IX Qlobal Bakı Forumu-Azərbaycan yaşıl enerji zonasına çevriləcək ŞƏRH
16-18 iyun 2022-ci il tarixində Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən “Qlobal dünya nizamına təhdidlər” adlı IX Qlobal Bakı Forumu keçirilmişdir. Mərkəzin təşkil etdiyi tədbirdə 50-dən çox ölkənin, eləcə də nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri iştirak edib. Forumda qlobal dünya nizamını təhdid edən mühüm problemlər, o cümlədən dünyada təhlükəsizliyin və sülhün təmin olunması üçün perspektivlər, enerji təhlükəsizliyinə yaranan təhdidlərin həlli yolları, həssas bölgələrdə sülh, əməkdaşlıq və inteqrasiya, qloballaşan dünyada artan ədalətsizliklər, yoxsulluğun qarşısının alınması üçün qida və kənd təsərrüfatı sektorunun transformasiyası kimi mühüm mövzularda səmərəli müzakirələr aparılmışdır.
Beynəlxalq aləm və dünya üçün bu cür qlobal forumların önəmi yüksəkdir. Çünki burada dünya üzrə çox yüksək nüfuza və sözə sahib olan mötəbər şəxslərin iştirakı, o cümlədən qeyri-hökumət təşkilatları iştirak edirlər. Tədbirin önəmini artırmaq və beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmək üçün Forumda müzakirə olunan mövzuların daha çox qlobal səviyyədə aktual olan problemlərlə əlaqədar olması da vacib məqamdır. 2013-cü ildən etibarən hər il ənənəvi şəkildə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən Forum keçirilir. Lakin forum 2020-ci ildə Covid-19 səbəbi ilə təxirə salınmışdır.
IX Qlobal Bakı Forumunda ölkə başçısı cənab İlham Əliyev iştirak edib. Cənab Prezident İlham Əliyev bir çox məsələlərə toxunmuş və qlobal gündəliyin aktual məsələlərindən olan enerji təhlükəsizliyi ilə bağlı da çıxış etmişdir. Çıxış zamanı Prezident İlham Əliyev söyləmişdir: “Enerji bazarlarındakı vəziyyəti proqnozlaşdırmaq çətindir. O, istehsalçılar və istehlakçılar arasında qeyri-bərabərsizliyə yol açır və bu, həmçinin istehsalçılar üçün də riskdir. Əgər kimsə neft və qaz istehsal edən ölkələrin bu yüksək qiymətlərə görə çox sevindiyini düşünürsə, bu, düzgün dəyərləndirmə deyil. İstehsalçılar və istehlakçılar arasında maraqlar tarazlığı, sabit bazar – istehsalçılara həqiqətdə bu, lazımdır. Azərbaycanın fəal iştirak etdiyi OPEC+ formatında səylər buna yönəlib. Bütün bunlar yeni çağırışlardır”. Müasir dövrdə enerji ehtiyatlarının azalması, qiymətlərin dəyişkən olması, dünya ölkələrinin siyasi, iqtisadi və enerji mənbələri uğurunda maraqlarının toqquşması hər bir ölkənin enerji təhlükəsizliyini təmin etmək üçün güclü bir strategiya müəyyənləşdirməsini zəruri edir. Dünya əhalisinin sürətli artımı və sənayenin inkişafı qlobal enerji tələbatının artımını da şərtləndirir. Azərbaycanın enerji resurslarına ehtiyac artırmaqda davam edir. Avropada vəziyyətin kəskin dəyişməsi səbəbi ilə Azərbaycanın karbohidrogen ehtiyatlarına tələbat artır. Ölkəmiz artan tələbatı təmin etmək üçün əlindən gələni edir. Karbohidrogen ehtiyatlarının tam olaraq nə vaxt tükənəcəyi ilə bağlı müxtəlif proqnozlar verilsə də, onların bir gün tükənəcəyi danılmaz faktdır. Alternativ enerji mənbələrinin mövcudluğu dayanıqlı enerji təchizatının təmin edilməsi, qlobal istiləşmə və iqlim dəyişikliyinin qarşısının alınması baxımından dövrün əsas çağırışlarından biridir.
Prezident İlham Əliyev: “Bir il yarımdan sonra 700 meqavatdan artıq külək və günəş enerjisi həcmi istifadə oluna biləcəkdir. Bu, yalnız başlanğıcdır. Potensial daha böyükdür. Artıq biz 4 qeqavat enerji həcmi ilə bağlı razılaşma imzalamışıq. Təkcə Xəzər dənizinin potensialı 157 qeqavatdan ibarətdir. Bu, nəhəng həcmdir və şübhəsiz ki, Azərbaycan yaşıl enerji zonasına çevriləcək və bərpaolunan enerji sahəsində beynəlxalq enerji bazarında ciddi oyunçu olacaqdır”. İşğaldan azad edilmiş ərazilərdə “yaşıl enerji” zonasının yaradılması ilə bağlı qarşıya mühüm vəzifələr qoyulmuşdur. Bu məsələ ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2 fevral 2021-ci il tarixli “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” adlı Sərəncam imzalamışdır. Yer səthinə düşən günəş radiasiyasının miqdarına görə Naxçıvan Muxtar Respublikasından sonra Qarabağın cənub düzənlik hissəsi – Füzuli, Cəbrayıl, Zəngilan rayonları ikinci yerdə dayanır. Həmin ərazilərin günəş enerjisi potensialı 3000-4000 meqavatdır. Qarabağda külək enerjisi də istehsal etmək mümkün olacaq. Qarabağın dağlıq ərazilərində külək enerjisinin potensialı 300-500 meqavat kimi qiymətləndirilir.
Nigar İmaməliyeva
YAP Yasamal rayon təşkilatının AMEA Folklor İnstitutunun
ərazi partiya təşkilatının sədr müavini
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB