Aqil Məmmədov: “Şuşa Bəyannamasi bölgədə marağı olan hər kəsə verilən mesajdır” ŞƏRH

“Şuşa Bəyannaməsi iki dövlətin dövrü maraqlarının təmini nəticəsində meydana gəlməyib. Bu Bəyyannamə tarixə, soykökə, qardaşlığa, təbii müttəfiqliyə söykənir”. Bu fikirləri Milli Məclisin deputatı Aqil Məmmədov Şuşa Bəyannaməsinin imzalanmasının 1 illiyi ilə bağlı bildirib. Millət vəkilinin sözlərinə görə, bu Bəyannamə ilə Azərbaycan-Türkiyə münasibətləri yeni mərhələyə qədəm qoyub: “Müasir dövrdə iki qardaş ölkənin münasibətləri Ümummilli Lider Heydər Əliyevin irəli sürdüyü “Bir millət, iki dövlət” şüarına və onun bilavasitə həyata keçirdiyi iqtisadi, beynəlxalq siyasətə əsaslanır. 30 ilə yaxın davam edən sıx münasibətlər ötən il Şuşa Bəyannaməsinin reallaşması ilə özünün yüksək zirvəsinə çatdı. Şuşa Bəyannamasi bölgədə marağı olan hər kəsə verilən mesajdır”. Hazırda bəyannamənin praktik olaraq icrada olduğunu deyən millət vəkili bunun üçün bir sıra nümunələri göstərib: “Elə müqavilələr olur ki, mürəkkəbi qurumamış önəmini itirir. Şuşa Bəyannaməsi ilə imzalanan andan aktiv şəkildə qüvvədədir. Ötən müdətdə hər iki ölkənin hərbçilərinin təlimləri davam etdirilib. Azərbaycan öz ordusunu Türkiyə ordusuna uyğun şəkildə formalaşdırmaqdadır. Bunu cənab Prezident rəsmən bəyan edib. Ölkə rəhbərlərinin intensiv qarşılıqlı səfərləri davam edir. Bu günlərdə Bakıda keçirilən TEKNOFEST Festivalı Şuşa Bəyannaməsinin bir örnəyi kimi qardaş ölkələrin birgəliyinin, əməkdaşlığının nümunəsinə çevrildi. Müdafiə sənayesi sahəsində əməkdaşlıq davam etdirilir. Bu əməkdaşlıq özünü 44 günlük Vətən müharibəsində göstərdi. Türkiyə rəhbərliyinin, şəxsən, Prezident Rəcəb Tayyib Ərdoğanın prinsipial mövqeyi, üçüncü qüvvələrin müharibəyə müdaxiləsinin qarşısını aldı. Ümid edirəm ki, Şuşa Bəyannaməsi iki qardaş ölkənin birgə uğurlarında öz sözünü deyəcək”.

Bütün xəbərlər Facebook səhifəmizdə