Anti-Paşinyan cəbhəsində BLEF – TƏHLİL

Anti-Paşinyan cəbhəsində BLEF – TƏHLİL

Bir daha hakimiyyətə qayıtmaq istəyində olanlar erməni xalqını tamamilə düşüncəsiz hesab edirlər, amma ən düşüncəsiz xalq belə həmin o kreslolarına qayıtmaq arzusunda olanları yaxşı tanımalıdır. Həm də erməni xalqı onların hakimiyyəti dövrünü də unutmayıb, çünki onların idarəçilik etdiyi dövrdən çox keçməyib və həmin dövrdə necə yaşadıqlarını da yaxşı bilirlər. Ümumiyyətlə, verilən vədlərin bir blef olduğunu ən sadə ermənidən tutmuş baş nazir Paşinyanın özünə qədər demək olar ki, bütün Ermənistan vətəndaşları anlayırlar, sadəcə bəzilərinin bunun fərqində olmamasından məharətlə istifadə olunaraq mitinqlər təşkil olunur, reallıqdan tamamilə uzaq vədlər verilir.

Məsələ burasındadır ki, Ermənistanda mitinqlər və bu mitinqlərin nəticələri barədə xülyalarda olanlar bərk yanılırlar. Çünki, Ermənistan ictimaiyyəti müxalifətin boş və mənasız səs-küyündən yorulub və dərk edir ki, anti-Paşinyan hərəkatının başında duranlar ancaq öz kreslolarını yenidən qazanmaq istəyənlərdir. İndi ermənilər gec də olsa dərk edirlər ki, bu reallıqdan başqa nə deyilirsə, boş söhbətdir. Əbəs yerə deyil ki, bu işğalçı ölkə müxalifəti hələ də arzusunda olduğu sayda etirazçı toplaya bilməyib. Bununla belə Ermənistan müxalifəti hələ də öz bayrağı altında mümkün qədər çox insanı cəlb etmək ümidini itirmir, çünki istənilən etiraz hərəkatının uğuru onun kütləvi xarakter daşımasıdır. Elə bu səbəbdən də növbəti mitinqi iyulun 15-də keçirməyi planlaşdırması da başadüşüləndir. Maraqlıdır, bəs daha çox insan cəlb etmək üçün necə edə, nədən istifadə edə bilərdi bu ölkə müxalifəti? İndi hansı yola əl atılır və bunun arxasında nə dayanır?

Sarkisyanın və Koçaryanın tərəfdarları elə zənn edirlər ki, yenə də, əslində artıq olmayan Qarabağ məsələsini ortaya ataraq daha çox insan kütləsini küçə və meydanlara toplaya bilərlər. Elə hətta utanmadan iddia edirlər ki, guya bu, hər bir erməninin ən ağrılı yeridir. İşğalçı ölkə müxalifəti tamamilə həyasızlıq nümayiş etdirir və mövcud reallığın heç də həlledici məqam olmadığını bildirir. Onlar erməniləri inandırmağa çalışırlar ki, guya 10 noyabr 2020-ci il tarixli bəyanat guya heç də son nəticə deyil və guya vəziyyəti dəyişə bilərlər. Bunun isə artıq ən böyük həyasızlıqla edilən blef olduğu bəllidir, çünki tamamilə mümkün olmayan bir iddia irəli sürürlər, əvəzində isə xalqı aldadıb küçələrə çıxarmaqla mövcud hakimiyyəti uzaqlaşdırmaq, yerini isə tutmaq planlaşdırılır.

Ermənistanda müxalifət qüvvələri iddia edirlər ki, guya onları revanşist adlandıran həmin ölkənin hakimiyyəti də, hətta Türkiyə və Azərbaycan da bundan bərk qorxuya düşüb. Elə bir təsəvvür yaratmaq istəyirlər ki, guya hər kəsin onlardan qorxması tam məntiqidir. Guya hər kəs narahat olmaqda haqlıdır və hətta qorxmalıdır da. Müxalifət blokundan olan Aram Vardevanyan da hələ utanmadan deyir ki, guya mövcud reallıq hələ son nəticə deyil və guya bundan sonra hələ yeni situasiya yaranacaq. Söhbətin hansı situasiyadan getdiyi, nədən getdiyi barədə konkret söz deməyən, daha doğrusu deyə bilməyən Vardevanyan sadəcə boş-boş danışır və müxalifət blokundan olan bu deputat da sadəcə blef edənlərə qoşulur.

Artıq erməni cəmiyyəti belələrinə sual ünvanlayır ki, niyə hələ də onları axmaq yerinə qoymağa davam edirlər? Həmin o erməni cəmiyyəti sual verir ki, məgər Koçaryanın tərəfdarları hələ də elə hesab edirlər ki, onların yalan vədlərinə inanıb Ermənistanın ikinci prezidentinin bayrağı altında yığışılacaq? Onlar açıq-aşkar bildirirlər ki, Qarabağ haqqında deyilənlər, verilən vədlər hamısı mümkün qədər çox insanı özlərinə tərəf çəkmək üçün bir bəhanə, bir oyundur ki, bu blefi indi hər bir erməni başa düşür. Hətta qeyd olunur ki, bu, son və yeganə bəhanədir ki, bunu əllərində alət olaraq istifadə edəcəyini düşünənlər yanılırlar. Bəli, ermənilər bilirlər ki, istər hakimiyyətdən, istərsə də müxalifətdən eşitdikləri pafoslu sözlər həqiqətdən çox uzaqdır. Bilirlər ki, yaşadıqları ölkədə bir neçə aydır ki, Silahlı Qüvvələrin Baş Qərargah rəisi belə yoxdur. Elə isə hansı revanşdan, hansı dəyişiklikdən dəm vururlar? Ən maraqlısı odur ki, populist çıxışlar edən adamlar artıq bunun mənasız olduğunun fərqində olmadılarmı? Bilmədilər, əmin olmadılarmı ki, populizm onlara heç nə vermədi və heç bir vəd belə verməyə şans demək deyil, əksinə, populizmin onları hansı uçuruma yuvarlandırığının ən qısa zamanda şahidi oldular.

Bəli, ola bilsin ki, Ermənistanda hakimiyyət dəyişikliyi olarsa, rəsmi İrəvanın mövqeyində müəyyən dəyişiklik ola bilər, o da çox az miqdarda, çünki Azərbaycanın yaratdığı reallığı qəbul etməmək kimi bir şansları belə yoxdur. Əvvəla, sadəcə olaraq yeni müharibə üçün Ermənistanın gücü yoxdur. Başda hərbi texnika, silah-sursat olmaqla, heç bir resursu olmayan Ermənistan revanş, yeni müharibə haqqında düşünmək belə iqtidarında deyil. Eyni zamanda Rusiyaya, yaxud Qərbə belə arxalana biləcəklərini də düşünmələri ağılsızlıq olardı. Ona görə ki, Rusiyanın başı özünə qarışıb, Qərbin isə heç bir təbii ehtiyatı, bir sözlə, faydası olmayan Ermənistana zərrə qədər marağı qalmayıb və bu vəziyyətdə ermənilər yardım gözləyə bilməzlər. Bu isə müharibə, revanş haqqında deyilənlərin cəfəngiyyat olduğu qənaəti üçün yetərlidir. Həm də Qərb nəyə görə enerji təhlükəsizliyinə tövhələr verməkdə olan Azərbaycanın haqq işini, ədalətli mövqeyini qoyub ermənilərin haqsız tələblərini, iddialarını müdafiə etməlidir axı? Bu suallar ermənilərin, daha çox da Koçaryan və Sarkisyan tərəfdarlarının xoşuna gəlməyə bilər, amma reallıqdır. Reallıq odur ki, Qarabağla bağlı onların spekulyasiyaları sadəcə blefdir və bunu da ermənilərin əksəriyyəti bilir.

Onu da diqqətə çatdıraq ki, Koçaryan tərəfdarlarından ikirəqəmli iqtisadi artım, ədalət, yoxsulluğun azaldılması, insanların həyat şəraitinin, yaşayış keyfiyyətinin yaxşılaşdırılması ilə bağlı vədlər də sadəcə çox gülməli səslənir. Çünki illər öncə belə bir şəraiti yarada bilməyən birinin indiki səfil Ermənistanın vəziyyətini yaxşılaşdıracağı vədi başqa cür səslənə də bilməz. Ermənilər on il Robert Koçaryanın hakimiyyəti altında yaşadılar və həmin günləri yaxşı xaqırlayırlar. Elə bu baxımdan da cəsarətlə deyə bilərik ki, ermənilərin çox az hissəsi, çox az sayda erməni həmin günlərə qayıtmaq istəyə bilər. Yaxud çox az sayda erməni bu anti-Paşinyan cəbhəsindəki blefi başa düşməyə bilər.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə