İşğaldan azad edilmiş ərazilərimiz böyük iqtisadi potensiala malikdir ŞƏRH

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının əraziləri Azərbaycanın dilbər guşələrindəndir. Bu rayonlar çoxşaxəli və əlverişli iqtisadi resurlarla zəngindir. Xüsusilə, ərazilərin aqrar üstünlüyü xammal bazası və emaledici sənaye istehsalı istiqamətində geniş imkanlar yaradır. Bölgədə böyük ölçüdə kənd təsərrüfatına yararlı torpaqların mövcudluğu və şirin su ehtiyatlarımızın yarıyadək hissəsinin bu ərazilərin payına düşməsi, işğaldan azad olunmuş torpaqlarda aqrar sahənin inkişafı üçün əsas amillərdəndir. Regionun təbii-iqlim şəraitinin müxtəlifliyi kənd təsərrüfatının bütün sahələrini inkişaf etdirməyə imkan yaradır. İşğaldan öncə həmin ərazilərdə yerləşən rayonlarda taxılçılıq, üzümçülük, və heyvandarlıq sahələri yaxşı inkişaf etmiş və həmin rayonlar ölkənin kənd təsərrüfatı məhsulları istehsalında önəmli xüsusi çəkiyə malik olmuşdur. Bunula yanaşı, regionda kartof istehsalı, tütünçülük, tərəvəzçilik və baramaçılıq da inkişaf etmiş sahəlrədən idi.

Ərazilərimizin uzun zaman Ermənistan işğalı altında qalması, həmin torpaqların iqtisadi səmərəsindən istifadə etməyə imkan vermirdi. Bununla yanaşı torpaqlar hərbi tullantılar, su mənbələri isə zəhərli-kimyəvi maddələr ilə çirkləndirilmiş, meşə fondu və yeraltı sərvətlər acgözlüklə talan edilmişdir. Torpaqlarımız işğaldan azad edilən kimi əsl sahibləri tərəfindən kənd təsərrüfatına yararlı torpaqların bir hissəsi əkin dövriyyəsinə cəlb edilmiş, minalardan təmizlənərək təhlükəsizliyi təmin edilən örüş-otlaq sahələrinin heyvandarlıq məqsədləri üçün istifadəsinə başlanılmışdır. Təəssüf ki, azad olunmuş torpaqlarımızın mövcud iqtisadi pottensialından tam və səmərəli istifadəni qısa müddətdə təmin etmək mümkün deyildir. Bunun üçün ilk öncə bərpa mərhələsi sona çatdırılmalı və kənd təsərrüfatının inkişafı üçün zəruri infrastruktur yaradılmalıdır. Bu məqsədlə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "İşğaldan azad edilmiş ərazilərdə iqtisadi inkişafın sürətləndirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" Sərəncamı ilə Nazirlər Kabinetinin qarşısında qoyulan vəzifələr uğurla icra edilir. Azərbaycan Respublikasının müəyyən etdiyi aqrar siyasətin müvəffəqiyyətlə həyata keçirilməsi nəticəsində işğaldan azad olunmuş rayonlar Azərbaycan iqtisadiyyatında layiqli yerini tutacaq və ölkəmizin sosial-iqtisadi inkişafına güclü təkan verəcəkdir.

Akif Əliyev,

YAP Ağcabədi rayon təşkilatının əməkdaşı

Bütün xəbərlər Facebook səhifəmizdə