Ərzaq təhlükəsizliyinin təminatı zamanın tələbidir ŞƏRH

Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində ölkəmiz getdikcə daha da müasirləşir, iqtisadi islahatları reallaşdıran və innovativ inkişafa yol açan dövlətə çevrilir. Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi sosial-iqtisadi inkişaf strategiyası Azərbaycan Prezidenti Cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsinin məntiqi olaraq ölkəmizin qeyri-neft sənayesi də dinamik inkişaf edir, qabaqcıl texnologiyalara əsaslanan yeni istehsal və emal müəssisələri yaradılır. Hazırda bu istiqamətdə aparılan işlər ölkənin bütün regionlarında uğurla davam etdirilir. Ölkənin iqtisadi inkişafının baza sütunlarından biri olan regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrası bütün mövcud problemləri, insanları narahat edən sosial məsələləri əhatə edərək, ölkəmizin dinamik inkişafını təmin etməklə yanaşı, bölgələrin potensialının artmasına və əhalinin rifahının yüksəlməsinə geniş şərait yaradıb.

Dövlət proqramlarının icrası istiqamətində görülən işlər nəticəsində ölkənin hər yerində genişmiqyaslı abadlıq-quruculuq işləri həyata keçirilib. Bütün bunlar ölkədə yaradılmış siyasi sabitliklə yanaşı, iqtisadiyyatın şaxələndirilməsi, biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması, sahibkarlığın inkişafı, eləcə də mövcud çağırışların tələblərinə uyğun çevik iqtisadi islahat tədbirləri sayəsində mümkün olub.

Prezident İlham Əliyevin 19 illik hakimiyyəti dövründə regionların sosial–iqtisadi inkişafı xüsusi diqqət mərkəzindədir. Bu dövlət proqramlarının uğurla yerinə yetirilməsi nəticəsində respublikamızın bütün rayonlarında geniş abadlıq-quruculuq işləri həyata keçirilib. Böyük infrastruktur, sosial infrastruktur layihələri icra olunub, hər rayonda müasir xəstəxana, tibb ocaqları, çoxlu sayda məktəblər inşa edilib. Avqustun 12-də dövlətimizin başçısı İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın İsmayıllı və Ağsu rayonlarına səfəri dövlətimiz tərəfindən bütün regionların diqqətdə saxlanıldığını və yeni infrastrukur, sosial layihələrin davamlı olaraq həyata keçirildiyini göstərir. Səfər çərçivəsində dövlətimizin başçısı yeni layihələrin açılışlarını edərək, görüləcək işlər haqqında tapşırıqlar verib. Qeyd edək ki, son illərdə təkcə bu iki rayonda 10-dan çox elektrik yarımstansiyası inşa olunub və elektriklə təchizat tam təmin edilib. Ağsuda və İsmayıllıda 160 çarpayılıq xəstəxana tikilib, 100-ə yaxın məktəb inşa edilib, ya da əsaslı şəkildə təmir olunub. Hər iki rayonda iş yerlərinin yaradılması ilə bağlı böyük layihələr icra edilib. Bu istiqamətdə həyata keçirilmiş tədbirlərə nümunə olaraq Basqal qəsəbəsində 179 otaqlı müasir otelin açılışı və Ağsu rayonunda böyük aqroparkın fəaliyyətə başlaması görülən işlərin davamıdır.

Əlbəttə ki, bu gün ərzaq təhlükəsizliyi diqqətdə olduğundan mövcud potensialdan və torpaq ehtiyatlarından istifadənin səmərəsini yüksəltmək əsas məsələlərdəndir. Bu gün ərzaq təhlükəsizliyi ilə bağlı narahatlıq təkcə Azərbaycanda deyil, dünyada var. Azərbaycanda isə bu istiqamətdə fəal iş aparır. Prezident İlham Əliyev avqustun 12-də Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibəsində "Görülmüş və görüləcək işlər nəticəsində biz özümüzü bu sahədə də təmin etmiş ölkəyə çevirəcəyik və ərzaq təhlükəsizliyi məsələləri, əminəm ki, Azərbaycanda maksimum dərəcədə təmin olunacaq" - deyə bildirib ki, biz hələ də özümüzü tam, yəni, 100 faiz əsas ərzaq məhsulları ilə təmin edə bilmirik: "Ancaq bu istiqamətdə ardıcıl işlər aparılır. Məsələn, bizim üçün ənənəvi olmayan heyvandarlıq sahəsində, yəni, - mən sovet dövrünü nəzərdə tuturam, o vaxt heyvandarlıq Azərbaycanda demək olar ki, az inkişaf etmişdi, - bu gün biz özümüzü ət məhsulları ilə 90 faiz, quş əti ilə 80 faiz, süd, süd məhsulları ilə 85 faiz səviyyəsində təmin edirik."

Bu gün işğaldan azad olunmuş ərazilərimizdə kənd təsərrüfatının bərpası və inkişafı ilə bağlı davamlı tədbirlər həyata keçirilir. "Azad edilmiş ərazilərdə kənd təsərrüfatı üçün çox münbit həm iqlim var, həm də təbii şərait var, həm maldarlıq, həm də bitkiçilik üçün. Biz əlbəttə ki, bundan maksimum dərəcədə səmərəli şəkildə istifadə etməliyik", - deyə müsahibəsində bildirən Prezident qeyd edib ki, eyni zamanda, ərzaq təhlükəsizliyi ilə bağlı mövcud olan məsələlər bu günün məsələləri deyil: "Torpaqlarımız işğalçılardan azad olunandan sonra mən dərhal göstəriş verdim ki, azad edilmiş torpaqlarda biz vaxt itirmədən əkin-biçinlə məşğul olmalıyıq. Bu il 50 min hektarda taxıl əkilmişdir və artıq məhsul yığımı da sona çatmaq üzrədir".

Artıq işğaldan azad olunan ərazilərdə Kəlbəcər, Laçın, Zəngilan rayonlarında heyvandarlığın inkişafı istiqamətində işlər görülüb. Kəlbəcər və Laçın rayonlarında arıçı təsərrüfatları qurulub. Füzuli, Ağdam, Cəbrayıl, Qubadlı rayonlarında isə taxılçılıq, üzümçülük, meyvəçilik, fındıqçılıq sahələri inkişaf etdiriləcək. "Bu bölgələrdə - Şərqi Zəngəzur və Qarabağ bölgələrində kənd təsərrüfatının inkişafı, yenə də deyirəm, ən müasir əsaslar üzərində qurulmalıdır", - deyən Prezident bildirib ki, biz faktiki olaraq işlərə sıfırdan başlayırıq, ona görə səhvə yol verə bilmərik: "Vaxtilə Azərbaycanda aparılmış kənd təsərrüfatı islahatı zamanı buraxılan səhvlərə yol verə bilmərik. Hər şey düzgün, şəffaf olmalıdır və əminəm ki, bunun nəticəsində ən böyük məhsuldarlıq məhz işğaldan azad edilmiş torpaqlarda olacaq". İşğaldan azad olunmuş ərazilərimizdə, eləcə də Azərbaycanın bütün regionlarında həyata keçirilən tədbirlər bir daha təsdiqləyir ki, ölkəmiz özünün yeni inkişaf dövrünü yaşayır.

Habil QURBANOV,

Yeni Azərbaycan Partiyası Zaqatala rayon təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə