"Səfər həmin rayonlarla bağlı əlavə tədbirlərin görülməsinə böyük dəstək olacaq" - DEPUTAT AÇIQLADI

"Cənab Prezident İlham Əliyevin regionlara vaxtaşırı səfəri həm regionlarda aparılan quruculluq işləri ilə tanış olmaq, həm də həmin regionlarla bağlı gələcək planların indidən qurulması üçün vacibdir". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirib.

Onun sözlərinə görə, bu günlərdə ölkə başçısın Qobustan, İsmayıllı və Ağsuya səfəri də istisna təşkil etmirdi: "Göründüyü kimi, dövlət başçısı regionların potensialına uyğun olaraq onların iqtisadi modelinin qurulmasına çox böyük əhəmiyyət verir. Bir qrup rayonlarda turizmi inkişaf etdirmək olar, bir qrup rayonlarda yerli sənaye üçün böyük potensial var. Qobustan, İsmayıllı və Ağsuya edilən səfər isə onu göstərdi ki, bu rayonlarda iqtisadiyyatın bütün sahələrinin inkişaf etdirmək mümkündür. Bununla bağlı cənab Prezidentin tövsiyələri, bu rayonların inkişafı ilə bağlı göstərdiyi diqqət böyük əhəmiyyətə malikdir. Bu da onu göstərir ki, Azərbaycanın inkişaf mərkəzi artıq çoxdan paytaxtdan regionlara köçmüşdür. Hər bir regionun əmək bazarından maksimum istifadə edilməsi, yerli istehsalın artırılması, insanların iş yerləri ilə təmin olunması üçün böyük işlər görülür. Hesab edirəm ki, bu səfər həmin rayonlarla bağlı əlavə tədbirlərin görülməsinə böyük dəstək olacaqdır. Dövlət başçısı bir daha sübut etdi ki, hər bir rayonun inkişafı onun diqqətindədir. İnsanlarımızın sosial məsələlərinin həlli daima ölkə başçısını maraqlandırır”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə