AHİK sədri Səttar Möhbalıyev qazaxıstanlı həmkarları ilə görüşüb - FOTOLAR

İyulun 1-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev ölkəmizdə səfərdə olan Qazaxıstan həmkarlar ittifaqlarının nümayəndələri ilə görüşüb. Qurumun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, görüşdə Azərbaycanla Qazaxıstan arasında dostluq və qardaşlıq münasibətlərindən, həmçinin iki ölkənin müvafiq qurumları arasında mövcud olan əlaqələrdən, əməkdaşlığın daha da möhkəmləndirilməsi istiqamətində görülən işlərdən və gələcək perspektivlərdən danışılıb.

Azərbaycan həmkarlar ittifaqlarının fəaliyyətindən söz açan AHİK sədri bildirib ki, ölkəmizdə ən böyük ictimai təşkilat olan həmkarlar ittifaqları yeni cəmiyyət quruculuğunda fəal iştirak edir, sosial siyasətin həyata keçirilməsində önəmli rol oynayır, dövlətin bütün çağırışlarına, o cümlədən sosialyönlü təkliflərinə adekvat cavab verir.

Əlavə edilib ki, bu gün həmkarlar ittifaqları Azərbaycanda əmək prosesinə cəlb olunmuş vətəndaşlarımızın hüquqlarının müdafiəçisi kimi ölkəmizdə fəaliyyət göstərən bütün müəssisələrdə iş şəraitinin müasir standartlara uyğunlaşdırılması, sosial problemlərin həlli və əmək hüquqlarının təmin olunması sahəsində yeni metod və vasitələrdən istifadə edərək daha ardıcıl və məqsədyönlü iş aparırlar.

Səmimi qəbula görə təşəkkür edən “Qazaxıstan Respublikası Həmkarlar İttifaqları Federasiyası ROP Aktivlərinin İdarə Edilməsi Direktorluğu” qurumunun baş direktorunun müavini Kayrat Aybosnov Qazaxıstan həmkarlar ittifaqlarının gördüyü işlər haqqında ətraflı məlumat verib. O, Azərbaycan və Qazaxıstanın həmkarlar ittifaqları arasında münasibətlərin davamlı şəkildə inkişaf etdiyini, qarşılıqlı səfərlər təşkil olunduğunu, təcrübə və fikir mübadilələrinin aparıldığını deyib. Bildirilib ki, bu əlaqələrin daha da inkişafı üçün gələcəkdə də səylə çalışılacaq. Qazaxıstandakı sanatoriya-kurortmərkəzlərinin hazırkı vəziyyətindən bəhs edən K.Aybosnov Azərbaycan həmkarlar ittifaqlarına məxsus sanatoriya və istirahət evlərinə baş çəkdiklərini, orada yaradılmış şəraitlə tanış olduqlarını və bəyəndiklərini bildirib. Qonaq əlavə edib ki, bu sahədə Azərbaycanın təcrübəsi onlar üçün çox önəmlidir.

Görüşdə həmçinin qarşılıqlı maraq kəsb edən digər məsələlər ətarfında fikir mübadiləsi aparılıb.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə