"Ermənilərin əməlləri cəzasız qalmayacaq" - DEPUTAT AÇIQLADI

"Ermənilərin Azərbaycana qarşı növbəti terrorunun tüstüsü Laçın və Xocalıdan çıxır. Erməni terrorçuları Laçını yandıraraq tərk edirlər. Laçının təhvil verilməsini eşidən ermənilər şəhərdə soyğun, talan və yanğınlar törədirlər. Bununla bağlı sosial şəbəkələrdə yayılan görüntülərdə hər şeyi aydın görmək olur". Bu sözləri SİA-ya açıqlamasında deputat Müşfiq Cəfərov deyib.

Onun sözlərinə görə, bu hal ilk deyil, 44 günlük müharibədən sonra kapitulyasiya aktına imza atan ermənilər Ağdam və Kəlbəcəri tərk etmələri üçün onlara verilən vaxtdan sui-istifadə edərək boş qalan kəndlərdə talanlar, soyğunlar, yanğınlar törədirdilər: "Artıq Baş Prokurorluq ermənilərin Laçın və Xocalıda törətdiyi yanğınlarla bağlı cinayət işi başlanıldığını açıqlayıb. Təbii ki, bu əməlləri cəzasız qalmayacaq. Bu faktlarla bağlı Cinayət Məcəlləsinin 282.1 və 186.2.2-ci maddələri ilə cinayət işi başlanmaqla hazırda təxirəsalınmaz istintaq hərəkətlərinin icrası davam etdirilir.

Lakin mən düşünürəm ki, biz bununla kifayətlənməməliyik, bu terroru dünya eco təşkilatlarının da diqqətinə çatdırmalıyıq. Hazırda Ermənistan Azərbaycanın ərazilərində canlı təbiətin və təbii mühitin qorunması haqqında 1979-cu il tarixli Avropa Konvensiyanın tələblərini kobud şəkildə pozaraq ətraf mühitə qəsd edən geniş, uzun sürən və ciddi ziyan vurmaq məqsədilə təbii sərvət hesab edilən qiymətli və çoxillik ağacları olan meşələri qəsdən məhv edirlər".

Deputat sözlərinə belə davam edib: "Azərbaycan YUNESKO-nun Ümumdünya mədəni və təbii irsin qorunması haqqında Konvensiyası, CITES Konvensiyası, Bern Konvensiyası, Bioloji müxtəliflik haqqında Konvensiyaya Biotəhlükəsizliyə dair Kartagena Protokolu, Ramsar Konvensiyası, Böyük məsafələrdə havanın transsərhəd çirkləndirilməsi haqqında Konvensiya, Orxus Konvensiyası, Espo Konvensiyasıyalarının üzvüdür. Düşünürəm ki, bu konvesiyalar üzv dövlətin belə bir ekeloji terrorla üz-üzə olması barədə öz narazılıqlarını ifadə edən sənəd qəbul etməli, bu əməli pisləyən bəyanat yaymalı və Ermənistanı ekologiya düşməni kimi qiymətləndirməlidir.

Bu gün Qarabağda aparılan yenidənqurma işləri bunu deməyə əyani sübutdur ki, ermənilərin dağıtdıqları, xarabalığa çevirdikləri torpaqlara Azərbaycan həyat verir, bundan sonra da öz torpaqlarını dirçəldib inkişaf etdirməyə davam edəcək".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə