TARİXİ ŞUŞA BƏYANNAMƏSİ – İki güclü Liderlərin qardaşlıq birliyi TƏHLİL

PREZİDENT İLHAM ƏLİYEV: “Bu gün biz dünya miqyasında, dünya çapında nadir əməkdaşlıq, iş birliyi, müttəfiqlik nümunəsi göstəririk”

PREZİDENT RƏCƏB TAYYİB ƏRDOĞAN: “Bizim gücümüz Azərbaycanın gücü, Azərbaycanın gücü də bizim gücümüzdür”

15 iyun, 2021-ci il - Türkiyə-Azərbaycan, "Bir millət, iki dövlət"i rəsmiləşdirən, ən əsası isə, tariximizdə ilk dəfə olaraq iki güclü liderlərin - Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin işğaldan azad olunmuş Qarabağımızın baş tacı olan Şuşada Müttəfiqlik haqqında Bəyannamə imzalanmasından iki il ötür. Bu real faktordur ki, tarixi sənədlərin imzalandığı tarix və məkan hər zaman böyük əhəmiyyət kəsb edir. Çünki illər sonra gələcək nəsillər bu tarixi və məkanı tarix kitablarından oxuyarkən məsələnin mahiyyətini və əhəmiyyətini daha dərindən dərk edirlər. Bu mənada Şuşa Bəyannaməsinin siyasi və tarixi əhəmiyyətini izah edən məsələ sənədin imzalanma tarixi, yəni 15 iyun-Milli Qurtuluş Günüdürsə, ikincisi onun Azərbaycanın mədəniyyət paytaxtı Şuşada imzalanmasıdır. Əgər 29 il öncə 15 iyun tarixində Azərbaycanda vətəndaş müharibəsinin qarşısını ümummilli lider Heydər Əliyev aldısa, illər sonra Qars müqaviləsinin imzalanmasından iki yüz il sonra eyni gündə Azərbaycanın torpaqlarını düşmən tapdağından azad edən Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşa Bəyannaməsini imzaladı. Bəyannamənin əhəmiyyəti ilə bağlı mətbuata bəyanatında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, “Türkiyə ilə Azərbaycan arasındakı bu bəyannamə bir sıra məsələləri əhatə edir. Gələcəklə bağlı addımları atarkən, artıq təkcə iki ölkəni deyil, bölgəni əhatə edən bir qətiyyətin bu sənəddə ifadə olunduğunu görürük”. Bəli, bu qətiyyətin və birliyin təcəssümünü elə bəyannamənin mətni ilə tanış olarkən aydın görmək mümkündür: “Tərəflərdən hər hansı birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, birgə məsləhətləşmələr aparılması, bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirilməsi, BMT Nizamnaməsinə uyğun olaraq bir-birinə lazımi yardım göstərməsi, Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyətinin təşkili nəzərdə tutulur”.

ŞUŞA BƏYANNAMƏSİ AZƏRBAYCAN–TÜRKİYƏ MÜNASİBƏTLƏRİNİN ƏN YÜKSƏK ZİRVƏDƏ OLDUĞUNU GÖSTƏRƏN MÜHÜM SƏNƏDDİR

Bunu Prezident İlham Əliyev “Azərbaycan – Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir” mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciətində qeyd edib. Dövlət başçısı bildirib ki, Bir il əvvəl – 2021-ci il iyunun 15-də “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanması ilə dost, qardaş və strateji tərəfdaş olan ölkələrimiz arasında əlaqələr keyfiyyətcə yeni mərhələyə yüksəlmişdir.Bu baxımdan da bir il bundan əvvəl imzalanan Şuşa Bəyannaməsinin müstəsna siyasi, iqtisadi, hərbi, elmi, mənəvi və tarixi əhəmiyyətini xüsusi olaraq qeyd etmək lazımdır. İlk növbədə bu sənəd Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamları ilə xarakterizə olunan Azərbaycan-Türkiyə münasibətlərini daha da gücləndirərək yeni bir mərhələnin əsasını qoydu. Digər tərəfdən Ermənistanda revanşizmin və Qars müqaviləsinin ləğvi barədə iddiaların səsləndirildiyi, bəzi dövlətlərin regionda yenidən qarışıqlıq yaratmaq istədikləri bir zamanda belə bir sənədin imzalanması xüsusi rəmzi məna daşıdı. Məlumdur ki, Qars müqaviləsinin ləğv edilməsi ilə bağlı ayrı-ayrı vaxtlarda həm ermənilər, həm də onlara havadarlıq edən qüvvələr fikirlər səsləndirmiş və bunun üçün cəhdlər göstəriblər. Lakin Şuşada imzalanan Bəyannamə bu məsələni tarixin arxivinə göndərdi.

HƏR İKİ LİDERİN ŞUŞA BƏYANNAMƏSİNƏ İSTİNAD ETMƏLƏRİ BİRLİK, QARDAŞLIĞIN TƏSDİQİDİR

Prezident İlham Əliyevin dediyi kimi: “Birgə Bəyannamə - Müttəfiqlik haqqında Bəyannamə əlaqələrimizi ən yüksək zirvəyə qaldırır”. Bu baxımdan, Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın fəaliyyəti, həyata keçirdikləri siyasət iki qardaş dövlət üçün deyil, həm də Türk dünyası, region və dünya üçün tarixi hadisədir. 15 iyun Azərbaycan tarixində ikinci dəfə xüsusi bir mahiyyət daşıyan günə çevrildi. Zəngəzur dəhlizi layihəsinin həyata keçirilməsi ilə Şərqdən Qərbə hər kəsin istifadə edə biləcəyi yeni bir ortaq iqtisadi dəhliz açılacaqdır. Bu layihə nəinki bölgə, region üçün, həm də dünya üçün vacib və mühüm əhəmiyyət daşıyır. Şuşa Bəyannaməsi Cənub-Şərqi Avropada və Qafqazda iqtisadi artımın güclənməsi, infrastrukturun inkişafı və regional təhlükəsizliyin qorunması üçün çox vacib vasitədir. Həmçinin, elə bu günlərdə Bakıda keçirilən “TEKNOFEST-Azərbaycan”da hər iki liderin Şuşa Bəyannaməsinə istinad etmələri, birlik, qardaşlıq mesajları vermələri bu fikirləri bir daha təsdiq edir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Bu gün biz dünya miqyasında, dünya çapında nadir əməkdaşlıq, iş birliyi, müttəfiqlik nümunəsi göstəririk”. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dediyi kimi: “Bizim gücümüz Azərbaycanın gücü, Azərbaycanın gücü də bizim gücümüzdür”.

ŞUŞA BƏYANNAMƏSİ AZƏRBAYCAN-TÜRKİYƏ MÜNASİBƏTLƏRİNƏ MÖHÜRÜNÜ VURDU

Bir sözlə, Şuşa şəhərində Azərbaycanla Türkiyə arasında Müttəfiqlik Bəyannaməsinin imzalandığı 15 iyun 2021-ci il tariximizin ən parlaq və ən şanlı səhifələrindən biri olaraq yaddaşlarda qalacaq. Və Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında imzalanmış Müttəfiqlik haqqında Şuşa Bəyannaməsi iki qardaş dövlətin münasibətlərinin yeni mərhələsinin başlanğıcı oldu. Həmçinin, Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyənin qardaşlığını bütün dünyaya bildirən bir mesajdır. Bu Bəyannamə iki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoymaqla Azərbaycan-Türkiyə münasibətlərinə öz möhürünü vurdu. Bundan sonra da Türkiyə və Azərbaycan bütün məsələlərdə bir yerdədir, bundan sonra da bu, belə olacaq. Beləliklə, bir il öncə imzalanmış Şuşa Bəyannaməsi öz əhəmiyyətinə görə region ölkələrinin, o cümlədən Azərbaycan-Türkiyə əməkdaşlığının dərinləşməsinə və işbirliyinin genişlənməsinə xidmət edir. Bu Bəyannamə Azərbaycan və Türkiyə – iki güclü Liderlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasında bütün sahələrdə inteqrasiyanın nümunəsidir.

ŞUŞA BƏYANNAMƏSİ BÜTÜN DÜNYANIN BARIŞMALI OLDUĞU TARİXİ GERÇƏKLİKDİR

Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmış Şuşa Bəyannaməsi bütün dünyanın barışmalı olduğu tarixi gerçəklikdir. Hər iki ölkənin ümumi maraqlarının qorunmasında imkanların birləşdirilməsinə, eləcə də müştərək maraq kəsb edən regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərinin qarşılıqlı şəkildə əlaqələndirilməsinə istiqamətlənən saziş Bakı və Ankaranın başçılığı altında yeni regional geosiyasi konfiqurasiyanın qurulmasının başlanğıcıdır. Bu, regionda 200 ilə yaxın davam edən geosiyasi konfiqurasiyaların dağıdılması və bundan sonra Azərbaycan-Türkiyə tandeminin rəhbərliyi altında davam edəcək yeni regional düzənin başlanğıcı deməkdir. Çünki bu gün Azərbaycanla Türkiyə arasındakı münasibətlərin dünyada analoqu yoxdur. 44 günlük Vətən müharibəsində Türkiyənin Azərbaycana qətiyyətli siyasi və mənəvi dəstəyi və qazanılan zəfər regionda yeni reallıqlar yaratdı. Bütün dünya bir daha Azərbaycan-Türkiyə qardaşlığının təntənəsinin şahidi oldu. Bu baxımdan, Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının və birliyinin yeni təsdiqi sayılan müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsi hər iki ölkə ilə yanaşı, region və dünya üçün də son dərəcə böyük əhəmiyyət kəsb edir. Həmçinin, imzalanmış Müttəfiqlik Bəyannaməsi iki ölkə arasında münasibətlərin ən yüksək zirvəyə çatmasının göstəricisidir. Ən əsası, bu Bəyannamə region üçün yeni tarixi gerçəklik deməkdir. Dövlət başçımızın dediyi kimi: "Bu gün müttəfiqlik haqqında imzalanmış birgə Bəyannamə əlaqələrimizi ən yüksək zirvəyə qaldırır. Bəyannamənin adı öz-özlüyündə hər şeyi deyir. Biz bu gün keyfiyyətcə yeni əlaqələr qurmuşuq və bu bəyannamədə göstərilən bütün müddəalar bizim gələcək işbirliyimizin təminatıdır". Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın söylədiyi kimi: "Gələcəklə bağlı addımları atarkən, artıq təkcə iki ölkəni deyil, bölgəni əhatə edən bir qətiyyətin bu sənəddə ifadə olunduğunu görürük". Bir sözlə, Şuşa Bəyannaməsi bütün güclərin qəbul etməli olduğu tarixi gerçəklikdir.

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə