“Hər şeyə kütləvi aksiya ilə görüntü vermək radikal düşüncədir...” AÇIQLAMA
“Bu gün ölkədə 50-dən artıq siyasi partiya var. Amma onların əksəriyyətinin fəaliyyəti hiss olunmur. Müəyyən qisim də var ki, onlar mübarizə metodunu yalnız aksiyalarda görürlər. Uzun illərdi AXCP, Müsavat, “Milli Şura” kimi qurumların mübarizə metodu yalnız aksiyalar vasitəsi ilə olur”. Bunu “Səs” qəzetinə açıqlamasında Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev deyib.
Onun sözlərinə görə, bir vaxtlar aksiyaların effekti var idi: “Niyə? Çünki o zaman xarici maraqlı dairələrin təsiri daha çox idi, bir şey olanda himayəçilər ayağa qalxırdı. Yəni onların “haqqını” müdafiə etmək üçün hakimiyyətlə danışığa gedirdilər. Amma illər keçdiyi üçün mübarizə metodları da dəyişməlidir. Yalnız kütləvi aksiya ilə nəyəsə nail olmaq olmaz. Düşünürəm ki, kütləvi aksiyalardan başqa da mübarizə metodları var, indiki dövrdə yeni şərait yaranıb, yəni efir məkanı mövcuddur. Kütləvi aksiyada qışqıra-qışqıra dediyini indi rahat şəkildə jurnalistin suallarına cavab vermək formasında və yaxud öz istədiyin formada cəmiyyətə çatdıra bilərsən. Bu, yeni üsuldur və bu üsuldan istifadə etmək lazımdı. Əgər fövqəladə bir şey varsa, onunla bağlı siyasi təşkilatlar kütləvi aksiya keçirə bilər. Amma hər şeyə kütləvi aksiya ilə görüntü vermək radikal düşüncədir, özünü doğrultmayan metoddur”.
E.Musayev onu da bildirdi ki, Azərbaycanda bir sıra siyasi qüvvələr və fiqurlar var ki, onlar daha çox kənar dəstək hesabına fəaliyyət göstərməyə çalışırlar: “Biz hesab edirik ki, ölkə daxili bütün məsələlər sivil qaydada masa ətrafında müzakirə olunmalıdır. İndi Prezident Administrasiyasında yeni şöbə yaranıb, əvvəllərdən fərqli olaraq indi siyasi müxalifəti dinləyənlər var. Əvvəllər bizləri dinləyən yox idi. İndi isə siyasi təşkilat təmsilçilərinin ölkənin müxtəlif sahəsi ilə bağlı təkliflərini dinləmək üçün Prezident Administrasiyasında şöbə fəaliyyət göstərir və bu şöbənin əməkdaşları ilə sıx əlaqələrimiz mövcuddur”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB