Siyasi partiya sədrlərinin Zəngilanda BİR GÜNÜ - SORĞU

Ölkədə fəaliyyət göstərən siyasi partiya nümayəndələrinin, tanınmış politoloq və siyasi şərhçilərin, habelə media nümayəndələrinin bu gün Zəngilan rayonuna səfəri təşkil olunub. Səfər Azərbaycan Respublikası Prezidenti Administrasiyasının təşkilatçılığı ilə reallaşıb. Prezident Administrasiyasının təşkilatçılığı ilə həyata keçirilən səfərdə 40 siyasi partiyanın 46 nümayəndəsi, həmçinin 6 tanınmış politoloq, siyasi şərhçi və 19 jurnalist iştirak edib. Onlar əvvəlcə Cəbrayıl rayonuna səfər ediblər. Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) nümayəndələri tərəfindən iştirakçılara aparılan minatəmizləmə fəaliyyəti barədə geniş məlumat verilib. Daha sonra isə partiya sədrləri Zəngilan rayonuna yola düşüblər. Onlar rayonda aparılan bərpa-quruculuq layihələri ilə yaxından tanış olublar.

SİA mövzu ilə bağlı Zəngilana səfər edən siyasi partiyaların rəhbərləri və politoloqların səfərlə bağlı təəssüratlarını öyrənib:

Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev bildirib ki, siyasi partiya rəhbərlərinin Zəngilan rayonuna səfər etməsi əhəmiyyətli hadisədir: “Birincisi, siyasi təşkilat rəhbərləri işğaldan azad olunmuş ərazilərimizdəki real vəziyyəti öz gözləri ilə görür və hadisələri də real qiymətləndirmək imkanı qazanır. İkincisi, hələ də həllini gözləyən problemləri həm orada olan mütəxəssislər, müvafiq dövlət orqanları ilə müzakirə etmək, səfərdə iştirak edən partiya sədrləri ilə fikir mübadiləsi aparmaq, ermənilərin ölkəmizə hərtərəfli nə qədər ziyan vurduğunu bir daha görmək fürsəti qazanılır. Ölkəmizdə siyasi dialoq mühitinin yaranması çox mühüm hadisədir.

Ölkə Prezidentinin siyasi iradəsi və PA-nın Siyasi partiyalar və qanunvericilik fəaliyyəti ilə iş şöbəsinin məhsuldar fəaliyyəti nəticəsində hakimiyyətlə siyasi partiyalar arasında olan inkarçılıq meylləri aradan götürüldü, normal dialoq mühiti yaranır, siyasi partiyalar öz təkliflərini birbaşa hakimiyyətə çatdırmaq, bəzi məsələlərin müsbət həll olunmasına nail olmaq imkanları yaranır.

Ən əsası, ölkənin siyasi qüvvələri düşmənçilik münasibətindənsə dialoq mühitinə keçməyin nə qədər əhəmiyyətli olduğu bir prosesin faydasını bütövlükdə cəmiyyət görəcək.

Əgər ümumilikdə gördüyümüz işdən bütövlükdə insanlarımız yararlanacaqsa bu bizim siyasi təşkilat rəhbəri olaraq ən böyük qazancımız olacaq”.

Politoloq Yusif Bağırzadənin fikirlərinə görə, bu Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin təşkil etdiyi dördüncü səfərdir. Son bir ayın içərisində ikinci səfərdir ki, təşkil olunur. Bildiyimiz kimi bundan əvvəlki səfər Yeni Azərbaycan Partiyası və Türkiyənin Ədalət və İnkişaf Partiyasının iştirakı ilə Şuşa bəyannaməsinin ildönümü münasibətilə təşkil edilmişdir. Zəngilan səfəri ilə bağlı təəssüratlarım müsbətdir. Biz Zəngilan və Cəbrayıl rayonlarında erməni qəsbkarlığının, vandalizminin şahidi olduq. Onlar nəinki Azərbaycanın mülki vətəndaşlarına, həmçinin ekologiyamıza ciddi zərər vurublar. Bu 30 il ərzində burda olan infrastruktur tamamilə məhv olub. Prezidentin tapşırığı ilə burada çox böyük işlər görülüb. Birinci dayanacağımız Cəbrayıl rayonuna oldu. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə Həkəri çayına balıqların buraxılması mərasimində iştirak etdik. Bu tədbir simvolik bir xarakter daşıyır.

Daha sonra isə Zəngilan rayonunun Ağıllı kənd layihəsi ilə tanış olduq. Bu kəndə qıraqdan heç bir müdaxilə olmadan öz-özünü idarə edən bir kənddir. Gələcəkdə bu kəndin sahibləri həm elektrik enerjisindən, həm kənd təsərrüfatından istifadə edə bilər, həm də digər işləri özləri birbaşa həyata keçirəcəklər. Burada hər bir şərait yaradılıb. Biz bununla bir daha bütün dünyaya sübut etdik ki, Azərbaycan xalqı hər şeyə qadirdir. Bu, bütün xalqımızın böyük nailiyyətidir. Səfər çərçivəsində həmçinin Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin rəisi Ədalət Vəliyev də iştirak etdi və görüşlərimiz yüksək səviyyədə keçdi”.


Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini, “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli
qeyd edib ki, bu səfər siyasi partiyaların işğaldan azad olunmuş ərazilərə dördüncü səfəridir. Səfər çərçivəsində həm Zəngilanda, həm də Cəbrayılda həyata keçirilən quruculuq, bərpa işləri ilə tanış olduq. Eyni zamanda ermənilərin Azərbaycan ərazilərində bütün beynəlxalq konvensiyaları pozaraq mina yerləşdirmələri, bütün standartları pozaraq cinayətlər törətməsi müvafiq şəkildə tədbir iştirakçılarının diqqətinə çatdırıldı. Səfər çərçivəsində həmçinin minaların təmizlənməsi prosesinə də şahidlik etdik. Vacib məqamlardan biri də Zəngilanda Həkəri çayına balıqların buraxılması mərasimində iştirak etməyimiz və Ağalı kəndi ilə tanış olmağımız idi. Uzun müddət ərzində bu qədər genişmiqyaslı fəaliyyətin həyata keçirilməsi qürurvericidir. Azərbaycan xalqı döyüş meydanında öz gücünü nümayiş etdirməyi bacardığı kimi, quruculuq və bərpa işlərində də öz gücünü nümayiş etdirdi. Hesab edirəm ki, qısa müddət ərzində bu torpaqlarda gedən quruculuq və bərpa işləri qısa bir zamanda yekunlaşacaq”.


Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə
bildirib ki, Azərbaycan Sosial Demokrat Partiyası Partiya yaranan gündən milli barışığın tərəfdarı olub. Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin təşkil etdiyi bu səfərlər milli barışığa yönəlik addımlardır. Bu gün Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi çox böyük işlər görür. Hazırda siyasi partiyaların fəaliyyəti üçün şərait yaradılıb. Bu kimi səfərlər partiya sədrlərinin bir-biriləri ilə təmasda olmağa, fikir mübadiləsi aparmağa şərait yaradır. Bu səbəbdən bu kimi tədbirlər çox əhəmiyyətlidir”.

Xatırladaq ki, ölkənin demokratik məzmunlu siyasi dialoq təcrübəsini zənginləşdirən siyasi partiya rəhbərlərinin birgə səfərləri daha öncə Ağdam və Şuşa şəhərlərinə təşkil olunub. Belə ki, partiya rəhbərlərinin və politoloqların ilk birgə səfəri ötən il martın 17-də Ağdam şəhərinə, ikinci birgə səfər oktyabrın 7-də Şuşa şəhərinə təşkil edilib. Ölkə siyasiləri üçüncü dəfə Şuşa Bəyannaməsinin birinci ildönümü münasibətilə cari il iyunun 15-də Şuşa şəhərində keçirilmiş “Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir” adlı beynəlxalq konfransda iştirak etmək üçün birgə səfərə çıxıb, Azərbaycanın siyasi tarixində ilk dəfə olaraq müxalif siyasi partiyalar iqtidar tərəfindən təşkil olunmuş rəsmi dövlət tədbirində iştirak ediblər.

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə