"Azərbaycan xalqı qurub-yaradan xalq olduğunu dünyaya nümayiş etdirir"

Milli Məclisin deputatı Əliabbas Salahzadə dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevin 26 İyun –Silahlı Qüvvələr Günündə Kəlbəcər və Laçın rayonlarına səfərindən geniş bəhs edərək bildirib ki, ölkə Prezidentinin hər bir səfəri işğal və Zəfər dövrümüzün reallıqlarının bu məkanlardan dünyaya çatdırılmasında əhəmiyyətli rol oynayır: “Bir daha bəyan edilir ki, torpağın əsl sahibi qurub-yaradan olur, keçmişlə deyil, gələcəklə yaşayıb hədəflərə nail olmaq istiqamətində səylər göstərir. Azərbaycan işğal dövründə də bir amal uğrunda mübarizə apardı ki, torpaqlarımız işğaldan azad edilsin, ərazi bütövlüyümüz bərpa olunsun. Baxmayaraq ki, haqq-ədalət, beynəlxalq hüquq Azərbaycanın tərəfində idi, Ermənistana “Azərbaycan torpaqlarından çıx!” deyən olmadı. Azərbaycan xalqı bütün gücünü səfərbər edib tarixi şərəfli missiyanı yerinə yetirdi”.

Əliabbas Salahzadə qeyd edib ki, dövlət başçısı İlham Əliyev Kəlbəcər rayonuna səfəri çərçivəsində komando hərbi hissəsinə döyüş bayrağının verilməsinə həsr olunmuş təntənəli mərasimdəki nitqində bir daha tarixi Zəfərimizə gedən yolu təhlil etdi: “Azərbaycan bu tarixi Zəfərə nail olmaq üçün gücləndi, qüdrətləndi. İqtisadi müstəqilliyini təmin etdi. Bu mühüm addım ölkəmizin beynəlxalq aləmdə mövqeyini möhkəmləndirməsində əhəmiyyətli rol oynadı. Müzəffər Ali Baş Komandanın qeyd etdiyi kimi, bu gün dünyada güc amili ön plandadır. Beynəlxalq hüququn norma və prinsipləri işləmir, beynəlxalq təşkilatlar faktiki olaraq fəaliyyəti formal şəkildə davam etdirir”.

Millət vəkili onu da əlavə edib ki, dünyanın ikili standartlara əsaslanan siyasətinin fonunda Azərbaycan heç zaman ruhdan düşmədi, əksinə aparılan qərəzli təbliğatı real faktlarla, tarixi həqiqətlərlə cavablandırdı: “Nəhayət, 44 günlük İkinci Qarabağ müharibəsində həm döyüş meydanında, həm də informasiya cəbhəsində üstünlüyünü Ermənistana və ona havadarlıq edib 30 ildə danışıqların imitasiya naminə aparılmasına səbəb olan dövlətlərə nümayiş etdirdi. Azərbaycan tarixi Qələbəsi ilə gənclərimizin necə vətənpərvər, torpağa bağlı olduqlarını təsdiqlədi. Dövlət başçısı nitqində bir daha bildirdi ki, bizi Qələbəyə aparan ən başlıca amil milli ruh, ləyaqət, Vətənə sevgi idi və bunu gənc nəslin nümayəndələri, müstəqillik dövründə yetişən gənclər etdilər”.

“Müstəqilliyimizin, suverenliyimizin, ərazi bütövlüyümüzün qarantı olan ordumuzun daha da güclənməsinin, qüdrətlənməsinin bundan sonra da prioritet olacağını bəyan edən dövlət başçısı İlham Əliyev bildirdi ki, müharibədən sonra bu gün Azərbaycan Ordusu həm təchizat, həm də döyüş qabiliyyəti nöqteyi-nəzərdən daha güclüdür. Ən müasir silahları almaq üçün yeni kontraktlar imzalandı. Bu kontraktlar artıq icra olunur, yeni silahlar, ən müasir texnika Azərbaycana gətirilir və gətiriləcək. Ermənistanla sərhəddə mövqelərimiz daha da möhkəmlənəcək. Əgər Ermənistan sərhədlərin müəyyən edilməsi işində yenə də öz köhnə taktikasına qapılsa, vaxt uzatmağa çalışsa, nəticədə özü peşman olacaq”,- deyə Əliabbas Salahzadə vurğulayıb.

Millət vəkili postmünaqişə dövrünün reallıqlarından, Azərbaycanın bu reallıqların qəbulu istiqamətində atdığı addımlardan və onların uğurlu nəticələrindən geniş bəhs edib: “Dünya gücləri postmüharibə reallıqlarını artıq qəbul edib və öz fəaliyyətini bu reallıqlar əsasında qururlar. Ermənistan da bu reallığı qəbul etməlidir. Azərbaycan tərəfi Ermənistanla münasibətlərin normallaşdırıması istiqamətində real addımların atılmasında maraqlı olduğunu təklif etdiyi sülh müqaviləsi ilə təsdiqləyir. Regionda dayanıqlı sülhün və təhlükəsizliyin yaradılması üçün belə bir addımın atılması vacibdir. Amma ilyarımdır Ermənistanın seyrçi mövqedə dayandığını görürük. Ermənistan artıq fəaliyyətinə ehtiyac duyulmayan ATƏT-in Minsk qrupunun vasitəçilik missiyasının davam etdirilməsində maraqlı olduğunu açıq şəkildə bildirsə də Azərbaycan tərəfi bunun mümkünsüzlüyünü tarixi Zəfərimizdən sonra dəfələrlə bəyan edib. Təbii ki, Azərbaycan özü təkbaşına ədaləti bərpa edib, beynəlxalq hüquq deyilən məfhumun mövcudluğunu dünyaya çatdırırsa, torpaqlarını işğaldan azad edirsə, ATƏT-in Minsk qrupunun Ermənistana dəstəkdən ibarət vasitəçiliyinə nə ehtiyac vardır?”

Əliabbas Salahzadə işğaldan azad edilmiş ərazilərimizdə geniş miqyas alan bərpa-quruculuq işlərindən də danışıb: “Dövlət başçısının Kəlbəcər və Laçın rayonlarına səfəri zamanı açılışında və təməlqoyma mərasimlərində iştirak etdiyi sosial obyektlərin say tərkibinə diqqət yetirək. Ölkə Prezidenti, həmçinin bərpası davam edən sosial obyektlərdə görülən işlərlə də tanış oldu. Bütün bunlar Azərbaycan xalqının necə qurub-yaradan xalq olması ilə yanaşı, ölkəmizin iqtisadi imkanlarının da təqdimatıdır. Çünki bütün bu işlər Azərbaycanın öz maliyyə imkanları hesabına həyata keçirilir”.

Millət vəkili Prezident İlham Əliyevin 26 iyun tarixində Kəlbəcər rayonunda “İstisu” sanatoriyasının təməlqoyma mərasimindəki çıxışına da diqqəti yönəldərək bildirib ki, Kəlbəcər və Laçın rayonlarının inkişafı ilə bağlı lazımi addımlar atılır: “Keçən il 4 su elektrik stansiyası istifadəyə verilib. Bu il isə 5 su elektrik stansiyasının istifadəyə verilməsi təmin ediləcək. Bu rayonlarda 10-dan çox tunel inşa edilir. Kəlbəcər rayonunun inkişafı ilə bağlı konsepsiya artıq hazırdır. Kəlbəcər şəhərinin Baş planı təsdiq edildi, İşğal və Zəfər muzeyləri kompleksinin təməli qoyuldu. Atılan hər bir addım həqiqətlərimizin təbliğində də öz sözünü deyir və deyəcək. O da məlumdur ki, işğaldan azad edilmiş ərazilərimizdə üç Beynəlxalq Hava Limanının tikintisi nəzərdə tutulub ki, bunlardan Füzuli Beynəlxalq Hava Limanı ötən il istifadəyə verilib. Zəngilan Beynəlxalq Hava Limanının bu il istifadəyə verilməsi nəzərdə tutulur. Dövlət başçısı İlham Əliyev Laçın rayonuna səfəri zamanı Laçın Beynəlxalq Hava Limanında aparılan tikinti işləri ilə də tanış oldu. Ölkə Prezidentinin vurğuladığı kimi, bu hava limanının tikintisinin ən çətin tərəfi Laçın və Kəlbəcər rayonlarında düz yerin olmamasıdır. Ona görə də dağlar yarılır və kəsilir ki, zolaq üçün uyğun şərait yaradılsın. 2024-cü ildə Laçın Beynəlxalq Hava Limanının açılışı nəzərdə tutulur və bundan sonra gediş-gəliş daha rahat olacaq.”

Əliabbas Salahzadə işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərinin miqyasının genişliyi fonunda bir daha bu əminliyi ifadə edib ki, Böyük Qayıdış hər gün yaxınlaşır. yap.org.az

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...