Qarabağımızda reallaşdırılacaq layihələr türk dünyasının birliyini daha da möhkəmləndirəcək ŞƏRH

Qarabağımızda reallaşdırılacaq layihələr türk dünyasının birliyini daha da möhkəmləndirəcək ŞƏRH

İkitərəfli əlaqələrin inkişafı ölkələrin malik olduğu imkanların təqdimatında əhəmiyyətli rol oynayır. Bu baxımdan Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin ölkəmizə rəsmi səfəri xüsusi diqqətdə oldu. Səfər zamanı hər iki ölkənin Prezidentləri qarşılıqlı əlaqələrin inkişafını geniş müzakirə etdilər, gələcək inkişafı təmin edəcək və möhkəm hüquqi baza olan sənədləri imzaladılar. “Əlbəttə, həmin sənədlər içərisində Qazaxıstan ilə Azərbaycan arasında strateji münasibətlərin möhkəmlənməsi və müttəfiqlik qarşılıqlı əlaqələrinin dərinləşməsi haqqında indicə imzalanmış Bəyannaməni xüsusi qeyd etmək istərdim” söyləyən cənab İlham Əliyevin qeyd etdiyi kimi, bu Bəyannamənin adı sənədin əhəmiyyətinə dəlalət edir. Azərbaycan və Qazaxıstan təkcə strateji tərəfdaşlar deyil, həm də müttəfiqlərdir: “Əlbəttə, bu, bizim üzərimizə xüsusi məsuliyyət qoyur və biz bu məsuliyyətə hazırıq. Bəyannamə bizim əməkdaşlığımızın çox istiqamətlərini ehtiva edir və əlbəttə ki, gələcək fəaliyyətimiz üçün çox ciddi baza kimi xidmət edəcək”.

Səfər zamanı keçirilən görüşlərdə beynəlxalq arenada əməkdaşlığın inkişafı yolları da müəyyən edildi. İki dost, qardaş ölkə aparıcı beynəlxalq təşkilatlarda fəal qarşılıqlı əlaqə saxlayır. Ümumilikdə çoxtərəfli əməkdaşlıq üçün yeni imkanlar yaranır. Diqqəti iyun ayında Bakıda Azərbaycan, Qazaxıstan və Türkiyənin xarici işlər və nəqliyyat nazirlərinin görüşünə yönəldən dövlət başçısı İlham Əliyev mətbuata bəyanatında bildirdi ki, bu, çoxtərəfli əməkdaşlığın yeni formatıdır və bu əməkdaşlığın böyük perspektivləri var: “Birgə Bəyannamədə həm də Azərbaycanın Mərkəzi Asiyanın beş ölkəsi ilə çoxtərəfli əməkdaşlığının gələcəkdə mümkün inkişafı da əksini tapıb. Fikrimcə, bu da təbiidir, çünki xalqlarımızın tarixi də, ənənələri də, mədəniyyəti də bütün sahələrdə daha sıx qarşılıqlı fəaliyyət göstərilməsini tələb edir”.

Qarşılıqlı əlaqələrin keyfiyyətcə yeni səviyyəyə çatdırılması üçün bütün imkanların mövcud olduğunu bildirən Qazaxıstan Prezidenti iki dövlət arasında strateji tərəfdaşlıq münasibətlərinin qurulması istiqamətində Prezident İlham Əliyevin təşəbbüslərini yüksək dəyərləndirdi. Cənab İlham Əliyevin qazaxıstanlı həmkarı tərəfindən qazaxıstanın "Altın kıran" - "Qızıl qartal" ali ordeni ilə təltif edilməsi də deyilənlərin təsdiqidir. Bu ali mükafat, eyni zamanda, dövlət başçısı İlham Əliyevin beynəlxalq aləmdə nüfuzunun, siyasi çəkisinin təqdimatıdır. Cənab İlham Əliyev daim təşəbbüsləri ilə, atdığı addımları ilə dünyaya birlik, həmrəylik çağırışlarını edir. Məhz bu birlik, səylərin birləşdirilməsi sayəsində hədəflərə yüksək səviyyədə nail olmaq mümkündür. Təkcə son iki ildə Azərbaycanın dünyanı bürüyən koronavirus infeksiyası ilə mübarizədə həm daxildə, həm də beynəlxalq səviyyədə həyata keçirdiyi tədbirlərə diqqət yetirmək kifayətdir. Dövlət başçısı İlham Əliyev qlobal problemə qarşı birgə mübarizənin vacibliyini önə çəkərək öncə türk dünyasının, sonra ümumilikdə bütün dünyanın birliyinə, həmrəyliyinə xidmət edən təşəbbüslərlə çıxış etdi. Belə ki, Türk Şurasınn ardınca Qoşulmama Hərəkətatının koronavirusla bağlı Zirvə Görüşü keçirildi. Daha sonra Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyasının Xüsusi Sessiyası keçirildi.

Azərbaycan həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin inkişafında maraqlı olduğunu atdığı addımları ilə təsdiqləyir. Azərbaycan ilə Qazaxıstan arasındakı münasibətlər qədim tarixə malikdir. Hər iki ölkənin xalqları eyni kökə, mədəniyyətə, ənənələrə sahibdir. Dövlət başçılarının qarşılıqlı səfərləri ikitərəfli əməkdaşlığın daha da genişlənməsinə şərait yaradır. “Bu gün Qazaxıstan və Azərbaycan müstəqillik yolunda inamla irəliləyən iki müstəqil dövlət kimi iqtisadiyyatın inkişafında, sosial məsələlərin həllində yüksək sürət nümayiş etdirir, dünya arenasında ölkələrimizin nüfuzu artır” söyləyən cənab İlham Əliyev qazaxıstanlı həmkarı tərəfindən təqdim edilən Qazaxıstanın ali ordenini bütün Azərbaycan xalqına hörmət əlaməti kimi dəyərləndirdi: “Bu mükafatı Siz təqdim etdiyinizə görə xüsusi qürur duyuram. Sizin qeyd etdiyiniz kimi, bu gün biz, ikitərəfli gündəliyin bir çox məsələlərinə və beynəlxalq inkişaf məsələlərinə dair ətraflı söhbət etdik. Mən artıq demişəm, bir daha təsdiqləmək istəyirəm ki, Sizin yürütdüyünüz islahatlar kursunu tamamilə dəstəkləyirik. Sizin yürütdüyünüz siyasət Qazaxıstanın, Qazaxıstan xalqının milli mənafelərinə tamamilə uyğundur. Artıq qazanılmış uğurlar Sizin seçdiyiniz kursun düzgün olmasına dəlalət edir. Qazaxıstan xalqının bu kursu dəstəkləməsi bir daha onu göstərir ki, bizə qardaş olan Qazaxıstan düzgün yolla gedir. Əminəm ki, Siz qarşıya qoyduğunuz bütün hədəflərə çatacaqsınız. Lakin bu yüksək mükafat mənim, əlbəttə ki, münasibətlərimizin möhkəmləndirilməsi yolunda bundan sonrakı fəaliyyətimdə üzərimə vəzifələr qoyur. Əmin ola bilərsiniz ki, Qazaxıstan ilə münasibətlər bundan sonra da Azərbaycanın xarici siyasətində prioritet olacaq”. Qarşılıqlı səfərlər, aparılan görüşlər və verilən qərarlar hər bir hədəfə çatmağımızda mühüm rol oynayacaq. Azad Qarabağımızda nəzərdə tutulan layihələrin reallaşdırılması türk dünyasının birliyini, həmrəyliyini daha da möhkəmləndirəcək.

Fəqət Şadlinskaya

YAP Bərdə rayon təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə