Heydər Əliyevin apardığı ordu islahatları tarixi qələbəsinin əsasını qoydu ŞƏRH

Azərbaycan Xalq Cümhuriyyəti dövründə əsası qoyulmuş Azərbaycan ordusunun ənənələri müasir dövrdə də qorunub saxlanılır və inkişaf etdirilir. Bu isə ulu öndər Heydər Əliyevin ciddi səyləri nəticəsində mümkün olmuşdur. Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında Silahlı Qüvvələr quruculuğu sahəsində aparılan işlər ölkəmizdə mütəşəkkil, qüdrətli ordu yaratmağa imkan vermiş, onun gələcəkdə daha da möhkəmlənməsi üçün əsaslı zəmin yaratmışdır.

Azərbaycan Respublikası öz dövlət müstəqilliyini bərpa edərkən artıq Ermənistan Respublikası ilə müharibə vəziyyətində idi. Tarixən Azərbaycana qarşı ərazi iddiasında olan ermənilər onlara havadarlıq edən və ölkəmizi parçalamaq, onun müstəqilliyinə mane olmaq istəyən digər qüvvələrlə birlikdə bir hissəsini işğal etmişdilər. Həmin zaman Azərbaycana rəhbərlik edən şəxslər qətiyyətsizlik və iradəsizlik nümayiş etdirərək Silahlı Qüvvələri yarada bilmədilər. Belə ki, sentyabrın 5-i 1991-ci il tarixində Müdafiə Nazirliyinin yaradılması baradə qərarın və həmin ilin oktyabrın 9-da Azərbaycan Respublikasının Ali Soveti tərəfindən Silahlı qüvvələrin yaradılması haqqında qanunun qəbul edilməsinə baxmayaraq, Respublika rəhbərliyi bu qərarların həyata keçirilməsi üçün heç bir səy göstərmirdi. Cəmiyyətin bütün qatlarını sarsıdan daxili qeyri-sabitlik, siyasi çəkişmələrin geniş vüsət alması, cinayətkar mafioz dəstələrin fitnələri, xarici xüsusi xidmət orqanlarının qarşısı alınmayan kəşfiyyat-təxribat fəaliyyətinin ordu quruculuğu prosesinə göstərdiyi dağıdıcı təsiri 1993-cü ilin ortalarında artıq ordunu məhv olmaq təhlükəsi qarşısında qoydu.

Bunların nəticəsi olaraq erməni silahlı qüvvələri Azərbaycan torpaqlarının 20 faizini zəbt etmiş, 1 milyondan artıq vətəndaşımızı öz yurdlarından didərgin salmış, on minlərlə insanı məhv etmişdi. Azərbaycanın daxilində hakimiyyətsizlik, qarışıqlıq və xaos, siyasi çəkişmələr, ordunun iflic vəziyyətində olması, ərazilərin işğalı, ölkənin parçalanması və müstəqilliyin itirilməsi təhlükəsi əhalidə ruh düşkünlüyü, vahimə və qorxu, dövlətə və orduya, sabahkı günə inamsızlıq hissləri yaratmışdı. Məhz belə bir ağır böhranlı şəraitdə Azərbaycan xalqı öz müstəqil dövlətinin məhv edilməsi təhlükəsi qarşısında üzünü Naxçıvana, xalqın layiqli oğlu Heydər Əliyevə tutaraq onu hakimiyyətə gətirdi.

Ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə gəlməsi və Azərbaycan Respublikasının Prezidenti seçilməsi vəziyyəti kökündən dəyişdi, respublikamızda ordu quruculuğu sahəsində mühüm tədbirlərin həyata keçirilməsinə güclü təkan verdi, cəbhədə vəziyyətin müsbət istiqamətdə inkişafına şərait yaratdı. Bu dövrdən etibarən ölkədəki silahlı qüvvələr dövlətin tam nəzarətinə keçdi. Görülmüş tədbirlər nəticəsində qısa zaman kəsiyində Füzuli və Ağdam rayonlarının bir sıra yaşayış məntəqələri işğaldan azad edildi, cəbhədə təşəbbüs Azərbaycan ordusunun əlinə keçdi. Bu uğurların müvəqqəti olduğunu güman edən düşmən öz havadarlarının köməyindən və silahlı sursatından istifadə edərək 1994-cü ilin ilk aylarında bütün cəbhə boyu irimiqyaslı hücum əməliyyatlarına başladı. Lakin Azərbaycan ordu hissələrinin Füzuli, Beyləqan, Ağdam və Tərtər istiqamətlərindəki müqaviməti ilə rastlaşan və Azərbaycan əsgərinin qəhrəmanlıq nümunələrinin şahidi olan düşmən cəbhədə atəşkəsə razılıq verməli oldu.Ümummilli lider Heydər Əliyev hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədi ilə 1999-cu il yanvarın 20-də Hərbi Akademiyanın yaradılması haqqında fərman imzalamışdır. Prezidentin 20 avqust 2001-ci il tarixli fərmanı ilə Silahlı Qüvvələr üçün kadr hazırlığının təkmilləşdirilməsi məqsədilə Müdafiə Nazirliyi sistemində fəaliyyət göstərən məktəblər Azərbaycan Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi adlandırılmışdı.

Bu gün Azərbaycan Silahlı Qüvvələrinin quruculuğu prosesi davam etdirilir və ordumuz inkişaf, təkmilləşmə dövrünü yaşayır. 2020-ci ilin iyununda yeni ərazilər işğal etmək niyyəti ilə bütün vasitələrdən istifadə etməklə müxtəlif istiqamətlərdən torpaqlarımıza hücum edən düşmənin silahlı birləşmələri ağır məğlubiyyətə uğradıldı. Müzəffər Azərbaycan Ordusu bu hücumun qarşısını aldı. Əks-hücum əməliyyatı üçün əmr verən Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandanımız İlham Əliyev xalqa müraciətində dedi: “Biz haqlıyıq, biz öz torpağımızda vuruşuruq, öz torpağımızda şəhidlər veririk. Bizim savaşımız müqəddəs savaşdır!”.

Azərbaycan Ordusu dövlətimizin başçısının bu sözlərini döyüşlərdə qələbələrlə təsdiqləyirdi, gücü, qüdrəti, mənəvi-psixoloji hazırlığı ilə. Nəticədə, Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində böyük Zəfər qazandı. Bu müharibə Azərbaycan Ordusunun gücünü dünyaya nümayiş etdirdi. Biz Ordumuzla qürur duyuruq. Azərbaycan qüdrətli ölkədir və güclü ordusu var. Düşmənlərimiz bunu unutmasınlar.Ümummilli liderimiz Heydər Əliyevin fərmanı ilə Azərbaycan Xalq Cümhuriyyəti dövründə Milli Ordunun yarandığı 26 iyun günü Azərbaycan Silahlı Qüvvələri Günü kimi bayram edilir.

Fərid Mustafayev

YAP Yasamal rayon AMEA Torpaqşünaslıq və Aqrokimya

İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

Bütün xəbərlər Facebook səhifəmizdə