17 İyun Səhiyyə İşçiləri Günüdür TƏHLİL

17 İyun Səhiyyə İşçiləri Günüdür TƏHLİL

İnsanların sağlamlığının keşiyində duranlar

Sağlamlığımızın qorunması hər zaman olduğu kimi, bu gün də ən vacib məsələlərdən biridir. Odur ki, səhiyyəyə diqqət və qayğının artırılması Azərbaycanın səhiyyə sistemini dövrlə ayaqlaşan, qlobal dəyişikliklərə cavab verən və tərəqqi edən bir sahəyə çevirib. Səhiyyə sahəsində bir çox istiqamətlər üzrə islahatlar aparılır, dövlət proqramları reallaşır. "Səhiyyə bizim üçün əziz, qiymətli bir sahədir və onun inkişafı üçün lazımi tədbirlər görüləcəkdir", - deyə Ümummilli Lider Heydər Əliyev bildirib.
Bu gün milyonlarla insana həyat və şəfa bəxş edən, onlara həyati təhlükə yarananda ikinci həyat, yenidən sağlamlıq bəxş edən tibb işçilərinin peşə bayramıdır. Ümummilli Lider Heydər Əliyevin Sərəncamı ilə tibb işçilərinin peşə bayramı üçün 17 iyun tarixinin müəyyən edilməsi təsadüfi deyil. Şərqdə ilk demokratik respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin ilk qərarlarından biri ilə 1918-ci il iyunun 17-də Səhiyyə Nazirliyi təsis olunub. Ötən 104 ildə Azərbaycan səhiyyəsi böyük inkişaf yolu keçib. Tibbi yardımın təşkili üçün yeni xəstəxanalar və apteklər açılıb, həm əhaliyə, həm də döyüşlərdə yaralanan əsgər və zabitlərə tibbi yardımın təşkili, həmin dövrdə geniş yayılmış yoluxucu xəstəliklərin qarşısının alınması üçün tədbirlər görülüb.
Cümhuriyyətin səhiyyə sahəsində mühüm tədbirlərindən biri də tibbi kadrların hazırlığı idi. Həmin dövrdə Cümhuriyyət hökumətinin xaricə təhsil almaq üçün göndərdiyi tələbələrdən bir çoxu təbabət üzrə təhsil alırdılar. Digər tərəfdən, 1919-cu ildə əsası qoyulan Bakı Dövlət Universitetində tibb fakültəsi yaradıldı. Bu tibb kadrları sonralar səhiyyəmizin kadr potensialının özəyini təşkil etdilər.
Bu istiqamətdə iş sovet hakimiyyətinin ilk illərində də davam etdirilib, yüzlərlə yeni xəstəxana, poliklinika və aptek yaradılıb. Azərbaycan səhiyyəsinin sonrakı inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Səhiyyə məsələlərinə böyük diqqət və qayğı ilə yanaşan Ulu Öndər Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə bugünkü iri tibb müəssisələrinin əksəriyyəti inşa olunub əhalinin istifadəsinə verildi. Kadr hazırlığına böyük diqqət yetirən Ulu Öndər istedadlı gəncləri tanınmış tibb təhsili ocaqlarına göndərir, orada yüksək ixtisaslı kadrlar kimi formalaşmasına şərait yaradırdı. Həkimlərin ixtisasını artırması üçün Azərbaycanda müxtəlif konfranslar, simpoziumlar keçirilirdi. Ümummilli Lider bu fəaliyyətini müstəqilliyimizin bərpasından sonrakı illərdə - xalqın təkidi və tələbi ilə hakimiyyətə qayıdışından sonra da davam etdirdi.

Hazırda insanların sağlamlığının qorunması, gələcək nəslin sağlam böyüməsi ölkəmizdə dövlət siyasətinin prioritet istiqamətlərindən biridir və dövlətimizin başçısı bu məsələləri daim diqqət mərkəzində saxlayır. Son illər Azərbaycan səhiyyəsinin idarə olunması, tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, yeni tibbi texnologiyaların tətbiqi, köklü kadr islahatları və aparılan digər tədbirlər onu dünyanın qabaqcıl ölkələrinin səviyyəsinə çıxarmağa imkan yaradıb. Tibb müəssisələrinin təmir və bərpası, vətəndaşların pulsuz dərman vasitələri və preparatlarla təmin olunması, onların müalicəsi, regionlarda diaqnostika mərkəzlərinin tikilərək istifadəyə verilməsi, xüsusilə uşaqların bütün tibbi xidmətlərlə ən yüksək səviyyədə əhatə olunması səhiyyə sahəsində aparılan islahatların əsas istiqamətlərini təşkil edir. Ölkəmizdə yüzlərlə yeni tikilmiş və ya əsaslı təmirdən çıxmış tibb müəssisəsi müasir avadanlıqlarla təmin olunub. Aparılan islahatlar, maddi-texniki bazanın təkmilləşdirilməsi, təchizat və kadr hazırlığı ilə bağlı görülən işlər əhalinin dövlət tibb müəssisələrinə olan inamını getdikcə artırır. Heydər Əliyev Fondunun diabetli, talassemiyalı xəstələrə göstərdiyi qayğı və onların müalicəsinin təşkilində, qanvermə aksiyalarının keçirilməsində, ana və uşaqların sağlamlığının qorunmasının yaxşılaşdırılmasında gördüyü işlər də böyük razılıq və rəğbət doğurur.
Səhiyyə sahəsində aparılan islahatların davamı olaraq icbari tibbi sığortanın tətbiqi hökumətin səhiyyə sahəsində apardığı islahatların tərkib hissəsidir. İcbari tibbi sığortaya keçid ölkə vətəndaşlarının tibbi xidmətlərə əlçatanlığını artırır. İcbari tibbi sığorta müasir və keyfiyyətli tibbi xidməti təmin edən səhiyyənin maliyyələşdirilməsinin yeni formasıdır. Azərbaycanın hər bir bölgəsində əhali müasir xəstəxanalarda keyfiyyətli tibbi yardım ala bilir. Xaricdə təhsil almış yüsək ixtisaslı həkim kadrlar və peşəkar tibbi heyət olduğu üçün xəstələr öz sağlamlıqlarına qovuşmaq üçün xarici ölkələrə üz tutmurlar. Müxtəlif xəstəliklər üzrə insanlar pulsuz dərmanlarla təmin olunur, maddi imkanı aşağı olan xəstələrin müalicə xərcləri dövlət hesabına ödənilir.
Bugünkü durumda koronovirusla mübarizədə həkimlərin fədakarlıq göstərməsi bu peşə sahiblərinin nə qədər müqəddəs bir fəaliyyətlə məşğul olmasını bir daha önə çəkdi. Tibb işçiləri öz vəzifə borclarını ləyaqətlə yerinə yetirərək ən çətin günlərdə ümumbəşəri təhlükə ilə mübarizənin ön cərgəsində oldular. Koronovirusla mübarizəyə cəlb olunmuş həkimlərin məvaciblərinin artırılması ilə bağlı dövlət başçısı Sərəncam imzaladı. Həkimlər insan sağlamlığı, insanın yaşaması uğrunda öz həyatlarını təhlükəyə qoydular və bu gün də belədir. Yürüdülən dövlət siyasəti və vətəndaşların artan məsuliyyəti nəticəsində hələ də Azərbaycanda koronavirusla bağlı vəziyyət nəzarət altındadır. Azərbaycan Cənubi Qafqazda ilk olaraq vaksinasiya işlərinə start vermişdir.
Bütün bunlar sübut edir ki, Azərbaycan vətəndaşlarının hərtərəfli tibbi xidmətlə təmin edilməsi istiqamətində icra olunan layihələri dövlətimizin başçısı Cənab İlham Əliyev daim nəzarətdə saxlayır. Bu layihələr, eyni zamanda, vətəndaşlarımızın məhz ölkəmizdə yüksək səviyyəli tibbi xidmətlərdən yararlanması ilə bağlı görülən mühüm işlərin davamlı olduğunu göstərir.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə