“Qarabağda yaşayan ermənilər Azərbaycanın vətəndaşlığını alsalar... ” - AÇIQLAMA
“Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli ordumuz 44 günlük Vətən müharibəsində torpaqlarımızı işğaldan azad edərək hərb yolu ilə qələbəmizi təmin edib, 10 avqustda imzalanmış üçtərəfli bəyanatla isə Ermənistana öhdəliklər qəbul etdirib”. Bu fikirləri millət vəkili Azər Badamov “Səs” qəzetinə açıqlamasında bildirib.
Onun sözlərinə görə, müharibəni döyüş meydanında Ermənistanın kapitulyasiyası ilə sonlandıran Azərbaycan iki ölkə arasında həllini gözləyən digər məsələlərin növbəti mərhələsini hərbi-siyasi yolla təmin edib: “Belə ki, güllə atılmadan Kəlbəcər, Laçın və Ağdam rayonları da Azərbaycana qaytarılıb, bəzi məsələlərin isə həll olunması üçün müddətlər müəyyənləşdirilib. Belə məsələlərdən biri də Laçın dəhlizini Laçın şəhərin ərazisindən çıxartmaq və bu yol boyu yerləşmiş yaşayış məntəqələri Azərbaycanın nəzarətinə qaytarması ilə bağlıdır. Üçtərəfli Bəyanatın 6-cı bəndində nəzərdə tutulmuş Laçın dəhlizinə alternativ yolun Azərbaycan ərazisindən keçən hissəsi qısa zaman kəsiyində inşa edildi və Rusiya sülhməramlıların yerdəyişməsi üçün hazır vəziyyətə gətirildi. Alternativ yol infrastrukturunun hazır olmasını bəyan edən Azərbaycan separatçıların təxribatına qarşı qısa müddətli "Qisas" əməliyyatı keçirərək qarşı tərəfə Laçın, Zabux və Sus yaşayış məntəqələrin boşaldılmasını tələb edib. Qarabağ erməniləri yaşayış məntəqələrin boşaldılması üçün Azərbaycandan 25 avqusta qədər əlavə vaxt istəyi ilə xahiş edib. Cənab Prezidentin qeyd etdiyi kimi, yaşayış məntəqələrimizin 25 avqust və ya 1 sentyabrda, yəni 3-5 gün tez və ya gec bizə təhvil verilməsi bizə o qədər əhəmiyyətli deyil. Əsası odur ki, müəyyən olunmuş müddətdə yaşayış məntəqələrimiz boşaldılmalıdır. Artıq ermənilər Laçın şəhəri, Zabux və Sus kəndlərini boşaldıb. Həmin yaşayış məntəqələrindən demək olar ki, ermənilər köçürülüb. Yaxın zamanda sülhməramlıların yeni çəkilmiş yola köçdüyünü, Laçın dəhlizinin Azərbaycanın nəzarətinə keçdiyini və oraların sakinlərinin öz doğma yurdlarına qayıtdığının şahidi olacağıq. Yəni, məsələlərin mərhələli şəkildə öz həllinin tapılması dövlətimizin qüdrətinin və ölkə başçımızın dediyi sözün gücünün real həyatda təzahürüdür. Dövlət Başçımızın ifadə etdiyi sözlər real nəticəsini verir. Qarabağ ərazisində yaşayan ermənilər bir daha gördülər ki, siyasətimiz humanizm üzərində qurulub və onların təhlükəsiz yaşamaları üçün Azərbaycandan başqa yaxşı bir yer yoxdur. Qarabağda yaşayan ermənilər bu reallığı tez dərk edib Azərbaycanın vətəndaşlığını alsalar, bütün problemlər qısa zamanda öz həllini tapar və Azərbaycanın digər xalqları kimi qanunlarımıza tabe olaraq sərbəst yaşaya biləcəklər”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB