Azərbaycan-Özbəkistan münasibətləri möhkəmlənir - KOMİTƏ SƏDRİ ŞƏRH ETDİ
“Azərbaycan-Özbəkistan dövlətlərini və xalqlarını bir-birinə bağlayan tarixi köklər, milli-mənəvi dəyərlər, dostluq və qardaşlıq əlaqələri möhkəmdir, əsrlərin sınaqlarından çıxıb və bu günümüzə kimi yaşayır, uğurla davam etdirilir.” Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.
Komitə sədri vurğulayıb ki, Ulu Öndərimiz Heydər Əliyevin rəhbərliyi illərində bu münasibətlər özünün ən yüksək zirvəsinə çatdırılmış, Ümummilli Liderimizin Özbəkistan rəhbərləri Şərəf Rəşidovla, İslam Kərimovla dostluq münasibətləri xalqlarımızın, ölkələrimizin yaxınlaşmasına, insanların xoşbəxt həyatına xidmət etmişdir və bu gün də bu ənənələr davam edir, münasibətlər ildən-ilə yaxşılaşır.
“Azərbaycan Prezidentinin Özbəkistana səfəri, Daşkəndin mərkəzində Ulu Öndərimizin adını daşıyan küçədə Heydər Əliyev Meydanının salınması, Meydanın mərkəzi hissəsində Ümummilli Liderimizin böyük memorial kompleksinin ucaldılması qardaşlıq və dostluğun əyani ifadəsidir. Meydanın açılışında çıxış edən Azərbaycan Prezidenti cənab İlham Əliyev Ulu Öndərə göstərilən hörmət və ehtiramı yüksək qiymətləndirərək demişdir: “Əziz qardaşım Şavkat Miromonoviçin bu təşəbbüsünə, Daşkəndin mərkəzində atam Heydər Əliyevin xatirəsinə həsr edilmiş belə gözəl guşə yaradılmasına görə ona çox təşəkkür edirəm. Küçə, meydan, barelyef, gözəl park - bunlar Azərbaycan xalqının böyük liderinin xatirəsinə, bütün Azərbaycan xalqına həqiqi qardaşlıq münasibətidir. Biz Azərbaycanda bunu çox yüksək qiymətləndiririk, çox təşəkkür edirik və bunu özbək qardaşlarımızın bizim Ulu Öndərə, ortaq tariximizə həqiqətən qardaşcasına münasibəti hesab edirik”.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Özbəkistan səfəri, geniş tərkibdə təşkil olunan görüşlər, vacib sahələrə aid sənədlərin imzalanması, Prezidentlərin mətbuata bəyanatlarla çıxış etmələri, Özbəkistan Prezidenti cənab Şavkat Mirziyoyevin Azərbaycan xalqı, Ulu Öndərimiz və Prezidentimiz haqqında söylədiyi xoş sözlər, qürurverici ifadələr dövlətlər arası münasibətlərin yüksək səviyyədə olduğunu göstərməklə, bu dostluq və qardaşlığın bundan sonra da uğurla davam etdiriləcəyinə bir zəmanətdir. Əlbəttə bu, hər iki dövlətin inkişafı, təhlükəsizliyi və xalqların xoşbəxt gələcəyi üçün əhəmiyyətlidir. Prezidentimizin düşünülmüş siyasəti də məhz bu məqsədə-xalqların və dövlətlərin inkişafına, xoşbəxtliyinə, əminamanlığın yaradılmasına xidmət edir. Azərbaycan-Özbəkistan münasibətləri yeni bir mərhələyə qədəm qoyur”, deyə Tahir Rzayev bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB