“Heydər Əliyev həm də qüdrətli Azərbaycan Ordusunun yaradıcısıdır” - DEPUTAT ŞƏRH ETDİ

“Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşamasına baxmayaraq, ölkədə ordu quruculuğu sahəsində əhəmiyyətli addımlar ata bildi. Həmin dövr üçün Azərbaycan Silahlı Qüvvələrinin yaranması müstəsna addım idi.

Ümummilli Liderimiz Heydər Əliyev xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra qısa müddət ərzində həyata keçirilən uğurlu islahatlar nəticəsində ölkəmizin həyatının bütün sahələrində, o cümlədən ordu quruculuğu istiqamətində dönüş yarandı”. Bu sözləri SİA-ya açıqlamasında deputat Müşfiq Cəfərov deyib.

Onun sözlərinə görə, Ümummilli Lider dəfələrlə irimiqyaslı təlimlərdə iştirak edərək ordumuzun döyüş vərdişlərinin artırılmasına xüsusi diqqət yetirirdi: “Uğurla həyata keçirilən islahatlar nəticəsində Azərbaycan Ordusunun maddi-texniki təminatı getdikcə yaxşılaşdı, şəxsi heyətin mənəvi-psixoloji hazırlığı daha da artdı, döyüş ruhu, qələbə ovqatı yüksəldi, bütün bunlar bugünkü qələbəmizin başlanğıcını qoydu. Bu gün inamla demək olar ki, müasir, müstəqil dövlətimizin memarı və qurucusu olan Ulu Öndər Heydər Əliyev həm də qüdrətli Azərbaycan Ordusunun yaradıcısıdır.

Ümummilli Lider dövlətimizin imicini beynəlxalq aləmdə yüksəltdikdən sonra Azərbaycan Ordusunun da dünya ölkələrinin ordularına inteqrasiya etməsinə nail oldu. Həyata keçirilən uğurlu islahatlar nəticəsində ordumuzun beynəlxalq əlaqələri qısa müddət ərzində möhkəmləndi və proses bu gün də davam edir”.

Deputat sözlərinə belə davam edib: “Heydər Əliyevin layiqli davamçısı olan cənab Prezident İlham Əliyevin rəhbərliyi altında başqa sahələrdə olduğu kimi, ordu quruculuğu istiqamətində də uğurlu islahatlar həyata keçirilir.

1990-cı illərin ortalarından başlayaraq Azərbaycanın NATO ilə sıx və səmərəli əməkdaşlığı ordu quruculuğu prosesinin təkmilləşdirilməsinə, Silahlı Qüvvələrimizin modernləşdirilməsinə, müasir standartlara uyğunlaşdırılmasına səbəb oldu.

Vətən müharibəsində qazanılan Zəfər ordu quruculuğunda müəyyən islahatları şərtləndirdi. Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə ordumuzda yeni təyinatlı Komando hərbi hissəsi yaradıldı. Komando Briqadasının yaradılması Azərbaycan ordusu üçün yenilikdir.Çoxsaylı komando briqadaları artıq Azərbaycanda yaradılır və bu briqadalar istənilən hərbi vəzifəni icra etməyə qadir olacaqlar”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə