“Azərbaycanla Rusiya arasında çoxşaxəli əməkdaşlıq mövcuddur“ - ŞƏRH EDİLDİ

“Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında beynəlxalq informasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində əməkdaşlıq haqqında imzalanmış saziş böyük əhəmiyyət daşıyır. Əvvəla onu qeyd etmək lazımdır ki, Azərbaycanla Rusiya arasında uzun illərə söykənən çoxşaxəli əməkdaşlıq mövcuddur”. Bu fikirləri SİA-ya açıqlamasında Trend BİA-nın Baş direktor müavini, siyasi ekspert Sahil Kərimli bildirib.

Onun sözlərinə görə, bu əlaqələr müttəfiqlik səviyyəsinə qədər yüksəlib: “Belə olduğu halda kibertəhlükəsizlik sahəsində də birgə fəaliyyətin aparılmasına böyük ehtiyac var. İmzalanmış sazişlə ölkələrimiz ən başlıcası terrorzimlə, kibercinayətkarlıqla mübarizə sahəsində səylərini birləşdirəcək.
Məlumdur ki, son illərdə dünyada terrorçuluq, mütəşəkkil cinayətkarlığın müxtəlif növləri, informasiya təhlükəsizliyinə yönəlmiş təhdidlər durmadan artmaqdadır. Sazişin imzalanması bu baxımdan informasiya təhlükəsizliynin təmin edilməsinə böyük töhvədir. Saziş beynəlxalq hüququn fundamental prinsiplərinə əsaslanır, ölkələrimizə qarşı başlıca təhdidlərə, həmçinin vətəndaşların həyatına təhlükə yaradan informasiya kommunikasiya texnologiyalarına qarşı birgə mübarizə nəzərdə tutulur.
Sazişin daha bir önəmli əhəmiyyəti isə odur ki, ölkələrə qarşı yönəlmiş informasiya müharibəsi, dezinformasiyalar, müxtəlif növ təxribatların qarşısı effektli şəkildə alınacaq. Bu da əlbəttə ki, uzun illər xarici təhdidlərə məruz qalan Azərbaycan üçün önəmlidir. Rusiya və Azərbaycanın bu sahədə əməkdaşlığı müxtəlif ölkələrdə fəaliyyət göstərən antiazərbaycançı qüvvələrə, erməni diasporuna böyük zərbə olacaq.
Sazişdə həmçinin separatçılıq və terorçuluğa qarşı birgə mübarizə nəzərdə tutulması Ermənistanda baş qaldırmaq istəyən revanşist qüvvələrə, Qarabağda fəaliyyət göstərən qanunsuz erməni silahlılarına ciddi mesaj olmalıdır. Xüsusilə də bu əməkdaşlığın Rusiya ilə həyata keçirliməsi Ermənistana növbəti bir zərbədir. Azərbaycan bölgədə sülh və təhlükəsizliyə daim töhfə verən ölkə kimi uzunmüddətli sabitlik istəyir. Azərbcaycanın yaratdığı yeni geosiyasi reallıqlar məkanında terrora, separatizmə, yəni Ermənistana yer yoxdur”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə