Regionların inkişafı Prezidentin daxili siyasətinin ən vacib sahələrindən biridir ŞƏRH

Dünya iqtisadi sisteminə fəal inteqrasiya yolu seçən Azərbaycanda aparılan uğurlu, məqsədyönlü siyasət nəticəsində ildən-ilə daha yüksək inkişaf göstəriciləri nümayiş etdirən iqtisadiyyatın formalaşdırılması ölkədə işgüzar fəallığın daha da yüksəldilməsinə, əhalinin etibarlı sosial müdafiəsini, maddi-rifah halının əhəmiyyətli dərəcədə yaxşılaşdırılmasını təmin etmişdir.
Son illər dövlətləri narahat edən, onların qarşısında təhdid kimi duran məsələlərdən biri əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsidir. Bu, təhdidləri yaradan, onlara səbəb olan bir sıra amillər var. Son bir neçə ildə koronavirus pandemiyasının bütün sahələrdə yaratdığı çətinliklər aqrar sahədən də yan ötüşməyib. Həm məhsulun istehsalında, daşınmasında, həm də logistika baxımından bir çox çətinliklər yaradıb. Bu da ölkələrin kənd təsərrüfatı məhsulu ilə özünü təmin etməsində bir sıra çətinliklər yaradıb. Bununla əlaqədar bir sıra dövlətlər ərzaq məhsullarının ixracına müəyyən məhdudiyyətlər və qadağalar qoyublar.
Regionların inkişafı Prezident cənab İlham Əliyevin daxili siyasətinin ən vacib sahələrindən biri olduğundan, onun Azərbaycanın müxtəlif rayonlarına səfərləri mühüm əhəmiyyət kəsb edir.
Avqustun 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına verdiyi müsahibədə qeyd edib ki, dünyada mövcud olan ərzaq mallarının bahalaşması da, əlbəttə ki, bizə də təsir edir. Bu il dünyanın əksər ölkələrində inflyasiya ikirəqəmli inflyasiyadır. Özümüzü bütün problemlərdən tam sığortalamaq üçün praktiki işlər aparırıq və aparacağıq. Əminəm ki, növbəti illərdə həm bu gün mövcud olan əkin sahələrində daha bol məhsul götürmək üçün suvarma layihələri, düzgün aqrotexniki tədbirlərin görülməsi və digər tədbirlər, subsidiyalar nəticəsində biz məhsuldarlığı böyük dərəcədə artıra biləcəyik. Eyni zamanda, biz artıq azad edilmiş torpaqlarda da əkin-biçinlə məşğuluq. Mənim göstərişimlə vaxt itirmədən əkin işləri aparılmışdır, minalardan təmizləmə işləri aparılmışdır. Hesab edirəm ki, gələcəkdə Qarabağda və Şərqi Zəngəzurda yetişdiriləcək məhsullar ərzaq təhlükəsizliyimizin tam təmin edilməsində bizə böyük kömək göstərəcək.
Həmçinin dövlət başçısı qeyd etmişdir ki, dövlət işğaldan azad olunmuş ərazilərə qayıdan fermerlərə öz təsərrüfatlarını qurmaqda, o cümlədən onların istehsal etdikləri məhsulları bazara çıxarmaqda dəstək verəcək.
Qeyd edək ki, Kəlbəcər, Laçın, Zəngilan rayonlarında heyvandarlığın böyük potensialı var. Füzuli, Ağdam, Cəbrayıl, Qubadlı rayonlarında taxılçılıq, o cümlədən üzümçülük, meyvəçilik, fındıqçılıq sahələri inkişaf etməlidir. Artıq 2 ildir ki, bu ərazilərdə qeyd edilən sahələrin inkişafı ilə bağlı tədbirlər həyata keçirilir. Bundan başqa Kəlbəcər və Laçın rayonlarında arı təsərrüfatlarının inkişafı üçün də şərait yaradılıb.
Ölkə başçısı kənd təsərrüfatının ölkə iqtisadiyyatında rolunu nəzərə alaraq bu sahənin inkişafı ilə bağlı işlərin görülməsi üçün ciddi tapşırıqların verildiyini bir daha diqqətə çatdırmışdır.
Müzəffər Ali Baş Komandanın müsahibə zamanı toxunduğu önəmli məsələlərdən biri də Qarabağda yaşayan ermənilərə qarşı Azərbaycan dövlətinin münasibəti idi. Prezident bildirdi ki, onlar bizim vətəndaşlarımız olduqlarını nə qədər tez dərk etsələr, o qədər də hamı üçün yaxşı olar. Ermənistan hakimiyyətinin Qarabağda yaşayan ermənilərə öz təsir imkanlarını itirirməsi, Azərbaycan hakimiyyətinin isə öz təsir imkanlarını artırması nəticəsində onlar açıq-aydın gördülər ki, Ermənistan hakimiyyəti onların problemlərini həll etmək iqtidarında deyil. Cənab Prezident “Qisas” əməliyyatı ilə bağlı danışarkən bu əməliyyatın Ermənistan üçün dərs olduğunu vurğulayaraq onların çirkin əməllərindən əl çəkməyə çağırdı. Azərbaycan güclü tərəfdir və sərt şəkildə revanşist qüvvələrin cavabını vermək iqtidarındadır.
Bir daha qeyd olundu ki, Qarabağda yaşayan ermənilərin nə statusu olacaq, nə müstəqilliyi olacaq, nə də hansısa xüsusi imtiyazı olacaq. Azərbaycan vətəndaşları necə yaşayırsa, Azərbaycan vətəndaşlarının hüquqları necə qorunursa, onların da hüquqları qorunacaqdır.
Ermənistan hökumətinin də, Qarabağda yaşayan ermənilərin də yeganə çıxış yolu Azərbaycan dövləti ilə hesablaşmaqdır.
İndi Qarabağda yaşayan ermənilər görürlər ki, Azərbaycandan onlara ancaq xeyir gələ bilər. Bütün bunlar düzgün həyata keçirilən, ədalətə və beynəlxalq hüquqa əsaslanan siyasətin nəticəsidir. Azərbaycan qalib ölkə olaraq diktə edən tərəfdir. Ermənistanın reallıqları qəbul etməkdən başqa yolu yoxdur.

Həbib Misirov
YAP Kəlbəcər rayon təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə