PREZİDENT İLHAM ƏLİYEV: "Xalqın birinci xidmətçisi mənəm və bütün dövlət məmurları belə işləməlidirlər"
Hər bir ölkənin inkişafında idarəçilik sistemində təkmilləşmə əhəmiyyətli rol oynayır. Bu fikir beynəlxalq səviyyədə də qeyd edilir ki, yoxsul deyil, yaxşı idarə olunmayan ölkələr var. Azərbaycanın bu sahədə təcrübəsi nümunə göstərilir. Daim yeniliyə, təkmilləşməyə meyilli olan və bunu atdığı addımları ilə təsdiqləyən ölkəmizin zamanın tələbi ilə idarəetmədə apardığı islahatlar davamlılığı ilə diqqət çəkir. Reallıq budur ki, ölkə iqtisadiyyatının inkişafında, sosial islahatların həyata keçirilməsində kadr islahatlarının rolu böyükdür. Bu baxımdan respublikada dövlət idarəçiliyi sistemi xalqın və dövlətin maraqları, milli mənafelər nəzərə alınmaqla təkmilləşdirilir, hədəflərə, müasir dövrün çağırışlarına uyğun addımlar atılır. Son dövrlərdə ölkənin dövlət idarəetmə sistemində həyata keçirilən struktur islahatları çərçivəsində gənc kadrlara xüsusi etimad göstərilməsi təqdirəlayiq hal, gələcəyimizə təminatdır. Ölkəmizdə gənclər siyasətinin əsas prinsiplərindən olan yeni nəslin nümayəndələrinin dövlət idarəçiliyində irəli çəkilməsi ənənəsi hazırda daha intensiv, bütün sahələr üzrə davam etdirilir. Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan, Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasətin nəticəsidir ki, ölkəmizdə bütün sahələrdə gənclərdən ibarət peşəkar kadr potensialı formalaşıb. Təcrübə göstərir ki, yeni nəslə etimadın artması ölkə gəncliyinin stimullaşdırılması baxımından da vacibdir. Gənclərin rəhbər vəzifələrə, idarəetmə strukturlarında irəli çəkilməsi köhnə stereotiplərdən uzaqlaşmaq, zamanın tələblərinə yeni yanaşma baxımından da əhəmiyyətlidir. Bu cür inkişaf isə əlbəttə ki, ümumilikdə ölkənin, cəmiyyətin xeyrinədir. Bu, bir reallıqdır ki, texnologiyalar əsri adlandırılan, elmin tərəqqi etdiyi müasir dövrümüzdə gənclər insanları möcüzələri ilə heyrətləndirən yeni texnologiyaları daha çox və tez mənimsəyirlər. Bu baxımdan yaşlı nəslin təcrübəsi ilə gəncliyin enerjisinin birlikdə tətbiqi idarəçilik sistemində daha çox səmərə verir. Buna görə də son illərdə aparılan kadr islahatlarının tərkib hissəsi olan gənclərin idarəetmə strukturunda, hökumət işlərində irəli çəkilməsi ənənəsi özünü doğruldur və davam etdirilir. Bu baxımdan, dövlətin idarə olunması siyasətinə diqqətlə yanaşan, siyasi iradə göstərən Prezident İlham Əliyevin yeni vəzifələrə təyin olunan kadrlarla görüşlərində əsas tələbi birmənalıdır: «Xalqın maraqlarına uyğun fəaliyyət göstərmək, insanların istək və tələblərini yerindəcə həll etmək, ədalət prinsiplərinə riayət etmək, dövlətin mənafeyini, şəffaflığı qorumaq, korrupsiya və rüşvətxorluğa qarşı barışmaz mübarizə aparmaq. “Biz Azərbaycanı müasir, sürətlə inkişaf edən, şəffaflığı öz siyasətində bayraq edən ölkə kimi görmək istəyirik və buna nail olacağıq. Heç kim bu işdə bizə mane ola bilməz” söyləyən Prezident İlham Əliyevin gənclərə tövsiyəsi dəyişilməzdir. İyulun 25-də Araz Əhmədovu Masallı, Əkbər Abbasovu Lerik və Elvin Paşayevi Göygöl rayon icra hakimiyyətlərinin başçısı təyin olunmaları ilə əlaqədar qəbul edərkən bir daha idarəetmədə aparılan islahatların uğurlu nəticələrindən bəhs edərək bildirmişdir: «Mən hesab edirəm ki, son vaxtlar ölkəmizdə gedən çoxşaxəli islahatlar, o cümlədən idarəetmə sahəsində aparılan islahatlar, həmçinin kadr islahatları bütün Azərbaycan ictimaiyyətinə bizim siyasətimizi göstərir, bizim niyyətimizi göstərir”. Yeni təyinatlardan vəzifə məsuliyyətlərinə vicdanla yanaşmağı tələb edən Prezident İlham Əliyevin tövsiyəsi, tələbi xalqla birgə çalışmaq bacarıqlarını işləri ilə təsdiqləmək, onlara göstərilən etimadı vəzifə borclarını yerinə yetirməklə, doğrultmaqdır ki, bu da öz növbəsində vətəndaş məmnunluğunun artırılmasını şərtləndirir.
“HƏR BİR DÖVLƏT MƏMURU ÖZ VƏZİFƏSİNİ ŞƏRƏFLƏ, VİCDANLA, LƏYAQƏTLƏ YERİNƏ YETİRMƏYƏ BORCLUDUR”
Ölkəmizdə baş verən uğurlu nailiyyətlər onu deməyə əsas verir ki, Prezident İlham Əliyevin iqtisadi və siyasi islahatları 2003-cü ildə Prezident seçiləndə başlayıb. Bəli, əbəs yerə deyil ki, Prezident olaraq ilk müsahibəsində cənab İlham Əliyev demişdir ki, biz feodal təfəkkürü, mağara psixologiyası ilə heç nəyə nail ola bilmərik. Bəli, bu fikir, əslində, cənab Prezidentin cəmiyyətə və mövcud siyasi komandaya ismarıcı idi ki, kim komandada qalıb işləmək istəyirsə, buyursun müasir dəyərlərə, sivil qaydalara uyğun işini qursun, cəmiyyətlə ağa-qul münasibətində deyil, xalqın xidmətçisi kimi rəftar etmək lazımdır. Cənab Prezident hər dəfə əbəs yerə demir ki, xalqın birinci xidmətçisi mənəm və bütün dövlət məmurları belə işləməlidirlər. Bu artıq idarəetmənin fəlsəfəsi deməkdir, bu artıq lider-xalq münasibətinə yeni baxışdır. Göründüyü kimi, elə bu tezislə Prezident İlham Əliyev ilk öncə iqtisadi islahatlara start verdi, qeyri-neft sektorunda ciddi irəliləyiş yarandı, ənənəvi aqrar sahələri, pambıqçılığı, üzümçülüyü, çayçılığı inkişaf etdirdi. Məqsəd iqtisadi bazanı yaratmaq idi, çünki iqtisadi baza olmadan digər sferalarda islahatlar nəticə vermir. Və bu gün Möhtərəm Prezidentimizin aydın zəkası, zəngin bilik və təcrübəsi, çoxsahəli fəaliyyəti və zəhməti hesabına Azərbaycanda müasir tələblərə cavab verən dövlət idarəçilik sistemi yaradılmışdır. Yeniləşən dünyanın tələblərinə cavab verən gənc kadrların vəzifələrə gətirilməsi ölkəmizin bu günü və gələcəyi üçün mühüm əhəmiyyət daşıdığı hər kəsə məlumdur. Məhz buna görə də bütün sahələrdə yeni düşüncəli, savadlı, işgüzar, bacarıqlı, saf mənəviyyatlı, yüksək təşkilatçılıq qabiliyyətinə malik olan gənc kadrlar mühüm dövlət vəzifələrinə irəli çəkilir. Kadrların seçilməsində onların iş qabiliyyəti, dövlətçiliyə, dövlətə sədaqətləri, vətənpərvərliyi əsas götürülür. Və cari il iyul ayının 25-də ölkə başçısı Masallı, Lerik və Göygöl Rayon İcra Hakimiyyətlərinin yeni başçılarını vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbulu zamanı çıxışında çox vacib və mühüm məqamlara toxundu. Qeyd etdi ki, siz daim insanlarla təmasda olmalı, insanların qayğıları ilə yaşamalı, onları narahat edən problemləri dinləməli və imkan daxilində bu problemləri həll etməlisiniz. Əgər bir kəndin problemi həll olunursa, demək olar ki, ölkədə insanları narahat edən ciddi problem qalmayacaq.
PREZİDENT BƏZİ İCRA BAŞÇILARININ ÖZBAŞINALIQLARINDAN DANIŞIB
“Son illərdə bütün rayonlarda regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası nəticəsində geniş abadlıq-quruculuq işləri görüldü, böyük infrastruktur layihələri icra edildi və uzun illər ərzində insanları narahat edən problemlərin böyük hissəsi aradan qalxdı”. Bu sözləri Prezident İlham Əliyev Araz Əhmədovu Masallı Rayon İcra Hakimiyyətinin başçısı, Əkbər Abbasovu Lerik Rayon İcra Hakimiyyətinin başçısı və Elvin Paşayevi Göygöl Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbul edərkən deyib. "Elektrik enerjisi ilə təchizat, qazlaşdırma, yol infrastrukturu, suvarma, içməli su layihələri, sosial infrastruktur layihələri icra olundu, hər rayonda müasir xəstəxana, tibb ocaqları, bir çox məktəblər inşa edildi. Əlbəttə ki, rayonların sosial-iqtisadi inkişafına bunun çox böyük töhfəsi olmuşdur. Çünki infrastruktur olmadan heç bir inkişafdan söhbət gedə bilməz. Biz elə infrastruktur layihələri icra etdik ki, heç sovet vaxtında bunlar icra edilmirdi. Xüsusilə Lerik rayonu sovet vaxtında qazlaşdırılmamışdı. Mənim göstərişimlə Lerikə qaz çəkildi. Üç rayon dağlıq rayon olduğu üçün əlbəttə ki, qazlaşdırma ilə bağlı problemlər digər rayonlarla müqayisədə daha ciddidir. Ancaq biz imkan daxilində bütün bu işləri görməklə insanların rifah halını yaxşılaşdırmışıq.Təbii ki, bu infrastruktur layihələri iş yerlərinin yaradılmasına da xidmət göstərmişdir. Sahibkarlar da bölgələrdə bütün quruculuq işlərində fəal iştirak edirlər. İş yerlərinin yaradılması xüsusi əhəmiyyət kəsb edir. Çünki ölkə əhalisi artır. Azərbaycan müstəqilliyə qovuşanda əhalimiz 7 milyondan bir qədər çox idisə, bu gün 10 milyondan çoxdur. Bu, təbii olaraq tələb edir ki, iş yerlərinin açılması prosesi daimi xarakter alsın. Eyni zamanda, biz işsizliklə bağlı mübarizədə də ciddi addımlar atırıq, ödənişli sosial işlərin yaradılması da geniş vüsət almışdır. Hər rayon üzrə kvota var. Əfsuslar olsun ki, bəzi rayonlarda bu işlərə cəlb ediləcək insanlar işlərə cəlb olunmamış, əksinə, onlara çatacaq vəsait rayon icra başçıları və digər məsul şəxslər tərəfindən mənimsənilmişdir", - dövlət başçısı bildirib.
“HEÇ KƏS UNUTMAMALIDIR Kİ, AZAD EDİLMİŞ TORPAQLARIMIZA BAYRAĞIMIZI SANCAN BİZİM QƏHRƏMAN ƏSGƏR VƏ ZABİTLƏRİMİZ OLUB”
Prezident bir daha şəhid ailələri və qazilərlə bağlı məsələyə toxunaraq bildirib ki, şəhid ailələrinə xüsusi diqqət göstərilməlidir, dövlət tərəfindən bu diqqət daim göstərilir: “İkinci Qarabağ müharibəsindən əvvəl və İkinci Qarabağ müharibəsindən sonra şəhid ailələri daim diqqət mərkəzindədir. Bilirsiniz ki, mənim şəhid ailələri, müharibə əlilləri ilə çoxsaylı görüşlərim olub. Onların məişət problemləri dövlət xətti ilə həll olunur, 12 min 500-dən çox şəhid ailəsinə dövlət tərəfindən mənzillər, fərdi evlər verilmişdir, minlərlə minik maşınları verilmişdir”. Dövlət başçısı bildirib ki, bu proses davam etdirilir: “Bakı, Sumqayıt və Abşeron rayonlarında şəhid ailələrinin evlə təminatı məsələləri artıq yekunlaşmaq üzrədir. Digər rayonlarda da dövlət xətti ilə bu iş görüləcək. Yəni, dövlət öz üzərinə düşən vəzifəni icra edir. O cümlədən şəhid ailələrini, müharibə əlillərini işlə təmin etmək üçün çoxsaylı tədbirlər həyata keçirilir. Əsas odur ki, yerlərdə də bu kateqoriyadan olan insanlara diqqət göstərilsin. Rayon icra orqanlarının nümayəndələri onlara biganə qalmasınlar, əksinə, daim onların yaşayışı ilə maraqlansınlar, onların məşğulluğu ilə maraqlansınlar. Biz bu Qələbəni onlara - şəhidlərimizə, müharibə əlillərinə, müharibə iştirakçılarına borcluyuq. Əlbəttə, dövlət qətiyyət göstərdi, biz öz iradəmizi ortaya qoyduq, heç nəyə baxmadan, heç kimdən çəkinmədən, “öldü var, döndü yoxdur” deyərək torpaqlarımızı azad etdik. Bu, dövlət siyasətidir və dövlətin gücüdür, vətəndaşlarımızın həmrəyliyidir. Amma onu da heç kəs unutmamalıdır ki, azad edilmiş torpaqlarımıza bayrağımızı sancan bizim qəhrəman əsgər və zabitlərimiz olub. Onlar öz canlarını fəda edib, onlar sağlamlığını itirib, onlar heç nəyə baxmadan, qorxmadan ölümə gedərək Vətənimizi işğalçılardan xilas ediblər. Ona görə hər bir dövlət məmurunun, nəinki dövlət məmurunun, hər bir insanın borcudur ki, onlara arxa, dayaq olsun. Yenə də deyirəm, dövlət və mən Prezident kimi daim onların problemləri ilə maraqlanıram, bu problemləri həll edirəm, daim onlarla bir yerdəyəm. Hər bir dövlət məmuru da, bax, eyni hərəkətlər etməlidir».
“ƏL ÇƏKİN BUNDAN! CƏZALANDIRILACAQSINIZ VƏ CƏZALANDIRILIRLAR”
“Əfsuslar olsun ki, belə hallar çoxdur. Bu gün bir daha demək istəyirəm ki, bu hallara qarşı çox ciddi mübarizə aparılır. Çünki idarəetmədə çox ciddi islahatlar aparılır, çox böyük təmizləmə işləri aparılır”. Bunu Prezident İlham Əliyev Masallı, Lerik və Göygöl rayonlarının yeni təyin olunmuş icra başçılarını qəbul edərkən deyib. «Bu işlərə rəvac verən və bəzi dövlət məmurlarını, yerli icra orqanlarını bu qanunsuz işlərə təhrik edən insanlar hakimiyyətdən uzaqlaşdırıldı. Hakimiyyət təmizlənir və insanlar da bunu görürlər. Ona görə siz dövlət məmurları kimi bu hallara çox ciddi fikir verməlisiniz. Bunu mən sizə deyirəm və bütün dövlət orqanlarının nümayəndələrinə deyirəm, eyni zamanda, qanunsuz işlərlə məşğul olmaq istəyən insanlara deyirəm: Əl çəkin bundan! Cəzalandırılacaqsınız və cəzalandırılırlar. Biz kiminsə tamahına, kiminsə şəxsi maraqlarına görə ölkəmizin uğurlu inkişafına kölgə sala bilmərik. Ona görə torpaqların qanunsuz zəbt edilməsi prosesi araşdırılmalıdır. Həm rəhbərlik edəcəyiniz rayonlarda, həm bütün ölkə üzrə, Abşeron yarımadasında, sahilboyu ərazilərdə, bütün rayonlarda araşdırılmalıdır və qanunsuz əməllərə son qoyulmalıdır”, - dövlət başçısı vurğulayıb.
“BU, HƏR BİR DÖVLƏT MƏMURU ÜÇÜN DƏRS OLMALIDIR”
"Bilirsiniz ki, bir neçə keçmiş icra başçısı cinayət məsuliyyətinə cəlb edilib, bəzilərinin hökmü verilib, bəzilərinin işləri məhkəmədədir". Bunu Prezident İlham Əliyev Araz Əhmədovu Masallı Rayon İcra Hakimiyyətinin başçısı, Əkbər Abbasovu Lerik Rayon İcra Hakimiyyətinin başçısı və Elvin Paşayevi Göygöl Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbul edərkən deyib. "Bu onu göstərir ki, heç kim qanundan üstün ola bilməz. Mən bütün icra başçılarını vəzifəyə təyin edərkən göstərişlərimdən biri o idi ki, korrupsiyaya, rüşvətxorluğa qarşı biz amansız mübarizə aparmalıyıq və icra başçıları burada nümunə olmalıdırlar. Əfsuslar olsun ki, bəziləri əyri yolla gediblər və bu gün bunun acısını çəkirlər. Bu, hər bir dövlət məmuru üçün dərs olmalıdır", - dövlət başçısı deyib. Bəli, bu gün ölkə başçısı, cənab prezident İlham Əliyevin yeni təyin olunmuş icra başçılarını qəbul etməsi, onlara müvafiq tapşırıqlarını və tövsiyələrini verməsi, Azərbaycan prezidentinin apardığı siyasətin mərkəzində vətəndaş məmnunluğunun dayanmasının bariz sübutudur. Eyni zamanda bu amil bir daha göstərir ki, heç bir kəs qanundan üstün deyil və hər bir dövlət məmurunun fəaliyyəti xüsusi nəzarətdədir. Cənab Prezident İlham Əliyev hər zaman bütün dövlət məmurlarına xalqın arasında olmağı, onların problemlərinin öyrənilməsi və həmin problemlərin aradan qaldırılması istiqamətində lazımi işlərin görülməsi, vətəndaş məmnunluğunun təmin edilməsi kimi məsələləri ali vəzifə olaraq qarşıya qoymuşdur. Eyni zamanda, Azərbaycan Prezidenti cənab İlham Əliyev öz fəaliyyəti ilə də bütün dövlət məmurlarına əsl nümunədir. Ən əsası isə, ölkə başçısı cənab İlham Əliyevin əsas tələblərindən və Azərbaycan dövlətinin sosial siyasətinin prioritet hədəflərindən biri də şəhid ailələrinə, qazilərə və müharibə veteranlarına xüsusi qayğının göstərilməsidir. Bu gün şəhid ailələri, qazilər və müharibə veteranları ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dövlətinin diqqət mərkəzindədir və dövlətimizin hərtərəfli qayğısı ilə əhatə olunublar. Və bu gün hər bir dövlət məmuru ölkə başçısı cənab İlham Əliyevin səsləndirdiyi iradlar hamı üçün dərs olmaqla, həm də dövlət başçısının tövsiyələrinə əməl etməli, qarşıya qoyduğu ali vəzifələri məsuliyətlə icra etməli, ona olan etimadı və etibarı doğrultmalıdır.
RƏFİQƏ KAMALQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB