Andranik Çavuşyan: “Biz bu günün gələcəyini bilirdik...”

Ermənilərdən etiraf...

“...Ermənistan rəhbərliyi Azərbaycana çoxlu vədlər verib və bunu ardıcıl şəkildə yerinə yetirir. Amma Azərbaycan Ermənistanın bu prosesi mümkün qədər gecikdirmək istəyini görərək bu prosesi tələsdirir. Baş verənlərin bütün mahiyyəti bundan ibarətdir”.

Qeyd edək ki, bunu erməni saytına politoloq Armen Baqdasaryan bildirib.

Maraqlıdır ki, Bakının son hərəkətlərini “təxribat” adlandıran eməni politoloq Baş nazir Paşinyanın yaşananlarla bağlı acizliyini, onun sadəcə olaraq, Azərbaycan və Rusiyadan narazılıq etməsinin mənasız bir şey olduğunu bildirib.

“...Baş nazir, yeri gəlmişkən, insanların ölümünə səbəb olan hadisələrin mahiyyətini və səbəblərini açıqlamaqdan qaçaraq, növbəti dəfə baş verənlərə görə Bakı və Moskvanı günahlandırmaqla kifayətlənib. Paşinyan özünü qeyri-məqbul ittihamlarla məhdudlaşdırır. - Bakı və Moskvaya qarşı öhdəliklərin yerinə yetirilməsi,.. mən bunu İrəvanın “artsax”dan imtina etməsi kimi qəbul edirəm”-deyən Baqdasaryan başqa bir məsələyə əminlik ifadə edir.

Belə ki, onun sözlərinə görə, “...Bakı son hərəkətiylə İrəvana nümayiş etdirdi ki, əgər Ermənistan “Zəngəzur dəhlizi”ni verməkdən imtina edərsə, bu halda Azərbaycan Laçın vasitəsilə dəhlizi keçəcək”.

..Başqa bir erməni politoloq Armen Vardanyana görə, azərbaycanlıların son hücumlarının məqsədi Ermənistanı təslim etmək üçün onu Laçından yan keçən yol çəkməyə məcbur etməkdir.

Maraqlıdır ki, Bakının son hərəkətlərini ermənilərə son “xəbərdarlıq və ultimatum” adlandıran Vardanyan Azərbaycanın Laçını qaytardıqdan sonra da dayanmayacağına əminlik bildirir.

Onun fikrincə, “...şəhərin (qeyd edim ki, Vardanyan burada Laçını nəzərdə tutur) “təslim olması” an məsələsidir”.

Yeri gəlmişkən, bu arada qondarma respublikanın qondrma “naziri” Hayk Xanumyan vaxtilə erməni səlahiyyətlilərinin şirnikləşdirərək xaricdən Laçın və Zabuxda məskunlaşdırmağa gətirdikləri “sakinlərə” avqustun 25-dək zəbt etdikləri evləri tərk etmək barədə xəbərdarlıq edib.

...Bu arada “evini” tərk edəcək Zabux “sakini” Andranik Çavuşyanın etirafına diqqət yetirin. Onun sözlərinə görə, Nikol ordunu ləğv edərək, sonuncu əsgəri də buralardan çıxarıb: “...hazırda “sakinlər” özlərini xəyanət edilmiş, tərk edilmiş kimi hiss edirlər. Amma biz bu günün gələcəyini bilirdik, amma buna baxmayaraq müəyyən ümidlərimiz də var idi”.

Təbii ki, bu çətinə düşəndə yazığa dönən erməninin səmimiyyətdən uzaq etirafıdır. Amma onun bu gün ermənilərin “xalq kimi heçə çevrildiyini” deməsi bir az inandırıcı görünür.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə