"Prezident Qoşulmama Hərəkatında bir sıra mühüm təşəbbüslərlə çıxış edib" - DEPUTAT ŞƏRH ETDİ

“Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin yaradılması beynəlxalq səviyyədə çox vacib bir hadisədir. Hazırda BMT-dən sonra dünyanın ikinci böyük təsisatı olmaqla 120 ölkəni özündə birləşdirən Qoşulmama Hərəkarının yeni bir mərhələyə qədəm qoymasının şahidi oluruq”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova bildirib.

Onun sözlərinə görə, 2019-cu ildən Qoşulmama Hərəkatına sədrlik Azərbaycana keçdikdən sonra bu təşkilat daha aktiv fəaliyyətə keçid alıb: “Bu dövrə qədər müəyyən tədbirlər keçirilsə də, addımlar atılsa da təşkilat üzvləri arasında həmrəylik zəif idi. Lakin Azərbaycanın sədrliyi dönəmində Prezident İlham Əliyevin şəxsi təsəbbüsləri ilə təşkilatın daxilində bir sıra istiqamətlərdə çox vacib konstruktiv addımlar atılmağa başladı. Pandemiya dönəmində Qoşulmama Hərəkatının çox vacib bir görüşü onlayn formatda keçirildi, dövlətlərin bir-birinə yardım etməsi kimi humanist təklif irəli sürüldü və həyata keçirildi.

Prezident İlham Əliyev QH-da bir sıra mühüm təşəbbüslərlə çıxış edib və Azərbaycanın vacib təkliflərlərindən biri də məhz parlament şəbəkəsinin yaradılması oldu. Bu ilin iyul ayında hərəkatın gənclər şəbəkəsinin də görüşü keçiriləcək ki, bu da olduqca əlamətdar bir hadisədir. Düşünürəm ki, Qoşulmama Hərəkatının ümumilikdə bir güc kimi formalaşması yaxın gələcəkdə dünyada güclər balansının formlaşmasında, eyni zamanda təhlükəsizliyə qarşı təhdidlərin qarşısının alınmasında və bir sıra mühüm qlobal problemlərin ədalətli həllində öz sözünü deyəcəkdir".

Deputat həmçinin qeyd edib ki, Prezident İlham Əliyevin giriş nitqində hər zaman olduğu kimi beynəlxalq gündəliyin ən aktual məsələlərinə diqqət çəkdi və onların həllinə də öz münasibətini bildirdi: "Cənab Prezident Qarabağ məsələsinin həll olunduqdan sonra regionda yeni reallıqların yaranması və bununla da geniş əməkdaşlıq üçün daha böyük perspektivlərin açılması məsələsini xüsusi vurğuladı. Ona görə də Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması məsələsi bu gün Cənubi Qafqazda gündəmin ən önəmli məsələsi kimi ortaya qoyulub. Eyni zamanda qlobal təhlükəsizliyə təhdidlərin olması və bunun aradan qaldırılması üçün Qoşulmama Hərəkatına üzv ölkələrin birgə həmrəy fəaliyyətinin vacibliyi məsələsinə də toxunuldu".

“Bu gün dünyanın yeni siyasi düzəninin formalaşdığı bir dönəmdə dövlətlərarası münasibətlərdə fərqli tranformasiyaların getdiyinin və yeni təşkilatlanmanın şahidi oluruq. Məhz bu çərçivədə ölkələrin yeni çağırışlara uyğun olaraq birgə addımlar atmaq istəyinin və məhz bu cür konstruktiv platformalarda uyğun həllərin tapılmasının perspektivliliyini görürük. Əminik ki, Qoşulmama Hərəkatı məhz Azərbaycanın sədrliyi dönəmində öz institusional inkişafında böyük nailiyyətlər əldə edəcək və bununla da yeni beynəlxalq münasibətlər sistemində öz layiqli yerini tutacaq”,- deyə Sevil Mikayılova bildirdi.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə