VI Zirvə Toplantısı dayanıqlı münasibətlərin təmini baxımından mühüm əhəmiyyət kəsb edir ŞƏRH

VI Zirvə Toplantısı dayanıqlı münasibətlərin təmini baxımından mühüm əhəmiyyət kəsb edir ŞƏRH

Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının ilk sammiti 2002-ci ildə Aşqabadda keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında iştirak etmək üçün 2022-ci il iyun ayının 29-da Türkmənistana rəsmi səfərə getmişdir. Zirvə toplantısında çıxış edən prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan Xəzəryanı dövlətlərin Xəzər dənizində qarşılıqlı faydalı əməkdaşlığına və fəaliyyətinə böyük əhəmiyyət verir. İlham Əliyevin qeyd etdiyi kimi, Xəzər dənizinin hüquqi statusuna dair 2018-ci ildə Aktauda imzalanmış konvensiya tarixi əhəmiyyətə malikdir: “Çoxillik iş nəticəsində imzalanmış bu sənəd Xəzərin hüquqi statusunu müəyyən edib. Konvensiyanın tezliklə qüvvəyə minməsi dövlətlərimizin bundan sonrakı hərtərəfli qarşılıqlı fəaliyyətinə və əməkdaşlığına yönəlmiş daha təsirli tədbirlər görülməsi üçün möhkəm hüquqi zəmin yaradacaq”. Çıxışı zamanı VI Zirvə Toplantısının yüksək əhəmiyyətə malik olduğunu qeyd edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əmin olduğunu bildirmişdir ki, VI Zirvə Toplantısında qəbul ediləcək qərarlar Xəzər dənizinin potensialını tam reallaşdırmağa, onu sülh, təhlükəsizlik, əməkdaşlıq və ekoloji cəhətdən təmiz zona kimi qoruyub saxlamağa imkan verəcəkdir.

Azərbaycan Respublikasının Prezidenti qeyd etmişdir ki, Xəzəryanı dövlətlərin əməkdaşlığının müqavilə-hüquqi bazası möhkəmlənir: “Təhlükəsizlik, hidrometeorologiya, nəqliyyat, suyun bioloji ehtiyyatlarının qorunub saxlanması və səmərəli istifadəsi, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahələrində habelə qarşılıqlı maraq doğuran başqa sahələrdə sazişlər imzalanaraq qüvvəyə minib. Əməkdaşlıq barədə sazişlərin, yeni layihələrin üzərində iş başlanıb. Bu layihələr müzakirə prosesindədir və hazır olduqca imzalanmaq üçün təqdim ediləcəkdir. Xəzər dənizinin dibinin sərhədləri barədə ikitərəfli və çoxtərəfli formalarda hüquqi cəhətdən məcburi sazişlər də bağlanıb. Xəzəryanı ölkələr arasında dostluq və mehriban qonşuluq münasibətləri, o cümlədən BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, MDB və İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində ikitərəfli və çoxtərəfli əməkdaşlıq Xəzər dənizində sabitliyin və təhlükəsizliyin mühüm amilidir”.

İlham Əliyev həmçinin öz çıxışında qeyd etmişdir ki, bizim qarşılıqlı fəaliyyətimizin əsasını bütün tərəflərin mənafelərinin nəzərə alınması, Xəzəryanı dövlətlərin suverenliyinə, müstəqilliyinə hörmət və bir-birinin daxili işlərinə qarışmamaq təşkil edir. Qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın inkişafı, investisiya mühitinin yaxşılaşdırılması, etibarlı və təhlükəsiz kommunikasiyaların qurulması, yüksək rentabelli və ekoloji təmiz texnologiyaların cəlb edilməsi üçün əlverişli şəraitin yaradılmasına çalışmaq Xəzər dənizi hövzəsi dövlətlərinin əsas prioritetləri olaraq qalır. Nəqliyyat infrastrukturunun inkişafı, nəqliyyat xidmətlərinin və multimodal daşımaların keyfiyyətinin yaxşılaşdırılması əməkdaşlığın mühüm istiqamətidir.Prezident İlham Əliyev öz çıxışında xatırladıb ki, bu gün Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən biridir. Ölkəmizin Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafında mühüm rol oynadığını qeyd edən İlham Əliyev demişdir: “Biz Şərq-Qərb və Şimal-Cənub marşrutları üzrə Azərbaycan ərazisindən keçməklə yükdaşımaların hər il artrmasını müşahidə edirik. Yeni Ələt Beynəlxalq Dəniz Ticarət Limanından gələn tranzit yüklərin həcmi artır. Bu limanın tikilib istifadəyə verilməsi Xəzərdə nəqliyyat-logistika infrastrukturlarının inkişafı işinə Azərbaycanın daha bir töhfəsi olub”.

Azərbaycanın İkinci Qarabağ Müharibəsində parlaq qələbəsindən və Ermənistanla münaqişənin həllindən sonra Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması və bərpası, o cümlədən beynəlxalq nəqliyyat əlaqələrinin inkişafı üzrə geniş miqyaslı işlərin görülməyə başladığını qeyd edən dövlət başçısı Zəngəzur dəhlizinin artıq reallığa çevrildiyini bildirmişdir. Azərbaycanın Xəzər dənizinin ekoloji problemlərinin həlli üçün əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu qeyd edən İlham Əliyev Xəzərin bioloji su ehtiyatlarının qorunub saxlanması və səmərəli istifadəsi üzrə komissiya çərçivəsində Xəzəryanı dövlətlərin uğurlu qarşılıqlı fəaliyyətinin davam etdiyini vurğulamışdır. Xəzərin ekoloji problemlərinin səbəblərinin aşkar edilməsi və bundan sonrakı dayazlaşmasının qarşısını almağa yönəlmiş tədbirlərin müəyyənləşdirilməsi üçün xüsusi ekspert qruplarının yaradılması işinin davam etdirilməsinin zəruri olmasını qeyd etmişdir. Çıxışının sonunda Prezident İlham Əliyev bu sammitin Xəzəryanı dövlətlərin qarşısında duran mühüm ümumi məsələlərin həllinə yönəlmiş səylərin birləşdirilməsinə şərait yaradacağından əmin olduğunu bildirib. Zirvə Toplantısında çıxış edən Rusiya Federasiyasının Prezidenti V.Putin İran İslam Respublikasının prezidenti İbrahim Rəisi və Qazaxıstan Respublikasının prezienti Kasım-Jomart Tokayev Xəzəryanı dövlətlərin dövlət başçılarının VI toplantısının böyük əhəmiyyətə malik olduğunu vurğulayıblar.

Günay Məmmədli

YAP Yasamal rayon “Azərsu” ASC üzrə ərazi partiya təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə