İntim video üzərində qurulan kirli siyasət... TƏRS BAXIŞ+AKTUAL

İntim video üzərində qurulan kirli siyasət... TƏRS BAXIŞ+AKTUAL

Və ya “kəsiləcəyini” gözləyən qulaq(lar)

FHN-ə məxsus idarələrdən birində baş vermiş məlum gizli videoçəkiliş faktı haqlı olaraq ictimai rəyi narahat etdi və üstəlik, haqlı qınaqlar, hətta aşırı tənqidlər və tənbehlər də istər mediada, istərsə də sosial şəbəkələrdə kifayət qədər yazıldı, kifayət qədər də danışıldı və s. Təbii ki, və birmənalı olaraq sözügedən mövzu bütövlükdə xalqımızın milli-mənəvi, əxlaqi dəyərlərinə xas olmayan bir məsələ kimi gündəmi əməlli-başlı silkələmiş oldu. Çox qısa susqunluqdan sonra isə həmin işdə əli olanlar da daxil olmaqla iştirakçılar cəzalandırıldılar, istefaya göndərildilər, baş rolun ifaçısı isə məsuliyyətə cəlb olundu – o, qanun qarşısında cavab verməli olacaq!

Ancaq bu kimi hadisəni bütövlükdə bir dövlət qurumunun ayağına yazmaq da doğru məsələ hesab edilə bilməz. Elə isə, gəlin əyri oturaq, düz danışaq. İstənilən dövlət qurumunda istənilən şəkildə qanunsuz hadisələr yaşana bilər və bu günə qədər yaşanıb da! Amma nədənsə bir çoxları ya etiraf etmək istəmirlər, ya da ümumiyyətlə olanı-olduğu kimi deməyə cürət etmirlər ki, hər şeyin nəticəsi olaraq qanun pozanlar günahlarının miqyasına görə cəzalara layiq görülüblər. Bundan sonra da belə olacaq və kimsənin şübhəsi də olmasın ki, olmayacaq-filan, behməkan, OLACAQ!

Əlqərəz, bu gün FHN idarəsində yaşanan məlum hadisədən öz kirli, hətta murdar, idbar dərəcədə yararlanmağa səy göstərənlər də var. Sosial şəbəkələrdə artıq günlərdir ki, “belə videoların sayı yüzlərlədir”, “FHN rəhbərliyi daha betərinə hazır olsun” və s. tipli ürəkbulandıran çıxışların sayı-hesabı yoxdur. Bəs kimlərdir onlar? Əlbəttə ki, yanılmadınız – Avropada “siyasi mühacir” adı altında lələdöyənlik edən Qulaq Qabil, Sevinc Osmanqızı, Qənimət Zahid, Məhəmməd Mirzəli və sairləri... Əllərinə girəvə düşən və həmin girəvədən avropalı və erməni havadarlarının xeyrinə maksimum yararlanmağa çalışan həmin siyasi tullantılar adlarını “müxalifətçi” qoyaraq, əslində, hakimiyyətə qarşı deyil, birbaşa Azərbaycan dövlətinə (!) qarşı laqqırtı vurur, çənə qırırlar.

Fəqət, kiçik bir haşiyə çıxmaqla mövzuya aid ola biləcək balaca xatırlatmanı etmək istərdim. Yadınızdadırsa, Azərbaycan neftininin qiyməti kəskin şəkildə düşəndə “Milli Şura”nın ağzıgöyçəklərindən biri olan Gültəkin Hacıbəyli həmin informasiyanı toy-bayramla qarşıladı, özükimilərinə gözaydınlığı verdi və həmin sevinc hissi paralel olaraq Ermənistanda da yaşandı (?!-R.R.) Gültəkin sevinirdi ki, məhz neftin qiymətinin azalması nəticəsində Azərbaycan hakimiyyəti yox ha, Azərbaycan dövləti zəifləyəcək, Azərbaycanda kirli maraqları olan xarici siyasi dairələr fəallaşacaq, hətta aclıq başlayacaq və s.

Çox şükür Allaha ki, bunların heç biri yaşanmadı və nəmxuda, bu gün Azərbaycan neftinin qiyməti özünə görə layiqli yerlərdən birini tutur, hətta Avropa İttifaqı öz enerji təhlükəsizliyini Azərbaycan neftinə və qazına həvalə edir! Belə yerdə isə “Bəs nə oldu, Paşinyan?”, məşhur ifadəsinin “Bəs nə oldu, Güliçka?” ifadəsi ilə əvəzlənməsinin tam yeri deyilmi? Ha erməni olsun, ha da bu, nə fərqi var ki?

Bütövlükdə FHN kimi nüfuzlu dövlət qurumunu hədəfə almaq hansı məqsədlərə hesablanıb?

Nə isə, qayıdaq FNH məsələsinə. İndi yuxarıda adlarını çəkdiklərim və çəkmədiklərim çəkiblər tumanlarını başlarına, gözlərini yumub-ağızlarını da açıblar ki, bəs hələ bundan sonrası da var, hədə bir yandan, şantaj o biri yandan, söyüş də ki, biri-bir qara qəpikdən. Belə məxluqlar hələ də anlamırlar ki, bir dövlət qurumunun daxilində baş verənləri bütövlükdə həmin qurumun adına yazmaq elə dövlətə qarşı çıxmaq deməkdir! 44 günlük Vətən müharibəsi zamanı FHN-nin onlarla əməkdaşı torpaqlarımızın azadlığı uğrunda canlarından keçib şəhid oldular.

Məhz FHN-nin qəhrəman oğulları qardaş Türkiyədə baş vermiş dəhşətli meşə yanğınlarının söndürülməsində tarix yazdılar və yalnız qardaş ölkədə deyil, eləcə də fövqəladə hallar yaşanarkən istənilən anda istənilən ölkələrə öz yardım əllərini uzadırlar.

Bu gün FHN-nin bir çox zabit və sıravi əməkdaşları, habelə FHN daxilində hərbi xidmət keçən oğullarımız Vətən müharibəsi veteranları və qaziləridirlər. Onlar dövlətimizin təhlükəsizliyi naminə hər xidmətə gedəndə “Azərbaycan dövlətinə xidmət edirəm!” deyərək, bu gün də işğaldan azad olunan ərazilərdə həyata keçirilən minatəmizləmə əməliyyatları çərçivəsində fəaliyyət göstərirlər. Belə ki, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin minaaxtaran qrupları bu kimi təhlükəli əməliyyatlara cəlb olunublar. Bütün bunlardan sonra bütövlükdə dövlət qurumunun adına ləkə yaxmaq hansı dəyərlərə sığdırıla bilər? Yaxud, ləkə yaxanlara hansı adı vermək olar? Bu baxımdan, bütövlükdə FHN kimi nüfuzlu dövlət qurumunu hədəfə almaq, həm də belə bir nüansı ortaya çıxarır ki, burada məqsəd heç də intim görüntülərlə bağlı deyil, əslində, həmin görüntülərdən istifadə edilməklə dövlət maraqlarına qarşı çıxmaqdan ibarətdir!

Yeri gəlib deyə yazmağa məcbur oldum. Məgər xaricdə oturub ovurdlarına çullu dovşan sığışmayan gər-gədalar və ağzıgöyçəklər süddən çıxmış ağ qaşıqdırlarmı? Onların hərəsinin boynunda rüsvayçı, biabırçı hadisələr həkk olunmayıbmı? Bəlkə Qənimət Zahidin yadına “Üç Palma” olayını, ya da Sevinc Osmanqızının ABŞ-da rusiyalı kəşfiyyatçı ilə çıxardığı yataq oyunlarını, Məhəmməd Mirzəlinin ən yaxın adamının idbar xarakterli videogörüntüsünü, yada salaq? Ya da Qulaq Qabilin Vətən müharibəsi zamanı dolayısı ilə Ermənistana tərəf yıxıldığını, Azərbaycanın qələbə qazanacağı halda qulağını kəsəcəyi ilə bağlı söyüş qoyduğunu və sonradan həmin söyüşünü necə yediyini, nəticədə kəsəcəyi qulağının hələ də öz yerində sallandığını və kəsiləcəyi vaxtını gözlədiyini xatırladaq..?

Hansı nəticəyə gəlinməli?

Beləliklə: indi bir hadisədir, baş verib və gərək baş verməyəydi də! Biz də, elə FHN rəhbərliyi də əsla istəməzdi ki, ölkə gündəminə neqativ təsir göstərəcək belə bir tükürpədici hadisə yaşansın. Təəssüf ki, yaşandı və bundan sonra yenidən bənzər hadisələrin təkrarlanmaması üçün artıq ciddi nəzarət mexanizmləri də işə salınacaq. Hər şey düzələcək! Düzəlməyəcək olanlar isə, bax, həmin o yuxarıda adları çəkilənlər tör-töküntülər olacaqlar. Onlar boyunlarındakı qara ləkələri ilə Vətən xaini, dövlət satqını kimi öz ucuz həyatlarını yaşamağa davam edəcəklər, hərgah da ki, buna yaşamaq demək olarsa...

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə