"Ordu quruculuğu Prezidentimizin diqqət mərkəzindədir" - KOMİTƏ SƏDRİ ŞƏRH ETDİ

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Göygöl, Kəlbəcər və Laçın rayonlarına səfəri Silahlı Qüvvələrimizin yaranması gününə təsadüf etdiyi üçün, həm də səfər zamanı bir çox müəssisələrin təməlinin qoyulması, bəzi obyektlərin istifadəyə verilməsi baxımından əhəmiyyətli və yadda qalandır”. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.

Komitə sədri qeyd edib ki, dövlətimizin rəhbəri Prezident seçildiyi ilk gündən bu günədək ordu quruculuğu məsələlərini daim diqqətdə saxlayıb, hərbi kadrların hazırlanmasına, müasir silahların alınmasına, əsgər və zabitlərin ruh yüksəkliyinin artırılmasına, orduda nizam-intizamın yüksəldilməsinə, maddi-texniki bazanın möhkəmləndirilməsinə böyük əhəmiyyət verib, bu sahədə çox mühüm tədbirlər həyata keçirib və məhz bunun nəticəsidir ki, 44 günlük müharibə dövründə Azərbaycan Ordusu nəyə qadir olduğunu yalnız düşmənə deyil, bütün dünyaya göstərdi, həmçinin təsdiq etdi ki, xalqımız döyüşməyə, düşməni əzməyə, qalib gəlməyə qadirdir.

“Səfərin Silahlı Qüvvələr gününə düşməsi və cənab Prezidentin hərbiçilərlə görüşməsi təsadüfü deyildi. Cənab İlham Əliyevin hərbiçilərlə bir yerdə olması rəmzi məna daşıyırdı və ölkə rəhbəri bunu öz çıxışında da bir daha qeyd etdi. Müharibədən sonra sayca ikinci komando hissəsinin Füzulidən sonra Kəlbəcərdə yaradılması hərbi islahatların uğurla davam etdirilməsinin ifadəsi olmaqla bərabər, həm də düşmənə bir mesaj idi. Kəlbəcərdən bir daha düşmənə bildirildi ki, Azərbaycanın təhlükəsizliyi və müdafiəsi daim diqqətdədir və bu sahədə bütün imkanlardan istifadə ediləcəkdir.

Prezident Ermənistana və havadarlarına bəyan etdi ki, bütün sərhədlərimizdə güclü hərbi hissələr yaradılacaq və ordu quruculuğu bundan sonra da davam etdiriləcəkdir. O, həm də müharibə etmək, revanş götürmək, işğal etdikləri torpaqları geri qaytarmaq xülyasında onlara qətiyyətlə dağın döşündə yaratmış “Dəmir yumruq yerindədir” sözlərini xatırlatdı və bildirdi ki, Ermənistan öz məkrli əməllərindən birdəfəlik əl çəkməlidir.

Azərbaycan ordusu Qafqazın ən güclü ordusudur. Qarabağda və Şərqi Zəngəzurda sabitliyin yaradılması, təhlükəsizliyin təmin edilməsi, müdafiənin gücləndirilməsi də məhz ordumuzun döyüş qabiliyyətindən, onun mübarizliyindən asılıdır. Bu gün silahlı qüvvələrimiz bu vəzifəni yerinə yetirməyə qadirdir və Azərbaycan Prezidentinin hərbiçilərlə görüşü də bu vəzifələri qiymətləndirməyə, ordumuzu gücləndirməyə xidmət edir”, deyə Tahir Rzayev bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə