Yenidən MÜHARİBƏ GÖZLƏNİLİRMİ? – TƏHLİL

Son vaxtlar müharibənin yenidən başlayacağı barədə Ermənistan cəmiyyətində spekulasiyalar bu ölkənin gündəmini zəbt edib. İşğalçı ölkənin mətbuat səhifələrində belə Qarabağda müharibənin yenidən başlayacağı barədə anonslar verilir və bunun da həmin ölkədə hansı gərginliyə səbəb olduğu da sirr deyil. Sülh danışıqları, sərhədlərin delimitasiyası və demarkasiyası gözlənildiyi halda, Qarabağda müharibə başlayacağı barədə fikirlərin səslənməsi Ermənistanın yenə də məsələlərə aqressiv yanaşmasından xəbər verir.

Ermənistan tərəfi indi də Laçın dəhlizinə alternativ dəhlizin tikintisi ərəfəsində bir sıra prosesləri əngəlləmək üçün müxtəlif bəhanələr axtarır. Məqsəd bütün dünyanın diqqətini yenə də cəlb etmək və özlərinə havadar hesab etdikləri dövlətlərin proseslərə müdaxiləsinə nail olmaqdır. Hələ də 10 noyabr bəyannaməsinin bir sıra bəndləri Ermənistan tərəfindən yerinə yetirilmir. Əvəzində isə diqqəti yenidən müharibə başlayacağına yönəldərək vəziyyəti kəskinləşdirmək niyyəti güdülür. Yenidən müharibə başlayacağı barədə söz-zöhbətlər də məhz süni şəkildə yayılır ki, sözügedən bəyannamənin tələblərinin icrası yubadılsın. Məsələ burasındadır ki, belə hiyləgərliklə nə proseslərin gedişinə, nə sərhədlərin delimitasiya və demarkasiyasına, nə də sülh sazişinə mane ola bilməzlər, çünki artıq ortalıqda sənəd var və həmin sənəddən irəli gələn tələblərin icrası da mütləqdir.

Əlbəttə ki, Qarabağda müharibənin başlayacağı barədə verilən anonslar, yayılan söz-söhbətlər qətiyyən həqiqətə, reallığa uyğun deyil. Artıq Dağlıq Qarabaq problemi deyilən bir məsələ yoxdur və Azərbaycan tərəfi bu barədə dəfələrlə bəyan edib. Torpaqlarımız işğaldan azad olunub, beynəlxalq hüququn norma və prinsplərinə uyğun olaraq Azərbaycan öz haqlarını, ərazi bütövlüyünü bərpa edib və ümuniyyətlə, tarixi ədalət bərpa edilib. Bunu da bütün dünya ictimaiyyəti bilir və qəbul edirsə, yenidən hansısa müharibəyə başlamaq gülünc səslənir. Sözsüz ki, Azərbaycan antiterror əməliyyatları apara bilər, öz ərazilərində hansısa separatçı qrup baş qaldırdığı halda bunun qarşısını ala bilər və ölkəmizin haqqı, hüququdur. Lakin bu, yenidən müharibə başlayacağı demək deyil və bir daha müharibənin başlamayacağı barədə qəti şəkildə söz söyləmək üçün əsaslı səbəblər var.

Əvvəla, Azərbaycan tərəfi bölgədə yenidən müharibənin olmasını qətiyyən istəmir və işğaldan azad olunmuş ərazilərdə quruculuq-abadlıq işlərinin həyata keçirilməsi bunu əyani şəkildə təsdiq edir. Əgər ölkəmizin yenidən müharibəyə başlamaq niyyəti olsaydı, yaxud belə bir muharibənin başlaya biləcəyi gözlənilsəydi işğaldan azad olunan ərazilərdə əsaslı işlər, quruculuq işləri aparılmazdı. Ümumiyyətlə, hansısa müharibə səbəbindən dağıdıla biləcək infrastruktur heç bir dövlət tərəfindən yenidən bərpa edilməz və bu fakt özü onu göstərir ki, yenidən müharibə başlayacağı anonsu cəfəngiyyatdır və buna məhəl qoyan da yoxdur. Azərbaycan tərəfi artıq işğaldan azad etdiyi əraziləri abadlaşdırmaqla məşğuldur və bunu da bütün dünya ictimaiyyəti görür. Görür ki, əsrin üçdə birinə yaxın zaman fasiləsində, yəni erməni işğalı altında olduğu müddətdə dağıdılan ərazilər məhz bizim tərəfimizdən bərpa edilir və artıq tam əmin olur ki, torpaqların həqiqi sahibi də Azərbaycandır.

Doğrudur, dəmir yumruq öz yerindədir və Ali Baş Komandan, cənab Prezident İlham Əliyev bu barədə dəfələrlə Ermənistan tərəfinə mesajlar verərək, xatırlatmalar edib. Xatırladılıb ki, istənilən vaxt həmin yumruq yenə də separatçıların, işğalçılıq niyyətində olanların başlarına endirilə bilər və Azərbaycan buna hər an hazırdır. Amma ermənilərin belə bir addımı atmağa nə gücləri qalıb, nə də cəsarətləri. Yaratdıqları miflər də cəmi 44 gün ərzində Ali Baş Komandanın müdrikliyi, siyasi iradəsi və rəhbərliyi ilə, eləcə də Azərbaycan Ordusunun şücaəti və xalqımızın birliyi, həmrəyliyi ilə darmadağın edilib. İndi Ermənistan tərəfinin, separatçıların hansısa iddiada olması sadəcə gülünc səslənir və uzaq başı elə iddia olaraq da qala bilər.

Ermənistanın savaşa başlamaq, müharibə etmək üçün heç bir hərbi gücü, hərbi texnikası, hansısa resursu və ümumiyyətlə, potensialı yoxdur. Cəmi 44 gün ərzində işğalçı ölkənin bütün ehtiyatları tükəndi. Ermənistan tərəfi, ermənilər hansı hərbi texnika ilə müharibəyə başlaya bilər? Bəlkə döyüşmək üçün yetərincə hərbçisi var? Əlbəttə ki, yox dərəcəsindədir. Əgər Ermənistan bütün arsenalı ilə, bütün hərbi kontingenti ilə müharibədə cəmi 44 günə uduzdusa, təslimiyyət aktına imza atdısa, deməli indi döyüşməyə taqəti belə qalmayıb və yenə də dərhal rüsvayçı məğlubiyyətlə qarşılaşacağını hamıdan yaxşı ermənilər özləri bilirlər. Üstəlik, ermənilər artıq çoxdandır ki, Qarabağ ərazilərində döyüşməyə qəti şəkildə narazılıqlarını öz hakimiyyətlərinə bildiriblər. Elə isə kimin döyüşəcəyini düşünə bilərlər və dediklərinə özləri belə inanırlarmı? Sözsüz ki, inanmırlar və yenidən müharibə başlayacağı barədə fikirlər quru sözdən başqa bir şey deyil.

Bəlkə də düşünülə bilər ki, ermənilər hansısa xarici dövlətin yardımına güvənir və müharibə dedikdə də buna arxalanır. Məsələ burasındadır ki, Ermənistanın hər zaman güvəndiyi Rusiya özü müharibə edir və nə hərbçisini, nə də hərbi texnikasını, silah-sursatını Ermənistanla bölüşmək fikrində ola bilməz. Onsuz da sanksiyalara məruz qalan və bu səbəbdən müəyyən sıxıntılar yaşayan Rusiya Ermənistana heç maddi yardım belə göstərmək halında deyil. Haylar bilməlidirlər və bilirlər də ki, Qərb belə onlara yardım etmək hayında deyil və başı Rusiya-Ukrayna müharibəsinə qarışıb. Bu müharibə ümumilikdə bütün dünyanın diqqətini cəlb edib və indi Ermənistan deyilən kiçik və heç birinə faydası olmayan bir dövlət maraq dairəsində ola bilməz. Bir tərəfdən də Rusiya-Ukrayna müharibəsinin dünya iqtisadiyyatına vurduğu ziyan da təkzib edilə bilməz. Doğrudur, bu ziyan hələ dəqiq hesablanmayıb, amma hər halda dövlətləri, eləcə də hər kəsi belə iqtisadi böhran kimi bir qlobal məsələ daha çox maraqlandırır, nəinki Ermənistanın qondarma məsələləri. Bir sözlə, Ermənistanın hansısa dövlətə, hansısa havadara güvənmək kimi bir şansı belə qalmayıb. Elə isə müharibədən, qisas dedikləri, yaxud “revanş” adlandırdıqları cəfəngiyyata kimsə inanan deyil və özlərini də boş yerə aldadırlar.

Sözsüz ki, koronavirus pandemiyası da dünya iqtisadiyyatına əhəmiyyətli dərəcədə mənfi təsir göstərib. Məhz bu qlobal bəla səbəbindən dünya iqtisadiyyatı yetərincə zərərlə qarşılaşıb. Ölkələr hələ hansı durumda olduqlarını, maliyyə resurslarının, iqtisadiyyatın nə vəziyyətdə olduğunu götür-qoy etməlidirlər. Hər bir ölkə pandemiyanın vurduğu zərərin qarşısının alınmasını ən vacib addım hesab edir. Dünyada ərzaq qıtlığı deyilən bir təhlükə var. Ümumiyyətlə, ərzaq, enerji təhlkükəsizliyi kimi problemlər yetərincədir və bu əsnada Ermənistanın ərköyün davranışlarına dözmək, cəfəng iddialarına zaman belə sərf etmək kimi hansısa dövlətin fikri yoxdur. Sadalanan qlobal problemlər indi dövlətləri, bütövlükdə dünyanı yetərincə məşğul edib və heç bir təbii ehtiyatı, enerji ehtiyatarı olmayan bir çırtdan dövlət, yəni Ermənistan haqqında düşünən tapılmaz. Bu zamana qədər bütün Ermənistanı maliyyələşdirən erməni lobbisi də, ermənipərəst güclər belə beziblər və onların da bundan sonra hansısa istiqamətdə yardım etmələri ağlasığan deyil. Bu isə o deməkdir ki, Ermənistanın sığınacağı hansısa dövlət və hansısa güc, yaxud qurum belə yoxdur və bu vəziyyətdə müharibə həmin ölkənin tamamilə məhv olması deməkdir.

Nəticə göz önündədir və bütün bunlar yenidən müharibə başlayacağının, yaxud müharibə gözləntilərinin belə yalan olduğunu isbatlayır. Əlbəttə ki, Ermənistan yenə də əsas məsələdən yayınmaq üçün hiyləgərliyə əl atır, amma bunun da mənasız olduğu hamıya bəllidir. O da bəllidir ki, yenidən müharibənin olub-olmayacağı nəticəni dəyişə bilməz. Azərbaycan qalib ölkədir, öz ərazi bütövlüyünü, hüquqlarını və tarixi ədaləti bərpa edib, özü də öz gücü hesabına və bu güc də, potensial da zərrə qədər azalmayıb, əksinə daha da artmaqdadır. Bir sözlə, artıq təslimçilik sənədinə imza atan Ermənistanın müharibə barədə düşünməyə belə halı yoxdur və hətta 10 noyabr bəyannaməsindən irəli gələn tələbləri yerinə yetirməkdən başqa çarəsi də qalmayıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə