunurdu. (Əlbəttə ki, pandemiya ilə əlaqədar məlum səbəblər istisna olunmaqla).
Sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən törədilən genişmiqsaylı təxribatın qarşısı alınarkən onlarla hərbi qulluqçularımızın şəhid olduğundan ümumtəhsil məktəblərində "Bilik Günü"nün təntənəli şəkildə qeyd edilməyəcəkdir. Ümumi təhsil müəssisələrində ilk dərs isə "Qarabağ Azərbaycandır!" mövzusuna həsr olunacaq. Əlbəttə ki, bu gün ilk dəfə məktəbə qədəm qoyacaq balaca fidanların yaddaşında erməni təribatçılarının törətdikləri əməlləri silinməz iz buraxacaq. Onlar məktəbə atdıqları ilk addımları illər sonra xatırlayanda, yaddaşlarının ağ səhifəsinə köçürüləcək ermənilərin bu əməlləri heç zaman yaddan çıxmayacaq. Hər bir insanın həyatında bu günün özəl yeri var. Məktəb həyatına ilk çağırış, ilk zəng. Ömrün ən unudulmaz bir zamanına çevrilən bu zəngin sədası illər, qərinələr ötsə də, unudulmur. Bu gün ölkəmizdə məktəbə qədəm qoyan hər bir məktəblinin keyfiyyətli və fasiləsiz təhsil alması üçün bütün imkanlar təmin edilib. Təhsilin keyfiyyətinin yüksəldilməsi üçün dövlətimiz tərəfindən yüksək şərait yaradılıb. Azərbaycanın dünyaya inteqrasiya olunduğu zamanda təhsilimizə yönəlmiş diqqət, məhz bu sahədə zamanın tələblərini ödəyə biləcək ziyalıların yetişməsinə doğru uğurlu bir addımdır. İnsanların həvəslə gözlədiyi və böyük məhəbbətlə qeyd etdiyi bu günün kəsb etdiyi mənanın arxasında böyük dəyərlər dayanır. Bu dəyərlərin ən başlıcası isə müasir dövrümüzdə Azərbaycanın gələcək inkişafını təmin edə biləcək, eyni zamanda, vətənpərvərlik ruhunda milli-mənəvi dəyərlərə söykənən mütəxəssislərin təhsilə mükəmməl olaraq yiyələnməsidir. Azərbaycan Prezidenti İlham Əliyevin təhsili dövlət siyasətinin prioritetlərindən biri kimi diqqətdə saxlaması, bu sahədə köklü islahatların aparılması təhsilin məzmun və keyfiyyətinə təsirini göstərir. Orta ixtisas məktəblərində təhsilin idarə edilməsi, eləcə də, onun keyfiyyətinin yaxşılaşdırılması sahəsində kifayət qədər irəliləyişlərin əldə olunması təhsilli, bilikli, savadlı mütəxəssislərin yetişməsinə səbəb olub. Şagirdlərin elmin sirlərinə dərindən yiyələnmələri üçün hərtərəfli imkanlar açır.
MÜASİR TƏFƏKKÜRLÜ AZƏRBAYCAN VƏTƏNDAŞININ YETİŞDİRİLMƏSİ ƏSAS HƏDƏFLƏRDƏNDİR
Dövlətimizin başçısının təhsilə qayğısı nəticəsində keyfiyyətli insan kapitalının hazırlanması prosesinin mühüm mərhələsi olan məktəbəqədər təhsildə göstəricilər yüksəlib. Şəhər və kəndlər üzrə məktəbəqədər təhsilin əhatəlilik göstəriciləri əhəmiyyətli dərəcədə artıb, məktəbəqədər təhsil müəssisələrində tərbiyə alan və ümumi təhsil məktəblərində məktəbəhazırlığa cəlb olunmuş 1-5 yaşlı uşaqların ümumi sayı son 5 ildə 16 faiz artıb. Hazırda 1-5 yaşında olan azyaşlıların 32 faizi məktəbəqədər təhsilə cəlb edilib. Növbəti 5 il ərzində bu rəqəmin 50 faizə çatdırılması planlaşdırılır. Bu da o deməkdir ki, dövrün sonuna əlavə 100 min uşağın bu təhsilə cəlbi üçün şərait yaradılacaq. Azərbaycan təhsilinə dövlət tərəfindən göstərilən diqqətin bariz nümunələrindən biri məktəb tikintisinin geniş vüsət almasıdır. Ölkəmizdə yeni məktəb binaları, əlavə korpuslar tikilib və əsaslı təmir olunub. Yeni məktəblərin tikintisi, əlavə korpusların inşası, onların əsaslı təmiri, müasir avadanlıqlarla təminatı, infrastrukturunun yeniləşdirilməsi nəticəsində, ümumilikdə, ölkə üzrə 1 milyondan çox şagirdin təlim şəraiti yaxşılaşdırılıb. Bütün bu işlər, ilk növbədə, şagirdlərin ən yüksək səviyyədə təhsil almaları, onların elmin sirlərinə daha dərindən yiyələnmələri üçün hərtərəfli imkanlar açır. Eyni zamanda, müəllim kollektivinin yüksək səviyyədə çalışması üçün geniş imkanlar yaradır.
Əlamətdar haldır ki, yeni tədris ilində işğaldan azad olunan ərazilərimizdə - Ağalı kəndində məktəbin ilk zənginin səsi eşidiləcək. Onlar bu torpaqda - əzəli torpaqlarımızda elmin sirlərinə bələd olub, Vətən torpağının müqəddəsliyini bir daha təhsilverənlərdən əxz edəcəklər. Əlifbamızın ilk hərfi olan Ana, Azərbaycan sözlərinin dərin mənasını dərk edəcəklər. Vurğulayaq ki, Zəngilan rayonu Ağalı kənd tam orta məktəbinin şagirdlərinə "Smart təhsil kartları" təqdim edilib. Layihə çərçivəsində həm məktəbli kartı, həm də nağdsız ödənişlərin həyata keçirilməsinin dəstəklənməsi funksionallıqlarını özündə birləşdirən smart təhsil kartları 47 şagirdə təqdim edilib. Təqdim olunan smart kartlar şagirdlərə məktəbə giriş, eyni zamanda, məktəbin yeməkxanasında nağdsız ödəniş formasından istifadə etmək imkanı verəcək.
Qeyd edək ki, sözügedən kartlar ölkənin bir sıra peşə və ali təhsil müəssisələrində tətbiq olunur. "Smart təhsil kartı" müəllim və tələbələrə universitet, kitabxana və oxu zallarına giriş imkanı verməklə yanaşı, eyni zamanda təqaüdlərin alınması, ölkə daxili və xaricində istənilən ödənişlərin həyata keçirilməsi funksionallıqlarını özündə ehtiva edir.
ÇAĞIRIŞLARA CAVAB VERƏN İNSAN KAPİTALI HAZIRLANIR
"Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"ndan irəli gələn "keyfiyyətli insan kapitalının hazırlanması", "təhsilin keyfiyyətinin yaxşılaşdırlması məqsədilə müəllim-pedaqoji heyətin inkişafı və motivasiyası" kimi prioritet-strateji istiqamətlər təhsilin inkişafına olan xüsusi diqqətinin göstəricisidir.
Təhsilin Azərbaycan məktəblilərinə verdiyi imkanlardan kifayət qədər bəhrələnən yeniyetmələr istər Azərbaycanın daxilində, istərsə də, ondan kənarda öz təhsillərini davam etdirmək iqtidarındadırlar. Bu da müstəqil Azərbaycan dövlətinin gənclərə verdiyi ən böyük töhfələrdən biridir. Son illərdə məktəblilərin dərsliklərlə pulsuz təmin edilməsini və s. mühüm halların baş verməsi, məhz görülən işlərin məntiqi nəticəsi kimi qiymətləndirilir.Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş "Təhsilin inkişafı üzrə Dövlət Strategiyası" təhsilin keyfiyyətinin yaxşılaşdırılması, təhsili-idarəetmə sisteminin təkmilləşdirilməsi, insan resurslarının inkişaf etdirilməsi, müəllimin karyera imkanları, fəaliyyətinin stimullaşdırılması və müasir təfəkkürlü Azərbaycan vətəndaşının yetişdirilməsinin əsas hədəflərindəndir. Əlbəttə ki, Zəfər qazanmış Azərbaycan xalqının övladlarının qarşısında geniş imkanlar açılmaqla yanaşı, üzərilərinə də böyük məsuliyyət düşür. Onlar Vətənin gələcək qoruyucularıdır. 44 günlük Vətən müharibəsində məktəb partası arxasında yetişən vətənpərvər gənclər öz iradə və vətən sevgilərini nümayiş etdirdilər. Onların belə vətənpərvər ruhda böyümələri üçün dövlətimiz tərəfindən ayrılan diqqət və qayğının nətcəsidir ki, düşməni əzəli torpağımızdan mərdliklə qovaraq, onlara dərs verdilər.
Beləliklə, sentyabrın 15-i ölkəmizin bütün ümumtəhsil məktəbləri və ali təhsil ocaqlarında yeni dərs ili başlayır. Yeni dərs ilində bütün təhsil işçilərini, tələbə və şagirdləri yeniliklər gözləyir. Yeniliklər isə, həm də uğurların başlanğıcı deməkdir. Yeni dərs iliniz uğurlu olsun!
Zümrüd BAYRAMOVA
Bütün xəbərlər Facebook səhifəmizdə