Prezident İlham Əliyev: "Erməni faşizmi baş qaldırmağa cəhd belə göstərsə, biz onun başını bir daha əzəcəyik"
30 ilə yaxın zaman məsafəsində ermənilərin işğalı altında olan torpaqlarımız bu gün həsrətində yaşayan insanlar üçün ziyarətgaha çevrilib. Bu məkanlara səfər edən insanlar cənnətməkan kimi tanınan ərazilərimizin xarabazarlıqlara çevrildiyini görmüş olurlar. Əlbəttə ki, niyyət əmələ çevrilir. Cəhənnəm qoxuyan əməllərin izləri müqəddəs torpaqlarımızda rast olunsa da, Böyük Qayıdış qısa bir zamanda bu ərazilərin Azərbaycanın ən gözəl guşələrindən birinə çevriləcəyinə böyük əminlik yaradır. Təbii ki, tutduğu vəzifədən sənət və peşəsindən asılı olmayaraq, bura üz tutan insanlar üçün nə qədər böyük və müqəddəs hiss olsa da, erməni vandallığı, təcavüzü təəssüf və nifrət hissi oyadır. Çirkin niyyət, çirkin əməl, səpilən erməni toxumları hətta qəbiristanlıqların belə dağıdılmasına səbəb olmuşdur. Bu əlbəttə ki, insanlığa sığmayan əməllərdir. Azərbaycan vətəndaşları ilə yanaşı, dünyanın müxtəlif ölkələrindən bura üz tutan insanlar heyrət dolu baxışlarını gizlədə bilmirlər. Azərbaycana dost, qardaş olan dövlətlərin nümayəndələrinin işğaldan azad olunan torpaqlarımıza səfəri onları riqqətə gətirir. Hətta 44 günlük Vətən müharibəsi dövründə müharibə gedən ərazilərimizə xarici ölkələri təmsil edən KİV nümayəndələrinin ezam olunması zamanı da erməni vəhşiliyinin müharibə getməyən əraziləri də bombardman etməsi, mülki insanları atəşə tutması onların gözü önündə baş vermişdir. Ermənilərin bu çirkin əməlləri dünya mediasında geniş şəkildə işıqlandırılmışdır.
VƏTƏN MÜHARİBƏSİNDƏ TARİXİ ƏDALƏT BƏRPA OLUNDU
Bu gün yaşadığımız həyat gerçəkliklərinin hər biri tarixdir. Bir yazının, oçerkin, hekayənin, povestin, romanın mövzusudur. Zaman-zaman oxunacaq əsərlərin əsas ideyasına çevrilcək həyat gerçəklikləridir. Ədəbiyyat həyatın güzgüsüdür. Tarix nə qədər saxtalaşdırılsa da, ədəbiyyata köçəcək hadisələr zamanın daş yaddaşına hopur və nəsillər üçün bir tapıntıya çevrilir. İctimai-siyasi hadisələrin gedişi zaman çərçivəsində həllini tapmış olur. Xatırladaq ki, Ermənistan Silahlı Qüvvələri Bərdə və Tərtər şəhərlərini də "Smerç" raketindən atəşə tutmuş, bu da mülki vətəndaşların həlak olması, xeyli sayda insanın yaralanması ilə nəticələnmişdir. Beynəlxalq konvensiyalara zidd topladığı silahlarla Gəncə, Tərtər, Mingəçevir kimi yerlərdə mülki əhalinin kompakt yaşadığı ərazilərdə raket zərbələri endirməsi, Ermənistan hökumətinin təcavüzkar, terrorçu simasını bir daha ortaya qoymuş oldu. Döyüş meydanında sarsıdıcı məğlubiyyətə uğrayan Ermənistanın cəbhə xəttindən uzaqda yerləşən yaşayış məntəqələrini və mülki obyektləri hədəfə alması dünyanın bir çox ölkələrindən ölkəmizə ezam olunmuş KİV nümayəndələrinin gözü qarşısında baş verdi. Əlbəttə ki, infrastukura da ziyan dəymişdir. Bütün bu və ya digər əməllər işğalçı Ermənistanın silahlı qüvvələrinin 44 günlük Vətən müharibəsində beynəlxalq hüququn norma və prinsiplərinə zidd əməllərdir. Azərbaycan Vətən müharibəsində onlara yetərincə dərs verdi və 44 gün ərzində işğalçıları öz torpaqlarından qovdu. Tarixi ədalət bərpa olundu. Azərbaycan ermənilərə elə bir dərs verdi ki, bunu tarix boyu unutmayacaqlar. Noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin imzaladıqları üçtərəfli Bəyanatla düşmən təslim oldu.Cənab Prezident çıxışlarında dəfələrlə bildirmişdir ki, əgər yenə də erməni faşizmi baş qaldırmağa cəhd göstərsə, onun başını bir daha əzəcəyik: "Əgər yenə də erməni faşizmi baş qaldırmağa cəhd belə göstərsə, biz onun başını bir daha əzəcəyik. İkinci Qarabağ müharibəsindəki məğlubiyyət onlar üçün dərs olmalıdır". Azərbaycan 44 günlük Vətən müharibəsində qazandığı qələbədən sonra işğaldan azad olunmuş ərazilərimizdə abadlıq-quruculuq işlərinə başlanıldı. Ermənilər tərəfindən xarabazarlığa çevrilən ərazilərimizdə böyük quruculuq işləri aparılır. Bu gün aparılan təmir-bərpa işləri, infrastrukturun qurulması, böyük tikintilər, beynəlxalq hava limanlarının tikintisi uğurla davam edir. Füzuli Beynəlxalq Hava Limanının istifadəyə verilməsi əlbəttə ki, görülən işlərin sürətinin bir nümunəsidir. Həyata keçirilən layihələr işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi inkişafında çox mühüm rol oynayacaq. "Ağıllı kənd" konsepsiyası uğurla reallaşır. Bu gün Ağalı kəndi bir nümunədir. Öz yurduna dönmək həsrəti ilə yaşayan insanların bir qismi rahat bir şəraitdə, gözəl bir məkanda öz əzəli torpaqlarına qovuşdular.
ABADLIQ-QURUCULUQ İŞLƏRİ DAHA İŞIQLI SABAHIMIZA APARAN YOLDUR
Bildiyimiz kimi, Ermənistan tərəfindən təkcə Laçının işğalı zamanı 264 nəfər şəhid olmuş, 65 nəfər girov götürülmüş, 103 nəfər əlil olmuşdur. Rayon üzrə 1 yaşdan 16 yaşadək mövcud olan 24374 nəfər uşaqdan 18 nəfəri şəhid, 225 nəfəri əlil olmuş, 1071 nəfəri bir, o cümlədən 31 nəfəri hər iki valideynindən yetim qalmışdır. İşğal ilə əlaqədar rayona 7,1 milyard ABŞ dolları dəyərində ziyan dəymişdir. Laçın işğalı zamanı bu məkanda 50 mindən artıq əhali yaşayırdı. Onların öz doğulduqları yerə göndərilməsi əsas məsələlərdən biridir. Təbii ki, işğaldan azad olunan ərazilərimiz kimi Laçın da tamamilə dağıdılıb. "…hər tərəf dağıdılıb, infrastruktur dağıdılıb, binalar sökülüb, inzibati binalar sökülüb. Hazırda o yerlərdə yaşamaq üçün şərait yoxdur. Ancaq biz o bölgələri, bütün rayonları bərpa edəcəyik, vətəndaşlarımızın normal həyatı üçün bütün addımları atacağıq" – deyə Azərbaycan Prezidenti çıxışlarının birində qeyd etmişdir. Laçın rayonunda 1992-1993-cü tədris ilində - işğal olunana qədər 106 məktəb fəaliyyət göstərib. Məktəblərdə təhsil alan şagirdlərin sayı 8 min 877, müəllimlərin sayı isə 1390 nəfər olub. Laçın rayonda 1 ədəd avtovağzal, 82 avtobus dayanacağı, 2130 km uzunluğunda avtomobil yolları, 92 ədəd körpü, 1187 km uzunluğunda su kəməri, 33 su anbarı, cəmaşırxana, 15 km uzunluğunda mərkəzi kanalizasiya, 20 km uzunluğunda istilik şəbəkəsi, 14 hamam, 8 ədəd yanacaq doldurma stansiyası, 2636 km uzunluğunda elektrik hava xətləri, 498 km uzunluğunda qaz kəməri, 10200 km uzunluğunda radio-telefon kommunikasiya xətləri, 3 ədəd televiziya stansiyası və ötürücülər və sair mövcud olmuşdur. Bütün bunlar dağıdılıb. Bildiyimiz kimi, Laçın rayonu işğaldan azad olunandan iki ay ötməmiş burada Su Elektrik Stansiyası istismara verildi. Elektrik Stansiyasının generasiya gücü 8 meqavatdır. Cənab Prezident bunun azad edilmiş torpaqlarda istismara verilən birinci elektrik stansiyası olduğunu və çox böyük əhəmiyyətə, böyük rəmzi mənaya malik olduğunu bildirib. Görülən işlər bütün əzəli torpaqlarımıza qayıdacağımızı göstərir. Azərbaycan bu gün ərazilərimizdə dağıdılmış, talan edilmiş məkanları, tarixi abidələrimizi bərpa edir. Bu gün işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinə planlı şəkildə başlanılıb. Azad olunmuş ərazilərimizi minalardan və partlamamış sursatlardan təmizlənməsi prosesi də davam edir. Azərbaycanın işğaldan azad olunan ərazilərinə səfər edənlər əlbəttə ki, bu ərazilərdə aparılan abadlıq və quruculuq işlərinə heyrətlənir.
Zümrüd BAYRAMOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB