Brüssel görüşü: Azərbaycanın şərtləri yenə keçərli oldu - TƏHLİL
PREZİDENT İLHAM ƏLİYEV: “Bizim regionda vəziyyət sülhə doğru inkişaf edir, mən buna ümid edirəm”
Prezident İlham Əliyevin İtaliyanın "İl Sole 24 Ore" qəzetinə verdiyi müsahibəsində bəyan etdiyi kimi, Azərbaycan 44 günlük müharibədə düşmən üzərində hərbi qələbə çaldıqdan dərhal sonra bölgədə sülhün bərqərar olması üçün diplomatik müstəvidə də ardıcıl və uğurlu addımlar atmağa başlayıb: "Bizim regionda vəziyyət sülhə doğru inkişaf edir, mən buna ümid edirəm. Mən İtaliyaya Brüsseldən gəldim. Orada mənim, Avropa İttifaqı Şurasının Prezidenti və Ermənistanın baş naziri arasında üçtərəfli görüşümüz oldu. Biz razılığa gəldik ki, bir ay müddətində Azərbaycan və Ermənistan xarici işlər nazirləri sülh sazişi ilə bağlı praktiki danışıqlara başlamaq məqsədilə görüşəcəklər. Bu, bizim İkinci Qarabağ müharibəsinin bitməsindən demək olar ki, dərhal sonra irəli sürdüyümüz təklif idi. Biz bildirdik ki, bizim sülhə, sülh sazişinə ehtiyacımız var. Bununla razılaşmaq üçün Ermənistana təqribən iki il lazım oldu. Zənnimcə, bu, görüşün ən mühüm nəticələrindən idi. Əlbəttə, bu sülh danışıqlarının gedişatından çox şey asılı olacaq. Zaman çərçivəsi və məzmun nədən ibarət olacaq. Hesab edirəm ki, biz bir neçə ay ərzində sülh sazişini yekunlaşdırıb imzalaya bilərik. Ermənistan tərəfi eyni iradə nümayiş etdirsə, zənnimcə, bu, realdır. Biz sülh sazişinin üzərində qurulmalı olduğu beş baza prinsipini irəli sürdük və Ermənistan bunu qəbul edib”.
Bəli, 2020-ci il 10 noyabr və 2021-ci il 11 yanvar bəyanatları ilə qazandığımız diplomatik qələbələr ötən ilin 26 noyabrında Soçi bəyanatı ilə daha da möhkəmlənib. Belə ki, Avropa İttifaqının vasitəçiliyi ilə ötən ilin dekabrından başlayan "Brüssel prosesi" sayəsində isə üçtərəfli bəyanatlarda nəzərdə tutulan məsələlərin real müstəvidə həlli ilə bağlı əhəmiyyətli irəliləyişlərə nail olunub. Xüsusilə, bu ilin 6 aprelində keçirilən üçüncü Brüssel görüşündə isə Azərbaycanın irəli sürdüyü 5 prinsip Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən qəbul edildi. Yəni bu, o deməkdir ki, iki ölkə arasında imzalanacaq sülh müqaviləsi rəsmi Bakının irəli sürdüyü məlum baza prinsipi əsasında qurulacaq. Lakin hələ də bundan yayınsa da, avqustun 31-də Brüsseldə keçirilən dördüncü üçtərəfli görüşdə də yenə də Azərbaycanın şərtləri keçərli oldu və sülh prosesi ilə bağlı real addımlar atmağın mütləqliyini ortaya qoydu. Artıq iki ilə yaxın müddətdə hər cür hiylə, təxribatçı əməllərlə sülhə nail olmağı yubadan Ermənistanın bundan yayınmaq yolları bağlandı və o, sülh razılaşmasına məcbur edildi.Bəli, növbəti dördüncü Brüssel görüşü bir daha sübut etdi ki, şərtləri qalib lider diktə edir və məclub olan ölkənin rəhbəri də bu şərtlərə əməl etməlidir. Çünki 2020-ci il sentyabrın 27-də başlayan İkinci Vətən müharibəsi, məhz Ali Baş Komandanımız, Azərbaycan Prezidenti İlham Əliyev 30 ildə həll olunmayan qondarma "DQ"nin həllinə "Dəmir yumruq" əməliyyatı ilə Güclü Azərbaycan Ordusunun rəşadətli əsgər və zabitlərin qəhrəmanlığı ilə 44 gün ərzində haqqın, ədalətin, ərazi bütövlüyümüzün bərpasına və Qarabağımıza qovuşdurdu.İstər Soçi, istərsə də Brüssel görüşlərində bir daha sübut olundu ki, Azərbacan Prezidenti qalib lider olaraq Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə keçirilən görüşdə də həqiqətləri açıqlayacaq və açıqladı da! Prezident müharibədən ötən bir il ərzində Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda gördüyü böyük işləri göstərərək dünyaya bəyan etdi ki, Azərbaycan, hər zaman olduğu kimi, sülh tərəfdarıdır. Öhdəliklərin yerinə yetirilməsi də bölgədə təhlükəsizliyin təminatına xidmət edəcək. Ancaq görünən odur ki, Ermənistan yenə də hansısa bəhanələr uydurmaqla vaxt uzadır. Yəni, Azərbaycan bu istiqamətdə nəticəyönümlü addımlar atır. Amma Ermənistan da xoş məram sərgiləməlidir və Zəngəzur dəhlizi ətrafında manipulyasiyadan əl çəkməlidir. Çünki 10 noyabr 2020-ci il imzalanan üçtərəfli bəyanatda açıq-aydın deyilir ki, Azərbaycan Qarabağla Ermənistan arasında əlaqə üçün təhlükəsizliyi, maneəsiz çıxışı təmin edir və Ermənistan Azərbaycanla Naxçıvan arasında əlaqələr üçün eyni maneəsiz çıxış və təhlükəsizliyi təmin etməlidir.
Qarabağın “statusu” barədə hər hansı müzakirəyə dönüş yoxdur, münaqişə bitib
Azərbaycan Prezidenti İlham Əliyev bütü çıxışlarında, müsahibələrində deyib ki, "Qarabağın statusu barədə hər hansı müzakirəyə dönüş yoxdur, Dağlıq Qarabağ münaqişəsi bitib. Bəli, Ermənistan bunu istəsə də, istəməsə də Dağlıq Qarabağ münaqişəsi bitib. Azərbaycanın mövqeyi açıq-aydındır. Biz sülh istəyirik, müharibə istəmirik. Biz müharibədə zəfər çaldıq, biz qalibik. Bu reallığı nəzərə almaq lazımdır”. Bölgədəki vəziyyətə toxunan Prezident İlham Əliyev bunun nisbətən sabit olduğunu vurğulayıb: “Təəssüf ki, Ermənistan revanş cəhdlərinin qarşısını almayıb. Onlar üçün İkinci Qarabağ müharibəsində məğlubiyyət çox ağrılı, demək olar, 30 ildir ordunun məğlubedilməzliyi, onun əsgər və komandirlərinin gücünü, cəsarətini təbliğ edən ideoloji əsas və təbliğatı üçün sarsıdıcı olub. 44 günlük müharibə zamanı onların ordusu tamamilə məhv edilib”.
Prezident İlham Əliyev və Şarl Mişel tərəfindən əsası qoyulan Brüssel sülh gündəliyi
Yeri gəlmişkən, xatırladaq ki, Cənubi Qafqazda postmüharibə dövründə Azərbaycanın sülh və sabitliyə sadiqliyi xüsusilə dünyada ən böyük siyasi və iqtisadi mərkəzlərdən biri olan Avropa İttifaqı (Aİ) tərəfindən yüksək səviyyədə dəstəkləndi. Aİ Şurasının Prezidenti Şarl Mişellə Azərbaycan Prezidenti İlham Əliyev arasında intensiv dialoq və təmaslarla Azərbaycan-Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində müvafiq mexanizmin formalaşması və predmetli danışıqlara başlanmasında, sülh müqaviləsi, sərhədlərin delimitasiyası, kommunikasiyaların açılması kimi məsələlərin həlli istiqamətində əməli addımlar atılmasında özünü qabarıq büruzə verdi. Nəticədə postmüharibə dövründə yeni format – Brüssel sülh gündəliyi yarandı. İlk üçtərəfli görüş 2021-ci il dekabrın 14-də keçirildi, bununla da Prezident İlham Əliyev və Şarl Mişel tərəfindən Brüssel sülh gündəliyinin əsası qoyuldu və tərəflər arasında intensiv təmaslar aparıldı, telefon danışıqları gerçəkləşdirildi. Xatırladaq ki, Brüssel sülh gündəliyində prioritet istiqamət olan sülh razılaşmasının əsas komponenti Azərbaycanın irəli sürdüyü 5 maddədən ibarət təklif və bunun əsasında predmetli danışıqların aparılmasıdır. Bu sənəddə əsas məqam Azərbaycanın ərazi bütövlüyüdür.Və avqustun 31-də Brüsseldə keçirilən dördüncü üçtərəfli görüş dövlətimizin başçısı Şarl Mişelin vasitəçiliyi ilə konkret nəticə əldə edə bildi. Beləliklə, bir ay müddətində Xarici İşlər Nazirliyi xətti ilə sülh sazişinin mətni üzərində işə başlamaq üçün qruplar yaratmaq barədə razılıq əldə olundu.Qeyd edək ki, yeni sənəddə Qarabağ mövzusu, həmçinin ATƏT-in Minsk Qrupu yer almayıb, MQ formatının artıq tarixdə fəaliyyətsiz bir qurum kimi qalması, əvəzində Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması məsələsində Aİ-nın vasitəçilik formatının mövcudluğu öz ifadəsini tapıb. Bir sözlə, Azərbaycanın daxili işi olan Qarabağ mövzusunun müzakirə edilmədiyi qənaəti təsdiqlənib. Bununla belə sülh müqaviləsinin Bakının irəli sürdüyü və İrəvanın qəbul etdiyi məlum beş prinsip əsasında qurulacağı nəzərdə tutulub. Bütün bunlar isə Ermənistanı sülhə məcbur edən "Dəmir yumruğ"un gücüdür.
Ermənistanın başqa yolu də yoxdur
Sülh prosesinin gedişatı ilə bağlı Prezident İlham Əliyev İtaliya qəzetinə müsahibəsində bildirib ki, Avropa İttifaqı Şurasının prezidenti və Ermənistanın baş naziri arasında üçtərəfli görüş zamanı bununla bağlı razılığa gəlinib. Dövlət başçısı onu da xüsusi vurğulayıb ki, bu razılaşmaya gəlmək üçün Ermənistana vaxt lazım oldu: "...Bir ay müddətində Azərbaycan və Ermənistan xarici işlər nazirləri sülh sazişi ilə bağlı praktiki danışıqlara başlamaq məqsədilə görüşəcəklər. Bu, bizim İkinci Qarabağ müharibəsinin bitməsindən demək olar ki, dərhal sonra irəli sürdüyümüz təklif idi. Biz bildirdik ki, bizim sülhə, sülh sazişinə ehtiyacımız var. Bununla razılaşmaq üçün Ermənistana təqribən iki il lazım oldu". "Zənnimcə, bu, görüşün ən mühüm nəticələrindən idi", - deyə söyləyən İlham Əliyev qeyd edib ki, əlbəttə, bu sülh danışıqlarının gedişatından çox şey asılı olacaq: “Biz sülh sazişinin üzərində qurulmalı olduğu beş baza prinsipini irəli sürdük və Ermənistan bunu qəbul edib”.
Bir sözlə, həm Soçi, həm də Brüssel görüşləri bir daha təsdiq etdi ki, qalib ölkənin qalib lideri Azərbaycan Prezidenti İlham Əliyevin söylədiyi kimi: “Ermənistan istəsə də, istəməsə də...”.
RƏFİQƏ KAMALQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB