"Rusiya Avropanı enerji blokadasına salır" -POLİTOLOQ REAKSİYA VERDİ

"Ukrayna uğrunda illər əvvəl başlamış siyasi mübarizənin davamı olan müharibə dünyanın siyasi, iqtisadi və beynəlxalq təhlükəzisliyinə ciddi təhdidlər yaratmışdır". Bu sözləri SİA-ya açıqlamasında politoloq Amid Əliyev deyib.

Politoloq Amid Əliyev bildirib ki, hazırda beynəlxalq münasibətlərin və hüququn əsasını təşkil edən prinsiplərin heç biri bu müharibəni dayandırmaq iqtidarında deyil: "Çünki müharibə edən tərəflər hər biri özlüyündə özünü haqlı mövqedən çıxış etdiyini bəyan edir. Nəticədə isə bütün dünya bu müharibənin ağır nəticələrini öz üzərində hiss edir. Tərəflərin ən əsas silah arsenalı isə nüvə silahına malik olmaları və ya nüvə reaktrlarının olmasıdır. 1986-cı il Çernobıl qəzası hamımızın yaxşı yadındadır. Onun törətdiyi fəsadları bu gün də görmək olar. Belə bir fəlakətin yenidən baş vermə təhlükəsi olduqca çoxdur. Ukraynada fəaliyyət göstərən Zaparoje Atom Elektrik Stansiyasına (AES) Avropanın 2-ci böyük mərkəzi hesab olunur. Bu mərkəz ətrafında qızğın döyüşlərin getməsi təhkükənin olma ehtimalını təbii ki, artırır. Lakin həm Rusiya, həm də Ukrayna yaxşı başa düşürlər ki, belə bir təhlükə olacağı təqdirdə, nəinki Ukrayna, Avropa və Rusiyanın bir çox hissəsi bu təhlükədən ən çox zərər çəkmiş ərazilər olacaq, hətta bu zərərin aradan qaldırılması isə bütün dünya üçün ağır olacaq. Hələ də Çernobılda radiasiya səviyyəsi insan həyatına təhlükə yarada biləcək səviyyədə qalıb. 200 ildən sonra burada hansısa normal yaşayış haqqında fikirləşmək olar".
Politoloq sözlərinə əlavə edərək bildirib ki, hər iki tərəfin nüvə silahına və ya mərkəzinə malik olması, əslində, müharibənin gedişinə birbaşa təsir edən əsas amillərdən biridir: " Belə ki, Rusiya yaxşı başa düşür ki, nüvə silahından istifadə bu silahdan da cavab ilə qarşılanacaq. Bunu etdiyi halda, dünya və bəşəriyyət heç zaman bunu Rusiyaya bağışlamayacaq. Qərbin də əlində nüvə silahının olması Rusiyanı bəzi taktiki və real addımlardan çəkindirir, bəlkə də qorxudur. Realda hər iki cəbhədə bu silahın olması ayrılıqda hər bir tərəfə müharibənin gedişinə təsir edə biləcək real addımlar atmaqdan çəkindirir. Bu növ silahın istifadəsi ən son addım kimi hesablanıb. Sanki bu arsenal qarşı tərəfdə qorxu yaratmaq, qorxu içində saxlamaq üçün hazırlanıb. Belə olan halda nə Rusiyanın, nə də Qərbin indiki məqamda nüvə silahından istifadə etməsi real görünmür. Ən azından ona görə ki, hələ də danışıqlar vasitəsilə müəyyən müsbət nəticələr əldə etmək olur. Məsələn, "Taxıl dəhlizini" buna misal göstərmək olar. Rusiya Zaparoje mərkəzi ətrafında aktiv döyüşlər aparmasının əsas səbəblərindən biri kimi, Ukrayna və Avropanı enerji blokadasına salmaqdır. Rusiya çox gözəl anlayır ki, qarşıdakı qış aylarında Ukrayna və Avropanı enerji böhranı ilə sıxmaqla bir sıra məsələləri öz hesabına həll edə bilər. Əsas məqam da elə bundan ibarətdir. Bunu Ukrayna tərəfi də çox gözəl anlayır. Rusiya bu məsələdə ümumilikdə isə müharibənin öz xeyrinə həll olması istiqamətində heç kimə güzəştə getmək fikrində olmayacaq və son arsenalınadək istifadə edəcək. Rusiya mühribənin həll yolu kimi dünyada "günahkar" simasında çıxış etmək fikrində də deyil və bu barədə etiraf da gözləmək məntiqsiz olar. Buna cavab olaraq Qərb də öz növbəsində Ukrayna tərəfini silahlandırmaqda davam edəcək ki, Rusiyanın təzyiq və zərbələrinə tab gətirmək mümkün olsun. Sonda Ukrayna müharibə poliqonu olaraq şovinist maraqların qurbanına çeviriləcək. Müharibənin dayandırılması və sülhün əldə olunması isə hər iki tərəfi razı salan real təkliflər paketi təqdim olunduqda və milli maraqlar təmin olunduğu zaman mümkün olacaq".

Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə